| Xəbər 1000 dəfə oxunub
“Binə” ticarət mərkəzindəki yanğın söndürülüb-

"Binə" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasının həkimləri bildirib.

Qeyd olunur ki, xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar. Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.

***

Saat 01:54

Bakının Qaradağ rayonu ərazisində yerləşən "Binə" ticarət mərkəzində güclü yanğın başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

İlkin məlumata görə, yanğın ticarət mərkəzinin paltarlar satılan 3-cü sırasından başlayıb, alov burada bir neçə mağazanı bürüyüb və digər sıralara doğru irəliləyir.

Hadisə yerində FHN-in qərargahı yaradılıb. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

***

Fövqəladə Hallar Nazirliyi "Binə" ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-in "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Qaradağ Rayon Polis İdarəsinin rəisi və digər rəsmi şəxslər də hadisə yerinə gəlib.

Hazırda yanğın davam edir. Müşahidə olunan külək də alovun yayılmasına şərait yaradır. FHN-in ərazidə olan əməkdaşlarının bildirdiyinə görə, hadisəyə elektrik naqillərində yaranmış qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

***

“Binə” ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Cia.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 8 oktyabr 2019-ci il saat 00:41-də nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib.

Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

FHN "Binə" ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb - FOTO - YENİLƏNİB

"Binə" ticarət mərkəzindəki yanğın nəticəsində 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1