|
KOBİA sahibkarlar arasında biznes tərəfdaşlığını təşviq edir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mikro, kiçik və orta sahibkarlıq subyektləri arasında biznes tərəfdaşlığının inkişafı məqsədilə tərəfdaşlıq imkanları və faydaları ilə bağlı mütəmadi olaraq müxtəlif tədbirlər, təlim və seminarlar çərçivəsində sahibkarları məlumatlandırır.

Trend-in məlumatına görə, eyni zamanda Agentlik KOB-lara biznes tərəfdaşlığının tərkib hissəsi olan klasterləşmə, ölkəmizdə fəaliyyət göstərən və sahibkarlar üçün bir sıra güzəştlərin nəzərdə tutulduğu sənaye parkları və məhəllələrindən istifadə imkanları barədə informasiya və məsləhət xidmətləri göstərir.

Biznes tərəfdaşlığının təşviqi məqsədilə KOBİA-nın dəstəyi ilə növbəti belə təlim “Şərikli biznes” mövzusunda təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “Regionlarda kiçik və orta sahibkarlığın alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılması” layihəsi çərçivəsində keçirilən təlimdə dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Təlimdə sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, bu istiqamətdə bilik və bacarıqların artırılması üsulları, biznes tərəfdaşlığının inkişafı və KOB-ların rəqabət qabiliyyətinin artırılmasında rolu, şərikli biznesin qazandırdığı uğurlar, həmçinin uğursuzluğa səbəb ola biləcək amillər, ortaqlar arasında anlaşma sənədinin hazırlanması, onların üzərinə düşən vergi öhdəlikləri və bu kimi digər məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.