|
Prezident İlham Əliyevin möhürü və nidası!

Bu, Azərbaycanın haqlı mövqeyidir, Qarabağ məsələsinə nöqtəni də, nidanı da Azərbaycan dövləti qoyacaq

Azərbaycan prezidenti İlham Əliyev Rusiyada «Qarabağ-bu Azərbaycandır. Nida işarəsi» deyəndən bir neçə saat sonra başqa bir paytaxtda- «Qarabağ» klubu Avroliqanın 2-ci tur oyununa çıxmışdı. Oyuna sonda qayıdacağıq. Hələlik isə..

Prezident İlham Əliyevin erməni baş nazirin bir müddət əvvəl dediyi sərsəm bəyanatına bu cür qəti mövqe ilə «nida» qoymasının əlbəttə ki, «Qarabağ»ın oyunu ilə zamanlaşması sırf təsadüf idi. Prezidentin bu mövqeyi dərhal Azərbaycan saytlarının manşet xəbərinə çevrildi. Heç şübhə yoxdur ki, elə həmin dəqiqədən düşmən ölkədə də Azərbaycan dövlət başçısının sözlərinin təftişinə başlayacaqdılar...

İlham Əliyevin bu sözləri Paşinyandan fərqli olaraq, başıpozuq saqqallıların toplaşdığı işğal altındakı Xankəndindən xeyli uzaqda-amma Qarabağın yollarını da, tarixini də, ermənilərdən yaxşı bilən Rusiyada (Soçidə)- dünyanın maliyyə və siyasi elitasının, beyin mərkəzlərinin toplaşdığı tədbirdə səsləndirməsi isə əminəm ki, təsadüf ola bilməz.

İlham Əliyev dünyanın hansı qayğılarla, hansı problemlərlə, hansı əhvalda «yatıb-oyandığını» hələ hansı oyuna düşdüyünü tam anlamayan inqilabçı baş nazirdən yaxşı bildiyini də nümayiş etdirdi. Bu bəyanatın effekti onun həqiqət olmasında deyil. Məncə, bu bəyanatın ən ciddi önəmi verildiyi məkan və auditoriyadır.
Azərbaycanın dövlət başçısının erməni «nöqtə»sinə nida ilə cavabı bu məsələdə son sözün kimə aid olduğuna da açıq işarədir. Nida durğu işarəsi kimi hər dildə hiss-həyacan ifadə edir. İlham Əliyev siyasətdə və diplomatiyada emosiyalarını biruzə verməyən dövlət adamıdır. Nida həm də xəbərdarlıq, həyəcan ifadə edir. Danışlqlar erməni tərəfinin təxribatçı mövqeyi səbəbindən dayandırılıb. Prezidentin həm də vasitəçilərə-Azərbaycanın dostlarına da, bədxahlarına da verdiyi mesaja nida qoymasında bir xəbərdarlıq da olmamış deyil. Bu hələ də aprel zərbəsinin ağrısı ilə yaşayan Ermənistana, eləcə də həmsədr ölkələrə xəbərdarlıqdır. Bu, Azərbaycanın haqlı mövqeyidir, Qarabağ məsələsinə də nöqtəni də, nidanı da Azərbaycan dövləti qoyacaq. Bizim xalq kimi aldığımız mesaj da budur!

İndi gələk, «Qarabağ»ın lüksemburqlularla səfər oyununa. Lüksemburqa da, «Düdelanj»a da Qarabağ probleminin heç bir aidiyyəti yoxdur. Amma «Düdelanj» Avroliqanın qrup mərhələsinə düşmək üçün «Ararat»la iki oyun keçirmişdi və ermənilərin ilk dəfə Avroliqanın qrupuna düşmək arzisunu gözlərində qoymuşdu. Ermənilərin Azərbaycana qarşı düşmənçilikləri bir yana, həm də həsədləri var. Qarabağı işğal ediblər, amma «Qarabağ»kimi klubları yoxdur. Lüksemburqda dronla «dqr bayrağı» uçurmaq ancaq onların ağlına gələ bilərdi. Dünyanın ağıllı xalqları nə işlərlə məşğuldur, bu xəstə millət nəylə... «Qarabağ»ın meydanda belə təpki verəcəyini bildiklərindən bunu əvvəlcədən düşünüblər. Yenə özlərini rüsvay etdilər. Lüksemburqun idman naziri gəlib bu təxribata görə üzr istəməli oldu. «Qarabağ» da oyuna yaxşı nöqtə qoydu. Böyük hesabla qalib gəldi.

“Qarabağ” Lüksemburq çempionunu darmadağın edib - YENİLƏNİB-7

Reportajı aparan sonda prezidentin bir neçə saat əvvəl dediy sözlərin Azərbaycanda trendə çevrildiyini söylədi və təkrar etdi: «Qarabağ Azərbaycandır. Nida işarəsi…»

... Yaxşı bir günü geridə qoyduq. İlham Əliyevin möhür vurduğu sözlər və "Qarabağ"ın qələbəsi ilə!