|
Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyasında iştirak edəcək

2019-cu il 30 sentyabr – 9 oktyabr tarixlərində Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyası keçiriləcək. Beynəlxalq tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Agentlikdən Trend-ə bildirilib ki, builki sessiyanın gündəliyinə bir sıra beynəlxalq əhəmiyyətli məsələlər, ÜƏMT komitələrinin, o cümlədən ÜƏMT-nin rəhbər orqanları olan Əlaqələndirmə Komitəsinin və Proqram və Büdcə Komitəsinin hesabatları, həmçinin həmin komitələrin növbəti iki il müddətinə (oktyabr 2019 - oktyabr 2021) yeni üzvlərinin təsdiq edilməsi və digər məsələlər daxil edilmişdir.
Səfər çərçivəsində ölkəmizin nümayəndə heyətinin ÜƏMT-nin Baş direktoru Frensis Qarri ilə görüşü, eləcə də Azərbaycan nümayəndəsinin Baş Assambleyanın sessiyasında çıxışı nəzərdə tutulur.