| Xəbər 3078 dəfə oxunub
ETSN: Böyük Qafqazın yüksək dağlıq ərazilərinə qarın yağması normal hidrometeoroloji haldır

Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qarın yağma ehtimalının olması barədə proqnoz verilmişdi və bu dövrdə həmin ərazilərə qarın yağması normal hidrometeoroloji haldır.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu il sentybar ayında Böyük Qafqazın yüksək dağlıq ərazilərinə qarın yağması ilk dəfə müşahidə edilmir. Sentyabrın 8-də gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərində - Şahdağa sulu qar yağıb:

 

“Biz sentyabrın 8, 9 və 10-da gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qarın yağma ehtimalının olması barədə proqnoz vermişdik. Qax və Şəki rayonlarının özünə isə qar yağmayıb. Həmin ərazilərə yağış yağıb, hazırda çiskinli hava şəraiti müşahidə edilir, temperatur 14-16 dərəcə təşkil edir”.