| Xəbər 2900 dəfə oxunub
Kənd təsərrüfatında nə baş verir - təhlil

Bünövrə sağlamlaşdırılır, nəticəni isə...

Ötən ilin aprelində keçirilən prezident seçkilərindən sonra xeyli sayda nazirlik və komitələrin rəhbərləri dəyişdi. İlk dəfə olaraq Azərbaycanda hökumət kabinetinin tərkibində bu qədər böyük dəyişiklik baş verirdi. Yeni vəzifəyə təyin olunan şəxslərlə bağlı cəmiyyətdə rəylər müxtəlif oldu. Ən çox müzakirə olunan təyinatlardan biri ASAN-a rəhbərlik edən İnam Kərimovun kənd təsərrüfatı naziri postuna gətirilməsi idi: xeyli sayda insan sahə üzrə mütəxəssis olmayan birinin çox spesifik sahə olan aqrar sektorda hər hansı dəyişikliyə nail olacağını real saymırdılar...

Təyinatdan 16 ay keçib. Ötən müddətdə kənd təsərrüfatı sistemində baş verən proseslər göstərir ki, hər hansı bir sahədə pisliklərin qarşısını alıb, müsbət dönüş yaratmaq üçün heç də həmin sahə üzrə alim olmağa ehtiyac yoxdur. Yaxşı menecer-idarəçi ən məhdud şərtlər daxilində belə neqativliklərin qarşısını ala, müsbət prosesləri başlada bilir...

Baş verənlərə qısa nəzər yetirdikdə diqqəti cəlb edən ən mühüm məqam uzun illər boyu aqrar sektora dövlət dəstəyi sistemində kök salmış nəhəng korrupsiya mexanizminin sındırılmasıdır. Bu mexanizm dövlət dəstəyinin aqrar istehsalçıya çatdırıldığı iki kanalın hər ikisində oturuşmuşdü: kənd təsərrüfatı texnikasının, maşın və avadanlıqların, gübrələrin, cins heyvanların xaricdən alınıb gətirilərək istehsalçılara güzəştli şərtlərlə verilməsi; əkinə və məhsula, həmçinin motor yağları və yanacağa görə dövlətin kəndliyə verdiyi subsidiyanın çatdırılması. Hər iki istiqamətdə dövlət dəstəyi mexanizmi 2004-cü ildən tətbiq olunurdu və bu gün heç kim inkar edə bilməz ki, hər ikisində korrupsiya, mənimsəmə halları baş alıb gedirdi.

Texnika, maşın və avadanlıqların, gübrələrin, cins heyvanların alınıb gətirilərək istehsalçıya çatdırılması işini “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti həyata keçirirdi. Hansı ki, bu ASC uzun illər boyu korrupsiya, dövlət vəsaitlərinin talandığı əsas qurumlardan biri olub. Bu qurumda aparılan yoxlamalar bir qayda olaraq böyük mənimsəmə və qanunsuzluqların aşkarlanması ilə nəticələnib.

Rəsmi məlumatlara əsasən, “Aqrolizinq” 2005-2017-ci illərdə texnika, avadanlıq və mineral gübrələrin alınması üçün 1,5 milyard manatdan çox vəsait əldə edib. “Aqrolizinq” sistemindəki korrupsiya uzun illər boyu dövlətin aqrar sahəyə ayırdığı miyardlarla manat vəsaitin ünvanına çataraq sektorda inkişafla nəticələnməsinə imkan verməyib.

Üstəlik, yerli istehsalçılar xaricdən alınıb gətirilən ucuz və keyfiyyətsiz gübrələrə möhtac qoyulub - “Aqrolizinq”dən başqa heç kimə gübrə idxal etməyə imkan verilməyib.

Aqrar sahəyə dövlət dəstəyi mexanizminin digər istiqaməti olan subsidiyaların aqrar istehsalçılara çatdırılması sistemində də böyük həcmdə pozuntular vardı. Bu pozuntuları zaman-zaman ölkə prezidenti də öz çıxışlarında vurğulayıb. Məsələn, 2014-cü il fevralın 5-də regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı prezident bildirib ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan subsidiyaların ayrılmasında şəffaflıq gözlənilmir: “Subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir. Mən keçən dəfə də, bir il bundan əvvəl də bu barədə danışmışam, bu gün də məcburam bu barədə öz fikirlərimi bildirim. Burada biz şəffaflığa nail olmamışıq. Şəffaflıq təmin edilmir və burada oturanlar bilirlər şəffaflıq nəyə görə təmin edilmir. Bu mənim son xəbərdarlığımdır. Subsidiyanın verilməsində tam şəkildə nəzarət-uçot sistemi yaradılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə bu göstərişlər verilmişdir. Yerli icra orqanlarının nümayəndələri də burada öz müsbət rolunu oynamalıdırlar. Çünki bəzi hallarda subsidiyalar fermerlərə çatmır. Ona görə konkret təkliflər veriləcəkdir və yeni müvafiq sərəncam da imzalanacaqdır”.

Kənd təsərrüfatı ile ilgili görsel sonucu

Prezidenti Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr olunan iclasındakı çıxışında da aqrar sahəyə dövlət dəstəyi sistemindəki problemlərdən danışıb. Xüsusilə də subsidiyaların verilməsində və gübrələrin alınmasında yol verilən pozuntulardan danışan İ.Əliyev qeyd edib ki, subsidiyalar bəzən ünvanına çatdırılmayıb, yaxud da pərakəndə şəkildə verilib. Həmçinin ölkəyə keyfiyyətsiz kübrələr gətirilib ki, onların da kənd təsərrüfatına xeyrindən çox ziyanı dəyib: “Subsidiyalarla bağlı təkliflər imkan verəcək ki, bu sahədə də müsbətə doğru çox ciddi dönüş yaransın. Çünki subsidiyaların verilməsində də böyük pozuntular olmuşdur. Bəzi hallarda subsidiyalar ünvana çatmırdı, bəzi hallarda çox kortəbii şəkildə verilirdi. Dövlət tərəfindən güzəştli şərtlərlə alınması nəzərdə tutulan gübrələr də bir çox hallarda keyfiyyətsiz idi. İndi gübrə təminatında dövlət 70 faiz yükü öz üzərinə götürür. Amma bəzi hallarda keyfiyyətsiz, müddəti keçmiş gübrələr gətirilirdi və o, kənd təsərrüfatına xeyirdən çox ziyan verirdi. Digər pozuntular da olub. Ona görə bütün pozuntular aradan qaldırılmalıdır. Kənddə işləyən vətəndaş daim hiss etməlidir ki, dövlət hər zaman onun yanındadır.”

Kənd təsərrüfatı ile ilgili görsel sonucu

Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi ilk aylardan etibarən birinci sahənin - texnika, maşın və avadanlıqların aqrar istehsalçılara güzəştli satışı sisteminin şəffaflaşdırılması, buradakı korrupsiya piramidasının aradan qaldırılması üçün araşdırmalara başladı. İlin sonuna yaxın hazırlanan təkliflər əsasında bu sistemdə şəffaflıq yaradan, “Aqrolizinq”i prosesə rəhbərlikdən uzaqlaşdıran tamamilə yeni mexanizmin tətbiqinə başlandı: artıq kənd təsərrüfatı texnikasını, maşın və avadanlıqları, gübrələri, cins heyvanları ölkəyə kim istəsə gətirə və istehsalçıya satır. Satıcının kimliyindən asılı olmayaraq, gətirdiyi mal müəyyənləşdirilmiş keyfiyyət göstəricilərinə uyğundursa, alıcı onu dövlətin dəstəyi ilə əldə edə bilir.

Bu ilin iyul-avqustunda isə ikinci istiqamətdə - aqrar subsidiyaların istehsalçılara çatdırılması sahəsində mühüm dönüşə səbəb olacaq qaydalar hazırlanıb və gələn ilin yanvarından tətbiqinə başlanacaq. Yeni mexanizmin əsas üstünlüyü budur ki, subsidiyanı hansısa məmurlar deyil, müasir texnologiyalar hesablayacaq, istehsalçının kartına köçürəcək.

Kənd təsərrüfatı ile ilgili görsel sonucu

İntensiv genişlənməyə keçid

Kənd təsərrüfatında uzun illərdən bəri cəmiyyəti, mütəxəssisləri narahat edən əsas problemlərdən biri də ekstensiv genişlənmə idi: istehsal yalnız yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsi, heyvanların baş sayının artırılması hesabına genişlənirdi. İnkişaf etmiş ölkələrin böyük uğurla tətbiq etdiyi müasir intensiv üsullardan istifadə olunmurdu. Nəticədə əkinlər məcburi qaydada genişləndirilir, insanların uğurla heyvandarlığı inkişaf etdirdiyi ərazilər iqlim şəraitinə, suvarma imkanlarına uyğun olmayan bitkilərin əkini altına verilirdi. Ötən ildən etibarən bu sahədə də ciddi dönüş başlayıb. İlk addım pambıqçılıqla bağlı atılıb - 2018-ci ildə 132 min hektar olan əkinlər bu il 100 minə endirilib, pambıqçılıq üçün əlverişli iqlim və torpaq imkanlarına malik rayonlar müəyyənləşdirilib.

Bu sahədə daha mühüm bir addım yeni subsidiyalaşma qaydalarıdır. Qaydalarda hər bitki üzrə konkret rayonlar müəyyənləşdirilib - dövlət dəstəyi yalnız həmin rayonlarda yetişdirilən bitki üçün veriləcək. Eyni zamanda yeni qaydalar intensiv becərmə, əkin üsullarından istifadə edənləri stimullaşdırır. Bundan əlavə, strateji məhsul olan buğda istehsalında keyfiyyəti yüksəltmək məqsədilə yalnız sertifikatlaşdırılmış toxumdan istifadə edən istehsalçılara dövlət subsidiyasının verilməsi qərara alınıb. Heyvandarlıqda isə cins heyvanlardan alınan toxumla süni mayalanmadan əldə olunan buzova görə subsidiya ödənilir.

Kənd təsərrüfatı ile ilgili görsel sonucu

Dövlətin aqrar sahəyə daha bir dəstək mexanizmi - aqrar sığorta sistemi də gələn ildən etibarən işləməyə başlayacaq. Aqrar istehsalçıların maliyyə resurslarına çıxış imkanlarını qat-qat artıracaq bu mezanizm dövlət-özəl əməkdaşlığını nəzərdə tutur.

Nəhayət, aqrar sektorda diqqəti cəlb edən daha bir mühüm proses kooperativlərin yaradılmasına başlanması, bu prosesin ciddi güzəştlərlə stimullaşdırılmasıdır. Kənd təsərrüfatı yüksək inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bölünmüş və xırda təsərrüfatlarla bu sahədə irəliləyiş əldə etmək mümkün deyil. Azərbaycanda “Kənd təsərrüfatı kooperasiyaları haqqında” Qanun 5 ilə yaxındır qəbul olunsa da, tətbiqi ilə bağlı problemlər qalırdı. Artıq bu sahədə də ciddi addımlar atılmaqdadır.

Kənd təsərrüfatı ile ilgili görsel sonucu

Hansı problemlər qalır?

Əlbəttə, 16 ayda aqrar sektorun bütün problemlərinin həll olunduğunu söyləmək mümkün deyil. Bu sahəyə rəhbərlik edən komandanın qarşısında bir sıra ciddi və həllini gözləyən məsələlər durur. Bunlardan biri xırda və orta istehsalçıların məhsullarının bazarlara çıxarılması məsələsidir: kəndlinin, fermerin məhsulu yerində az qala maya dəyərinə alınır, ölkə xaricində, yaxud Bakıda dəfələrlə bahasına satılır. Bu isə istehsalçıların gəlirinin azalmasına, onların ruhdan düşməsinə, ən əsası isə narazılığa səbəb olur. Düzdür, pambıq, tütün, şəkər çuğunduru və sair bitkilər üzrə emal müəssisələr tərəfindən zəmanətli alış sistemi tətbiq olunur. Lakin bir sıra məhsullar var ki, belə sistem olmadığı üçün fermerlər məhsulunu satmaqda ciddi çətinliklərlə üzləşirlər. Məsələn, bu il Azərbaycanda bol üzüm yetişib, amma istehsalçılar məhsullarını uyğun qiymətə reallaşdırmaqda çətinlik çəkirlər. Elə pomidorla bağlı da eyni vəziyyət yaranıb. Emal müəssisələri çox aşağı qiymət müəyyənləşdiriblər: Məsələn, Xaçmazda pomidorun 30 kiloqramlıq yeşiyini 4 manata - 1 kq=13 qəpik qəbul edirlər. Halbuki Bakıda pomidorun kiloqramı 50-60 qəpiyədir.

KTN Aqrar Tədarük və Təchizat ASC vasitəsilə istehsalçılar üçün alternativ alıcı qismində çıxış edə, yaxud kütləvi yetişdirilən məhsulların Bakı, Sumqayıt kimi şəhərlərin bazarlarına çatdırılması üçün işlək mexanizm tətbiq edə bilər.

Aqrar sahə ilə bağlı digər problemli məsələ “Aqrolizinq”in yerli şöbələrində olan texnikadan istifadə imkanlarının məhdudluğudur. Yerli icra strukturlarının nəzarətində olan bu şöbələrin texnikası bir çox hallarda xırda istehsalçılar üçün əlçatmaz olur. Düzdür, taxıl, pambıq biçini ilə bağlı bu proses təkmilləşdirilib, amma digər btikilər üzrə əkin, səpin və aqrotexniki qulluqla bağlı problemlər qalmaqdadır.

Son olaraq qeyd edək ki, aqrar sektorda tətbiqinə başlanan yeni mexanizmlərin, qaydaların ideal olacağını, hər şeyin bir anda dəyişəcəyini gözləmirik. İlkin mərhələlərdə çətinliklərin olacağı, müəyyən problemlərin yaşanacağı çox realdır. Bu baxımdan, yeni nazir İ.Kərimov və onun komandasının işi ASAN olmayacaq. SAĞLAM bünövrə qoymağa çalışan komandanın nə qədər uğur qazanacağını, eyni zamanda aqrar sektorda başladılan proseslərin effektivliyini yəqin ki, ən tezi 3-4 ildən sonra qiymətləndirə biləcəyik...