|
Kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq

Qurban bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı Şəhər Baytarlıq İdarəsinin şöbə müdiri Rafiq Allahverdiyev deyib.

O qeyd edib ki, dövlət qurumları tərəfindən adətən Qurban bayramı ərəfəsində yaradılan məntəqələrdə təmizlik və dezinfeksiya işləri aparılır:

“Bu xidmətlər istər bayram günlərində, istərsə də digər günlərdə ödənişsizdir. Məqsədimiz hər hansı infeksion xəstəliklərin keçiciliyinin qarşısını almaqdır. Bayram günlərindən sonra çadırtipli kəsim məntəqələri yığışdırılanda yenidən təmizlik işləri aparılacaq”.

R.Abdullayev əlavə edib ki, göstərilən xidmət fərdi qaydada müraciət edən vətəndaşlar üçün ödənişlidir:

“Əgər vətəndaş fərdi şəkildə dezinfeksiya işləri ilə bağlı bizə müraciət edirsə, bu zaman əvvəlcədən təyin edilmiş dövlət rüsumu ödəməlidir. Dezinfeksiya işləri bir kvadrat metrə görə 0,06 qəpikdən hesablanır”.