| Xəbər 1287 dəfə oxunub
Bakı və Kremlə qarşı hiyləgər taktika - Azərbaycan hücuma keçsə...

Paşinyanın “miatsum” təxribatının arxasındakı məkrli hədəf; Ermənistan öz ağasını dəyişmək istəyir - iki paytaxta mühüm siqnal; erməni KİV-i: “ABŞ regionda Azərbaycanı seçir, bizə maliyyə yardımları kəsilə bilər...”

 

Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Xankəndində verdiyi son təxribatçı bəyanat, “miatsum” (“birləşmə”) sərsəmləməsi, deyəsən, heç Ermənistanın özündə də məmnunluqla qarşılanmayıb. Ona görə yox ki, ermənilər bu mənfur ideyadan əl çəkməyə başlayıblar. Əsla. Ona görə ki, həmin açıqlama hər şeyin bitdiyini simvolizə edən böyük sülhün yox, müharibənin qoxusunu verir, Azərbaycanın əlinə işləyir. Dinc danışıqlar üçün faktiki, şans saxlamır. Eyni zamanda dünyanın gözündə Ermənistanı müharibə tərəfdarı kimi önə çıxarır.

“Paşinyanın Qarabağdakı bəyanatlarından Azərbaycan İrəvana qarşı istifadə edəcək”. Bunu erməni mediasına açıqlamasında politoloq Qrant Məlik Şahnəzəryan deyib (Axar.az).

“Mən Azərbaycanın bu açıqlamadan erməni tərəfini danışıqlar prosesini bitirməkdə ittiham etmək üçün istifadə edəcəyinə şübhə etmirəm. Azərbaycan hər şeyi edəcək ki, bu bəyanatlardan beynəlxalq meydanlarda, o cümlədən Minsk Qrupunda yararlansın. Məni mümkün təzyiqlər yox, daha çox edilən məsuliyyətsiz bəyanatlar narahat edir. Nikol Paşinyanın hazırkı bəyanatları onun keçən il Qarabağın danışıqlar prosesində müstəqil iştirak etməsi kimi açıqlamalarını sual altında qoyur. Bu gün o, ictimaiyyətə heç bir izahat vermədən tamam əks mövqedə dayanır”, - Şahnəzəryan narahatlıqla bildirib.

*****

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun məsələyə özünəməxsus baxışı var. Eks-diplomat hesab edir ki, Paşinyanın Xankəndində dedikləri çox vacib bəyanatdır və bununla danışıqlar prosesi çox kobud şəkildə pozulub, sülh danışıqları üçün heç bir əsas qalmayıb: “Təəssüf ki, Ermənistan rəhbərliyi öz siyasəti ilə iki ölkəni müharibəyə aparır. İndi müharibənin heç bir alternativi yoxdur, ona görə ki, Azərbaycan dövləti və ictimaiyyəti çoxdan başa düşüb ki, Ermənistan tərəfi danışıqlar yolu ilə torpaqları qaytarmaq niyyətində deyil. Bir məsələni də xüsusi qeyd edir ki, artıq Ermənistanın xaricdə olan havadarları da danışıqların imitasiyasını bundan sonra apara bilməyəcəklər. Biz çoxdan bu prosesə inanmırdıq. Artıq nəinki danışıqların özünə, onların imitasiyasına belə əsas yoxdur”.

Keçmiş diplomatın fikrincə, Paşinyan əslində Qarabağda yeni hərbi əməliyyatların başlamasında və bundan öz planlarının icrası üçün istifadə etməkdə maraqlıdır: “O, yaxşı başa düşür ki, Putin onu tərəfdaş kimi qəbul etmir. Bunun əksinə olaraq müxalifətdə olan liderləri Rusiya açıq şəkildə dəstəkləyir. Köçəryanla bağlı məsələni yada salmaq olar. Ona görə də Paşinyanda müharibə olacağı təqdirdə Rusiyanın onlara kömək edib-etməyəcəyi ilə bağlı ciddi şübhələr yaranır. Digər tərəfdən, Paşinyan Qərbin də onu qəbul etmədiyini görür. Qərbin yeganə şərti onun Rusiyanın himayəsindən çıxıb, özünə doğru yönəlməsindən ibarətdir. Yalnız bundan sonra onlar Ermənistana hansısa maddi kömək edəcəklər. Bu baxımdan sıxılmış vəziyyətdə qalan Paşinyan istəyir ki, hərbi əməliyyatlar bərpa olunsun və nəticədən asılı olmayaraq, o, Rusiyanın İrəvanı satdığını və bütün ermənilərin Qərbə tərəf getməsi gərəkdiyini bəyan edəcək. Bununla o, iki məqsədinə nail ola bilər: ilk olaraq erməni baş nazir Rusiyanın təsirindən çıxıb, Qərbə yön almaq siyasətini aktiv şəkildə gerçəkləşdirəcək, digər yandan isə daxildəki rusiyayönlü müxalifəti satqınçılıqda ittiham edə biləcək”.

Paşinyan xankəndidə ile ilgili görsel sonucu

Politoloqa görə, N.Paşinyan son bəyanatlarla Azərbaycanı savaşa təhrik edir və məqsədi hərbi əməliyyatlarla Rusiyadan Qərbə siyasi dönüşü təmin etməkdir.

*****

Son günlər düşmən ölkənin siyasi və ekspert çevrələrində yaşanan təlaşın bir səbəbi də elə Azərbaycanla ABŞ, Avropa Birliyi (AB) arasında strateji bağların artması, ölkəmizin Qərb üçün daha vazkeçilməz bir dövlətə çevrilməsi, buna uyğun Azərbaycana ABŞ maliyyə yarımının artırılması, Ermənistanın önəminin, İrəvana maliyyə dəstəyinin isə daha da azalması ilə ilgilidir. Heç şübhəsiz, AB ilə Azərbaycan arasında bu il imzalanması gözlənilən ikitərəfli anlaşma sənədi və gələn ildən Azərbaycan qazını Avropaya çatdıracaq və inşası tamamlanmaq üzrə olan Cənub Qaz Dəhlizi yaxınlaşmanı daha güclü və etibarlı edəcək.

usa azerbaijan ile ilgili görsel sonucu

“Bu gün bölgədə ABŞ-ın maraqları daha çox Azərbaycanın maraqları ilə üst-üstə düşür, nəinki Ermənistanınkı ilə. Azərbaycan həm də Birləşmiş Ştatların müttəfiqi İsraillə strateji tərəfdaşlığa malikdir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Tert.am erməni portalındakı analitik məqalədə deyilir. Qeyd  olunur ki, Ermənistan ABŞ-la qarşıdurmada olan ölkələrlə (Rusiya, İran) sıx əməkdaşlığa malikdir: “Azərbaycan həmçinin ABŞ üçün Əfqanıstana gedən yolda mühüm tranzit ölkədir. Odur ki, ABŞ Azərbaycana yardımları artırır, Ermənistana isə azaldır. Ona görə də biz öz sözlərimizdə və açıqlamalarımızda ehtiyatlı olmalıyıq. Belə bir illüziyadan da qurtulmaq lazımdır ki, guya bizdəki demokratik islahatlar dünyada rəğbət yarada bilər. Bundansa qarşılıqlı faydalı əməkdaşlığın konkret proqramlarını işləmək vacibdir. Əgər hökumətin belə proqramları yoxdursa, o zaman, sadəcə, müdrik olmaq və heç olmasa, mövcud əlaqələrə ziyan vurmamaq lazımdır. Əks halda, Amerika tərəfdən dəstək nəinki azalmaqda davam edəcək, o, hətta tamamilə kəsilə bilər”.

*****

Yuxarıdakı şərhlərdən gəlinən ilkin qənaət belədir ki, artıq Paşinyan hökuməti xarici siyasətdə “iki stul” taktikasının perspektivsizliyini anlamağa başlayıb və bu siyasətə məhz “Qarabağ kartı” hesabına, Qərbin xeyrinə düzəliş eləmək niyyətindədir. Başqa sözlə desək, Ermənistan öz ağasını dəyişmək, lakin bu zaman Qarabağ məsələsində daha etibarlı dayaq-müttəfiq qazanmaq niyyəti güdür.

Nikol Paşinyan buna nə dərəcədə nail olacaq, onu zaman göstərəcək. İstənilən halda, bu, ən əvvəl Azərbaycana, ciddi siqnaldır ki, ermənilərin bu məkrli taktikasının milli maraqlarımıza vəd etdiyi mümkün neqativləri vaxtında neytrallaşdıraq. Üstəlik, Qarabağ məsələsində daha əlverişli mövqeyə çıxa bilək - həm diplomatik müstəvidə, həm də təbii ki, hərb meydanında...