|
Paşinyan “miatsum” bəyanatı ilə Ermənistanı pat vəziyyətinə saldı

İrəvan baş nazirin mövqeyinə düzəliş etməyə çalışdı; erməni ekspertlər “Nikol Paşinyanın Qarabağdakı bəyanatlarından Azərbaycan İrəvana qarşı istifadə edəcək” deyirlər; rəsmi Bakıdan Ermənistan XİN-in təkzibinə cavab gəldi

Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Azərbaycan ərazilərində səsləndirdiyi iddialara rəsmi Bakının sərt reaksiyası və bundan sonra baş verəcək hadisələrə görə İrəvanın məsuliyyət daşıyacağı barədə xəbərdarlığı, deyəsən, düşmən tərəfi narahat edib. Hər halda, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Paşinyana bəraət qazandırmağa yönəlik son açıqlaması da bunu təsdiqləyir.

İrəvan iddia edir ki, baş nazirin fikirləri kontekstdən çıxarılıb və guya Ermənistan, sadəcə, Dağlıq Qarabağın təhlükəsizliyinə qarant rolunu oynayır. Amma fakt budur ki, N.Paşinyan “Dağlıq Qarabağ (əslində ”artsax" demişdi-red.) Ermənistandır. Nöqtə" deməklə faktiki olaraq xəstə “miatsum” xülyasını dəstəkləyərək,  danışıqların üzərindən qara xətt çəkmiş oldu. Azərbaycanın Prezident Administrasiyası, XİN-i və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyi bəyanatlarında Ermənistanın hökumət başçısının savaşı tətikləyən mövqeyini kəskin tənqid etməklə yanaşı, beynəlxalq aləmi real durumla bağlı xəbərdar etməyə çalışdılar. Görünür, Paşinyan geri dönəndən sonra bəyanatlarının “barıt”ını çox elədiyinin fərqində olub və təcili düzəliş etməyə qərar verib. Yeri gəlmişkən, N.Paşinyan hakimiyyətinin ilk günlərində onunla bağlı fərqli yanaşmalar var idi. Hesab olunurdu ki, Sərkisyan-Köçəryan cütlüyündən fərqli olaraq, Nikol müharibə partiyasının üzvü olmadığı üçün konstruktiv mövqe tutacaq və danışıqlarda effektli nəticənin əldə olunmasına səy göstərəcək. Ancaq yeni hökumət başçısının mövqeyi bir çox hallarda radikallıq baxımından sələflərindən çox uzağa getdi.

Maraqlı bir məqamı da vurğulayaq: Ermənistanın baş nazirinin Dağlıq Qarabağda səsləndirdiyi populist bəyanatlar ermənilərin özləri tərəfindən də qeyri-ciddi mövqe kimi qiymətləndirilib. Erməni mediası Paşinyanın Xankəndindəki çıxışını “utopiya və surrealizm” adlandırıb.  Paşinyanın “2050-ci ilə qədər biz növbəti problemlərimizin həllinə nail olmalıyıq. Ermənistan əhalisinin sayını 5 milyon nəfərə çatdırmalı, 1,5 milyon  iş yeri açmalı, 2,5 milyon məşğulluq məsələsini həll etməli və yoxsulluğu  aradan qaldırmalı, Ermənistanı sənaye ölkəsinə çevirməli, ümumdaxili məhsulu 15 dəfə artırmalı, ermənilərin dəyəri 10 milyard dollara və  işçi startapları on minlərə yüksələn ən azı beş  texnologiya şirkətinə malik olmalı, ordu döyüş hazırlığına görə  dünyanın  iyirmi lideri arasında yer tutmalıdır”, sözləri gülüşlə qarşılanıb. Amma təəssüflər olsun ki, bu gün Azərbaycan Qarabağ məsələsi ilə bağlı məhz bu cür qeyri-ciddi, ziddiyyətlərlə dolu şəxslə danışıqlar aparmalı olur. Onun son mövqeyi isə danışıqların perspektivini sual altında qoyub. 

Hətta əcnəbi ekspertlər də Paşinyanın təxribata əl atdığı qənaətindədir. “Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa baş çəkməsi sırf təxribat mahiyyəti daşıyaraq beynəlxalq hüquq normalarının tapdalanması deməkdir”. Bunu “Report”a amerikalı politoloq, Viskonsindəki Markett Universitetinin professoru Piter Teys N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazisində keçirdikləri “panerməni oyunları”nın açılışında iştirakını şərh edərkən deyib. Paşinyanın bu addımını “Ermənistanın faşist rəhbərliyi” tərəfindən Azərbaycana qarşı aparılan psixoloji müharibənin bir hissəsi olaraq dəyərləndirən ekspert Ermənistan hökuməti başçısının bununla beynəlxalq birliyi də, erməni xalqının üzləşdiyi iqtisadi və sosial problemləri də qulağardına vurduğu qənaətindədir. “Gördüyümə görə, Ermənistan diplomatiyası ilə Azərbaycan xalqının doğma yurd-yuvalarına, Ermənistan hərbi qüvvələrindən azad olunaraq doğma torpaqlarına qayıtmaq arzusuna məhəl qoymayaraq hazırkı status-kvonu saxlamaq üçün əlindən gələni edir”, - amerikalı politoloq diqqətə çatdırıb. O fikrini belə tamamlayıb: “Beynəlxalq birlik baş verənlərə müvafiq qiymət vermədikcə Azərbaycan torpaqları da Ermənistan hərbi qüvvələri tərəfindən işğal altında saxlanılır. Azərbaycanın suveren torpaqlarına Ermənistanın ordu yeritməsi dünya tarixinin ən azğın əməllərindən biridir”.

Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, o, heç vaxt hər hansı erməni siyasətçisinə “ümid var idi” deməyib: “Çünki onların hamısı Qarabağ məsələsində bir mövqe sərgiləyiblər, 1988-dən bəri belə olub. Onların məqsədi Dağlıq Qarabağı Ermənistana birləşdirməkdir. Biz bilməliyik, bu məsələ güc yolu ilə həll olunacaq. Azərbaycanın güclü olmaq məcburiyyəti var. Əks təqdirdə, torpaqları verəcəyik. Həm də bu məsələni çox uzatmaq olmaz. Uzandıqca Qarabağ da bizdən uzaqlaşır". Q.Çaxmaqlı hesab edir ki, Paşinyanın sonuncu mövqeyindən sonra Bakı bu danışıqlara getməməlidir: “Azərbaycan XİN nəhayət ciddi bir bəyanat verməlidir. Paşinyanın Qarabağı ”Ermənistan" elan etməsindən sonra hansı danışıqdan söhbət gedə bilər?! Paşinyanın həyasızlığı ilə bağlı verilən dişsiz açıqlamalarımız əslində erməni tərəfinin ürəyincə oldu və onlar bundan sonra üstümüzə gələcəklər".

Ermənistan XİN-in Paşinyanın çıxışına “düzəliş” etmək cəhdinə gəldikdə, politoloq dedi ki, bu da başqa bir erməni həyasızlığıdır: “İllərdir ki, bu arqumentdən, yəni Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi üçün Ermənistanın qarant olmasından bəhs edirlər. Birləşməni də bununla əlaqələndirirlər. Bu mövqedə manevr etmək imkanları da genişdir. Azərbaycanın hər hansı hərbi müdaxiləsi zamanı Paşinyan Dağlıq Qarabağı Ermənistana birləşdirmək istiqamətində addım ata bilər. Guya ki, bununla xalqın təhlükəsizliyini təmin edir. O zaman artıq Qarabağın taleyi ayrı bir məcraya düşəcək”.

 “Paşinyanın Xankəndindəki son bəyanatı daxili siyasətə yox, daha çox xarici auditoriyaya aiddir. Onun məqsədi Azərbaycanın bu və ya digər formada reaksiyasını öyrənməkdən ibarətdir. Paşinyanın əsas niyyəti odur ki, hərbi əməliyyatları bərpa edib öz məqsədlərinə nail olsun. Hesab edirəm ki, bu bəyanatın əsas ünvanı məhz Azərbaycandır”. Bu sözləri isə keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) ile ilgili görsel sonucu

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti Ermənistan XİN-in “düzəliş” xarakterli bəyanatına münasibət bildirib. Musavat.com-un xəbərinə görə, XİN-in şərhində deyilir: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinə qanunsuz səfəri zamanı səsləndirdiyi təxribatçı fikirlərinə münasibətdə qəti mövqeyimizin əks olunduğu 6 avqust tarixli bəyanatına Ermənistan Xarici İşlər Nazirliyinin kifayət qədər xaotik və məntiqi izahı olmayan cavabı diqqətimizi cəlb etdi. Hesab edirik ki, Azərbaycana qarşı silahlı təcavüz həyata keçirərək ölkəmizin Dağlıq Qarabağ və ətraf bölgələrini qanunsuz güc tətbiqi ilə işğal edən, bu ərazilərdəki azərbaycanlı əhaliyə qarşı tam etnik təmizləməni həyata keçirən və Xocalı şəhərində soyqırım aktı törədən Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanı sivil normalara və ədəb-ərkana riayət etməməkdə, habelə dözümsüzlükdə ittiham edə biləcək subyektlər sırasında ən sonuncudur. Üstəlik, Ermənistan XİN-i Azərbaycan hökumətini N.Paşınyanın Xankəndidə Ermənistan, Qarabağ və diaspor üçün ”birlik, həmrəylik, inkişaf və tərəqqi" mövzusunda etdiyi çıxışının mahiyyətini və məzmununu başa düşməməkdə inandırmağa çalışır. Bu ölkənin baş nazirinin arxasınca, “nəcib niyyətini” oxşar və yöndəmsiz şəkildə izah edən Ermənistan XİN, faktiki olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə münasibətdə rəsmi Ermənistan tərəfindən anneksiya siyasətinin aparıldığını etiraf edir". XİN bəyan edib ki, Ermənistan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin məntiqinə xələl gətirən belə bir qeyri-adekvat yanaşmanı nümayiş etdirməsi regional gərginliyə səbəb olur və bunun məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür: “Ermənistan XİN-in başa düşməkdə çətinlik çəkdiyi, Azərbaycan Xarici İşlər Nazirliyinin 6 avqust tarixli və kifayət qədər aydın yazılmış bəyanatında məhz bu sözlər qeyd edilir”.

Erməni ekspertlər də N.Paşinyanın Xankəndində ciddi yanlışlığa yol verdiyinin fərqindədir. “Nikol Paşinyanın Qarabağdakı bəyanatlarından Azərbaycan İrəvana qarşı istifadə edəcək”.

Qrant Malik Şahnazaryan ile ilgili görsel sonucu

Axar.az verir ki, bunu ”Tert.am"a açıqlamasında erməni politoloq Qrant Məlik Şahnəzəryan deyib. “Mən Azərbaycanın bundan erməni tərəfini danışıqlar prosesini bitirməkdə ittiham etmək üçün istifadə edəcəyindən şübhə etmirəm. Azərbaycan hər şeyi edəcək ki, bu bəyanatlardan beynəlxalq meydanlarda, o cümlədən Minsk Qrupunda istifadə etsin. Məni mümkün təzyiqlər yox, daha çox edilən məsuliyyətsiz bəyanatlar narahat edir. Paşinyanın hazırkı bəyanatları onun keçən il Qarabağın danışıqlar prosesində müstəqil iştirak etməsi kimi açıqlamalarını sual altında qoyur. Bu gün o, ictimaiyyətə heç bir izahat vermədən tamam əks mövqedə dayanır”, - Şahnəzəryan bildirib.

“Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən ”Pan-erməni oyunları" ilə bağlı qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına gələnlər Xarici İşlər Nazirliyi tərəfindən “qara siyahı”ya salına bilər". “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev deyib. T.Gəncəliyev deyib ki, Paşinyan Ermənistanda hakimiyyətə gələndə özünü demokrat şəxs kimi təqdim edirdi: “Amma artıq o, özünü səsləndirdiyi fikirləri ilə təcavüzkar siyasətçi kimi tanıtdı”.

N.Paşinyan son addımı ilə Azərbaycana bütün istiqamətlərdən hücuma keçmək imkanı verib, özünü isə arqumentsiz qoyub. İrəvanın narahatlığı əbəs deyil...