| Xəbər 1654 dəfə oxunub
Nazir müavini: Öz fənlərini kifayət qədər yaxşı bilməyən müəllimlər bu gün də təhsil sistemində çalışırlar

Müəllimlərin diasqnostik qiymətlədirməsinin nəticəsi əsasında məlum oldu ki, təhsil sahəsində öz ixtisas fənlərini kifayət qədər yaxşı bilməyən insanlar var. Sayı çox olmasa da belə müəllimlər bu gün də sistemdə çalışırlar.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllimlərin işə qəbulu prosesini izləmək üçün dəvət edilən media tur iştirakçıları ilə görüşdə deyib.

Sağlamlıq imkanları əmək fəaliyyətini davam etdirməyə yol verən 65 yaşlı müəllimlərlə əmək müqaviləsinə xitam verilməsinin səbəblərinə də aydınlıq gətirən nazir müavininin sözlərinə görə, çalışma müddəti 65 yaşda başa çatan işçilərlə müqaviləyə xitam verilərkən nəzərə alınan amillərdən biri həmin məktəbdəki ümumi dərs saatlarının sayıdır:

“Vaxtilə işəgötürənlərin məsuliyyətsizliyi, sui-istifadə hallarına yol verməsi nəticəsində lazım olmayan əlavə işçilər işə götürülüb. Bu hal rayon, kənd məktəblərində xüsusilə məşhur idi. Bu gün görürsən ki, məktəbdə fənn üzrə cəmi 15 dərs saatı var, amma 3 müəllim işləyir. Elə məktəblər var ki, orada 18 ibtidai sinif, 26 ibtidai sinif müəllimi var. Təbii ki, həmin məktəblərdə optimallaşdırma aparmaq üçün yollardan biri çalışma müddəti başa çatan işçinin əmək müqaviləsinə xitam verməkdir. Çünki digər halda bu məktəbdə dərs saatını tənzimləmək mümkün deyil. Həmin dərs saatının da tənzimlənməsi zamanı nəzərə alınan amillərdən biri müəllimin diaqnostik qiymətləndirməsinin nəticəsidir. Məktəbdə dərs saatı azdırsa, müəllimin də diaqnostik qiymətləndirmə nəticəsi zəifdirsə, artıq o müəllimi məktəbdə saxlamaq üçün heç bir əsas yoxdur”.

 

M.Vəliyeva əlavə edib ki, əgər müəllimin dərs saatı çoxdursa, sağlamlığı imkan verirsə və onun dövlət təltifləri varsa, əmək müqaviləsinə xitam verilmə zamanı istisnalara yol verilir.

Nazir müavini qeyd edib ki, 65 yaşı tamam olan ibtidai sinif müəllimləri ilə əmək müqaviləsinə xitam verilmə zamanı da istisnalar var: “Əgər ibtidai sinif müəllimi 64 yaşında 1-ci sinfi götürübsə, demək o, 68 yaşında ibtidai sinfi təhvil verməlidir. Biz burada varisliyi gözləmək üçün həmin müəllimlərlə müqavilənin müddətini uzadırıq. Müəllim sinfi təhvil verməyənə qədər onunla əmək müqaviləsinə xitam verilmir. Amma bu, bütün fənn müəllimlərinə şamil edilmir. O yerdə ki kadr çatışmazlığı var, orada nə yaşa, nə də bala baxılır”.