| Xəbər 388 dəfə oxunub
Generalların Bakı görüşündə İran mövzusu

Xəbər verdiyimiz kimi, iyulun 10-da Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uolters arasında görüş keçirilib. Görüş haqqında Rusiya və Qərb mətbuatında yayılan qısa məlumatda qeyd olunur ki, tərəflər Rusiya ilə NATO məkanının təmas xətti boyu xoşagəlməz hadisələrin qarşısını almaq və ekspertlər səviyyəsində dialoq perspektivlərini müzakirə ediblər.

Bununla yanaşı, Avropada və dünyada təhlükəsizlik məsələlərinə, terrorçuluq və dəniz quldurluğu ilə mübarizəyə, Əfqanıstanda, Suriyada vəziyyətə dair fikir mübadiləsi aparıldığı bildirilir. Rusiya baş qərargah rəisi Gerasimov NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunun artdığını deyərək bunun gərginliyi azaltmağa şərait yaratmadığını diqqətə çatdırıb. Bundan əlavə, tərəflər 2019-cu ildə planlaşdırılan əməliyyat təlimləri barədə bir-birilərini məlumatlandırıblar.

Xatırladaq ki, bu, Rusiya və NATO hərbi komandanlarının Azərbaycan paytaxtında ilk görüşü deyil. Bundan əvvəl 2017-ci ilin fevralında Valeri Gerasimov ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Cozef Danfordla görüşüb. Bundan sonra həmin il sentyabrın 7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin sədri Petr Pavellə Bakıda görüş keçirib. 2018-ci il aprelin 19-da Valeri Gerasimov Azərbaycan paytaxtında NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının baş komandanı Kertis Skaparotti ilə görüşüb.

Əlbəttə, hazırda aralarında gərgin münasibətlərin hökm sürdüyü Rusiya və ABŞ, eləcə də NATO generallarının Bakıda görüşməsi bir mənada Bakının neytral, tərəfsiz bölgə kimi qəbul olunması anlamına gəlir. Bilindiyi kimi, hazırda NATO və Rusiya bütövlükdə Şərqi Avropada, eləcə də konkret olaraq Ukrayna və Suriyada qarşı-qarşıya dayanan cəbhələri dəstəkləyir. Bu mənada dövlətlərin ordularının bir-birini məlumatlandırması, eləcə də kəşfiyyat və təlim xəbərdarlığı kimi taktiki əməkdaşlıq mövcuddur.

Ancaq indi bilindiyi kimi, İran ətrafında gərginlik yüksəlib. Hər kəsə aydındır ki, İranın həm Yaxın Şərqdə, həm də, ümumiyyətlə, əsas müttəfiqi Rusiyadır. İrana qarşı beynəlxalq birlik tərəfindən bir çox sanksiyaların qəbuluna məhz Moskva mane olur. Eyni zamanda hazırda Tehran və Moskva Suriya, İraq kimi ölkələrlə yaxından əməkdaşlıq edir. Hazırda İran ətrafında gərginliyin yüksəldiyi bir vaxtda Rusiya baş qərargah rəisinin NATO generalı ilə görüşməsi istər-istəməz İran məsələsini də yada salır. Bakıda görüşən generallar İran mövzusunu müzakirə edibmi?

Politoloq Toğrul İsmayıl ile ilgili görsel sonucu

Politoloq Toğrul İsmayıl generalların Bakıda görüşünü təsadüf saymır: “Ümumiyyətlə, belə görüşlərdə təsadüf olmur. Əlbəttə, bu ilk görüş deyil, zaman-zaman bu iki dövlət, eləcə də NATO və Rusiya ordu komandanlığı arasında müəyyən mövzularda danışıqlar, müzakirələr olur. Ancaq indi bilindiyi kimi, regionda hərbi-siyasi vəziyyət həddən artıq gərgindir. ABŞ və İran arasında gərginlik yüksək səviyyəyə çatıb. Bu mənada indiki vaxtda generalların Bakıda görüşünün əsas mövzularından biri də İran olub. Təbii ki, Azərbaycan kritik bir bölgədə yerləşir. Eyni zamanda İrana qarşı mümkün əməliyyatlar zamanı ABŞ Azərbaycan ərazisindən də istifadə etmək istəyə bilər. Rusiya üçün də Azərbaycan indi çox mühüm əhəmiyyət kəsb edir. Bu mənada Bakıda keçirilən danışıqlarda İran ətrafında vəziyyət, mümkün müharibə ehtimallarının da danışılması realdır”.