| Xəbər 768 dəfə oxunub
Mübariz Qurbanlı: İslami dəyərləri təbliğ edərək yeni nəslə çatdırmaqla bu din adı altında törədilən fəsadların qarşısını ala bilərik

İslamın əsl mahiyyətini gələcək nəslə çatdırmaqla İslam adı altında müsəlman ölkələrində törədilən fəsadların qarşısını ala bilərik.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumda deyib.

Komitə sədrinin sözlərinə görə, Qafqazda bir sıra münaqişə ocaqları var və bu münaqişə ocaqlarında kimlərsə din adından istifadə etməyə cəhd edir:

"Lakin bu gün baş verən münaqişələrdə dini səbəb axtarmaq lazım deyil. Münaqişə ocaqlarının arxasında yalnız geosiyasi, iqtisadi maraqları olan qrupların əməlləri dayanır. Dinin bunlara hər hansı bir təsiri yoxdur. Nə "Qurani-Kərim", nə "İncil", nə də "Tövrat" insanları savaşa çağırır. Onlar, əksinə insanları sülhə, əmin-amanlığa çağırır. Ona görə də biz İslamın Qafqaz sivilizasiyasında yeri və rolundan danışdıqda Qafqazda yaşayan xalqların tarixini, onların mənsub olduqları dinləri dəqiq bilməliyik. Ümumi Qafqaz Evi yaratmaqla - bu ideya yeni deyil, əvvəllər də mövcud olub - Qafqazda yaşayan xalqlar arasında sülhə, əmin-amanlığa nail ola bilərik. Bu da bütövlükdə Qafqazın inkişafına böyük təkan vermiş olar. Ona görə də Qafqaz Evi tolerant yanaşmada multikultural dəyərləri qorumağa xidmət edər".

 

M.Qurbanlı qeyd edib ki, İslamla bağlı tədqiqatların aparılması vacibdir, çünki bu gün dünyada İslamofobiya və İslamdan sui-istifadə, İslam adı altında müxtəlif terror qruplarının yaradılması halları özünü göstərir.

Komitə sədri Azərbaycanın sivilizasiyasalararası əlaqələrə önəm verdiyini də nəzərə çatdırıb.