| Xəbər 1241 dəfə oxunub
Avropanın önəmli ismindən mühüm Bakı mesajları

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun təzəcə başa çatan Bakı səfəri bir sıra diqqət çəkən detallarla yadda qaldı. Hər şeydən öncə bizi maraqlandıran təbii ki, ali qonağın Azərbaycanın əsas problemi olan Qarabağ probleminə, işğal məsələsinə təmsil elədiyi təşkilat adından sərgiləyəcəyi mövqe idi.

Bu mövqe əslində bəllidir. Avropa İttifaqı özünün əsas orqanı olan Avropa Parlamenti səviyyəsində qəbul elədiyi bəyannamə və digər sənədlərdə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə daim dəstək ifadə edib. Hazırda üzərində tamamla işləri gedən Brüssellə Bakı arasında Tərəfdaşlıq Sazişində də, heç şübhəsiz, eyni yanaşma əksini tapacaq.

Nə xoş ki, bu mövqe bir daha Azərbaycanda nümayiş etdirildi. Aydındır ki, Dağlıq Qarabağ konfliktinin həlli ilk növbədə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasından imtinadan başlamalıdır. Bu, olacaqsa, o zaman münaqişənin dinc həll yolunun önü açılacaq. Təəssüf ki, rəsmi İrəvanın mövqeyi hələ ki bunu istisna edir. Ermənistan bacardıqca işğal rejimini, status-kvonu uzatmağa çalışır - o ümidlə ki, nə vaxtsa dünya birliyi işğal faktını qəbul edəcək və Azərbaycan torpaqlarının ilhaqı rəsmiləşəcək. Lakin 30 illik zaman göstərdi ki, ermənilər boşuna gözləyirlər. Belə bir şey olmayacaq. Ona görə ki, Bakı heç vaxt öz ərazisində ikinci, qondarma erməni dövlətinin qurulmasına razı olmayacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə ən yüksək tribunalardan da bəyan edib.

*****

İlham Əliyev Bakıda Donald Tuskla mətbuata bəyanatlarla çıxışı zamanı deyib. ile ilgili görsel sonucu

“Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir”. Bunu İlham Əliyev Bakıda Donald Tuskla mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

“Cənab prezidentlə təkbətək görüşümüz zamanı mən ona Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz barədə məlumat verdim. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır. Uzun illərdir ərazilərimiz erməni işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün bu təcavüz və işğaldan əziyyət çəkir. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib” , - deyə dövlət başçısı qeyd edib.

Prezident haqlı olaraq vurğulayıb ki, münaqişənin indiyədək həll olunmamasının tək səbəbi Ermənistanın qeyri-konstruktiv mövqe tutmasıdır: “Qeyd etməliyəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk Qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir”.

Təqdirəlayiqdir ki, birgə mətbuat konfransında Avropanın ən nüfuzlu qurumunun rəhbəri də Bakının mövqeyinə dəstək ifadə edib. Belə ki, Donald Tusk konfliktin məhz Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini vurğulayıb. Sitat: “Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan unikaldır. Siz ənənəni və müasirliyi birləşdirirsiniz. Bugünkü mürəkkəb geosiyasi landşaftda strateji mövqeyinizə görə həm Şərqə, həm də Qərbə baxırsınız”.

Bununla belə, qonaq konfliktin müharibə yolu ilə həllinin mümkünsüz olduğunu da söyləməyi unutmayıb. Sitat: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur, yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun siyasi yolla həll oluna bilər. Avropa İttifaqı Minsk Qrupu həmsədrlərinin Helsinki Yekun Aktının başlıca prinsiplərinə əsaslanan ədalətli və dayanıqlı çözümə yönələn səylərini hərtərəfli dəstəkləməkdə davam edir. Biz bütövlüklə gərginliyin səngiməsindən razıyıq, amma təmas xəttindəki son ölümlərdən həmsədrlər kimi biz də narahatlıq keçiririk. Sülhə yol açan, səmərəli danışıqlar üçün zəmin yaradan ab-havanın bərpası ilə yanaşı, təmkinli olmaq da mühümdür. Avropa İttifaqı da sülhün bərqərar olunmasına dair addımları dəstəkləyərək əhalini barışığa hazırlamaqla bağlı konkret tədbirlərə dəstək verməyə hazırdır”, - Avropa İttifaqı Şurasının rəhbəri vurğulayıb.

*****

Lakin artıq vurğulandığı kimi, xalqların sülhə hazırlanması ilk növbədə erməni xalqından başlanmalıdır. Çünki işğalçı ölkə məlum. O da məlumdur ki, baş nazir Nikol Paşinyan dönəmində işğalçı tərəfdə “Azərbaycana bir qarış da torpaq qaytarıla bilməz” absurd yanaşması daha da populyarlaşıb. Ermənistanda hətta Dağlıq Qarabağ ətrafında ermənilərin heç vaxt yaşamadığı rayonların bir neçəsinin boşaldılması variantı belə süngü ucunda qarşılanır və ölkə rəhbərliyi tərəfindən təqdir edilir.

Belə olan surətdə sülh yolu ilə həll necə mümkün ola bilər? Reallıq belədir ki, 26 ildir sülh haqda verilən quru bəyanatlar münaqişənin həllinə heç bir təsir göstərməyib. Demək, Azərbaycanın güc tətbiqi ilə konflikti həll eləmək variantı öz aktuallığını saxlayır. 

“Azərbaycan ordusunun antiterror əməliyyatlarına hazır olması Ermənistanı narahat edən amillərdən biridir”. ”Yeni Müavat"ın məlumatına görə, bunu Teleqraf.com-a politoloq Arzu Nağıyev deyib.

Arzu Nağıyev ile ilgili görsel sonucu

“Təəssüf ki, müharibə şəraiti davam edir, itkilərin və şəhidlərin olması qaçılmazdır. Amma bəzən də o təəssürat yaranır ki, sanki fırtınadan öncəki sakitlikdir. Buna görə də Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, işğal olunmuş ərazilərin azad edilməsi üçün istənilən addım atıla bilər. Keçirilən son təlimlər də bir daha göstərdi ki, Azərbaycan ordusu istənilən antiterror əməliyyatlarına başlamağa hazırdır”, - deyə politoloq qeyd edib.

Ekspert Ermənistan daxilindəki ictimai-siyasi vəziyyətə də diqqət çəkib: “Dağlıq Qarabağ separatçıları ilə Nikol Paşinyan arasında bir uçurum var. Əvvəllər bir güllə atılanda bu, gah Qarabağdakı separatçılara, gah da Ermənistan ərazindəki hərbi birləşmələrə bağlanılırdı. Yəni bu sakitliyi separatçılar və tərəflər arasında yaranmış mübahisənin nəticələrindən biri kimi də qəbul etmək olar. Eyni zamanda ermənilər artıq təxribata əl ata bilmirlər. Çünki hansısa təxribat cəhdində Azərbaycan ordusunun hərbi varianta əl atacağından çəkinirlər”.

Politoloqun sözlərinə görə, hazırda yay mövsümü olduğu üçün bəzən hərbi əməliyyatların keçirilməsi mümkün olmur. “Yəni bu da cəbhədəki sakitliyə birbaşa olmasa da, dolayı yolla təsir edən amillərdən biridir. Hesab edirəm ki, aparılan danışıqlara paralel olaraq, atəşkəs rejiminə riayət olunsa, bu, müsbət atmosferin yaranmasına təkan verə bilər. Lakin atəşkəsə mövcud status-kvonu saxlamaq məqsədilə riayət olunursa, əlbəttə, bu, xoşagələn hal deyil”.

Məsələ də elə ondadır. Bakı atəşkəsə ədalətli sülh anlaşmasına aparan vasitə kimi baxır, İrəvan isə işğal rejimini uzatmaq yolunda hədəf kimi. Sülh yolunu əlçatmaz edən də elə budur - düşmənin dinc anlaşmada, böyük sülh sazişində maraqlı olmaması...