| Xəbər 678 dəfə oxunub
İsmayıllıda güclü külək fəsadlar törədib

İsmayıllı rayonunda güclü külək və leysan yağış nəticəsində evlərə, meyvə ağaclarına, elektrik naqillərinə ziyan dəyib.

APA-nin yerli bürosunun xəbərinə görə, bu gün axşam saat 21:00 radələrində İsmayıllı rayonunda güclü küləklə müşayiət olunan leysan yağışı yağıb.

Külək bir neçə evin və sosial obyektin dam örtüyünə ziyan vurub, İsmayıllıda məcburi köçkünlər üçün salınan "Qarabağ" yaşayış massivində məskunlaşan Şuşa sakini, 1969-cu il təvəllüdlü Mirzəliyev Rövşən Hümbət oğluna məxsus fərdi yaşayış evinin dam örtüyünü tamamilə qoparıb, yağış suları evə ciddi ziyan vurub. Hazırda ailə üzvləri çıxılmaz vəziyyətdə qalıblar.

Külək nəticəsində elektrik naqilləri qırılıb, rayon mərkəzinə elektrik verilişi dayanıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ziyan dəyib.