| Xəbər 16969 dəfə oxunub
Kəramət Böyükçöl: “İkinci Mahmud ağır vəziyyətdə yaşamırdı, evsizlik problemi yoxuydu, işləyirdi, sadəcə, taledir”

Gənc yazıçı İkinci Mahmudun (Mahmud Atakişiyev) ürəktutmadan qəfil vəfatı ədəbi cameədə böyük üzüntüyə səbəb olub.

Yaşıdları, bəzi qələm adamları onun ölümündə günahı daha çox sosial həyatın ağırlığında, işsizlik, pulsuzluq, dərd-sərin, yoxsulluğun içində yaşamaqda görürlər. Amma onu tanıyanlardan biri olan yazıçı Kəramət Böyükçöl belə düşünmür.

Onun “Yeni Müsavat”a bildirdiyinə görə, Mahmudun “Həzi Aslanov” metrosu ətrafında mənzili varıydı, işləyirdi, dolanışığı normal idi: “Xanımı da işləyirdi, ağır vəziyyətdə yaşamırdı, evsizlik problemi yoxuydu. Sadəcə, taledir”.

K.Böyükçöl hesab edir ki, pis-yaxşı yenə babat vəziyyətdə olan elə yazı-pozu əhlidir: “Evsizlik, işsizlik, çörək dərdi təkcə yazarlarda deyil axı?! Minlərlə adam sosial həyatından narazıdır. Yenə pis-yaxşı əli çörəyə çatan elə yazarlar, jurnalistlərdir. Başımızı bir saytda, qəzetdə dolandırırıq. Kiminsə aliment problemi olursa, yığışıb kömək edirik. Başqalarında belə dəstək olmur”.

Yazıçının dediyinə görə, Mahmud sağlam adam təsiri bağışlayırdı: “Yerişi, oturuşu-duruşu normal idi, dünyanı vecinə almayan adamıydı. Əksinə, bizə deyirdi ki, çox ürəyinizə salırsınız, boş verin. Görünür, ürəyində problem varıymış. Necə ki, jurnalist Natiq Qədimovun ürəyi qəfil dayandı.

Biri fikirləşir maddi sıxıntılar, biri deyir evsizlik, stress, həyəcan ürəyini partlatdı. Sadəcə, ürək yoxlanmalıydı. Biz yalnız xəstələnəndə həkimə gedirik. Vaxtında əhəmiyyət verməliyik, müayinədən keçməliyik.

Yediyimiz qidaların, çəkdiyimiz siqaretin, qəbul etdiyimiz içkilərin təsiri də çoxdur. Amma kimisində infarkt irsidir. Ona görə Mahmudun ölümünə sentimental, həssas yox, soyuqqanlı yanaşmaq lazımdır. Buz baltası kimi adamlar qəfil ölür, adam var ki, çəlimsizdir, di gəl 90 il yaşayır".

İkinci Mahmud ile ilgili görsel sonucu

İkinci Mahmudun (Mahmud Atakişiyev) 

K.Böyükçöl deyir ki, ölkədə yüzlərlə ürəkdən gedən adamlar var: “Ürək bilmir ki, üstündə gəzdirdiyi baş-beyin yazıçıdır, şairdir, ziyalıdır. Ürəyin belə şeylərdən xəbəri yoxdur. Adını qoyuruq ki, cəmiyyət anlamadı. Hamısı boş-boş söhbətlərdir. Mahmud kimi ürəkdən ölən adamlar o qədərdir ki, xəbərimiz yoxdur. Gəncədə dostumuzun 9 yaşlı oğlu infarktdan öldü. Sadəcə, Mahmud tanınmış adam idi deyə müzakirələr açılıb”.

Yazıçı-deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, gənc yazarlara diqqət olmasa da, bəzi adamlar tərəfindən həmişə qayğı var: “Özümü öymək olmasın, mən onlara hər zaman maddi-mənəvi dəstək verirəm. Sadəcə, yeni nəslin iddiası yaşından böyük olur, dahilik eşqinə düşürlər. Bunun qətiyyən gənc dostumuz Mahmuda dəxli yoxdur. O, çox istedadlıydı.

Aqil Abbas ile ilgili görsel sonucu

Aqil Abbas 

Ümumən deyirəm ki, gənc yazarlarda özünü yazıq kimi göstərmək var. Məktəb vaxtı oğlan qıza özünü yazıq kimi göstərirdi ki, ona ürəyi yansın. Amma qızlar həmişə vurub-yıxan oğlanları sevirlər. Bu, yazıçılarda da var. Mahmud o etapları çoxdan keçmişdi. Görünür, ürək problemi varmış, həkim baxmalıydı".

A.Abbasın sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyi hər il 20 gənc ədibin prezident təqaüdü alması üçün təqdimat verir: “Gənclərə dəstək olur. Elə götürək Kəraməti, nə qədər adam kömək edib. Sadəcə, bəziləri özlərini itirirlər. Bunun Mahmuda aidiyyəti yoxdur. Onu işi, evi varıydı. Özü xanımına zəng edib ki, ürəyim ağrıyır. İnsandır da...Bizim qohumlarda 23-25 yaşda infarktdan gedənlər var.

Əslində keçmişdə bizim nəslin ürəyi daha çox partlamalıydı. Çünki çap eləmirdilər. Mənim 1975-də yazdığım hekayəm 10 il sonra, 1985-də çap olundu. Biz Rafaelin çayxanasında ürəyimizi boşaldırdıq. İndi facebook, saytlar, qəzetlər var. Sadəcə, gənc yazarlar kollektivləşə bilmirlər.

Birləşib QHT yaratsınlar, AYB-yə alternativ olsunlar, sonra dövlətdən maliyyə alsınlar, jurnal buraxsınlar.

Sanki hamı gözləyirdi Mahmud ölsün, ağlasınlar ki, ay onu niyə diqqətsiz qoydunuz. Sən heç Zərdüştlə, Mövludla, Mahmudla maraqlanırdın?

Allah eləməmiş, elə Kəramət olsun, ona bir şey olsa, sabah respublika matəm edəcək. Belə şeyləri çox ucuzlaşdırıblar. Son 6 ayda nə qədər cavan ölüb.

Heyf ki, istedadlı adamlar qəfil dünyalarını dəyişirlər. Mahmudla iki-üç dəfə salamlaşmışdım. Gənc və yaradıcı olması mənə çox təsir elədi. Aqşin Yenisey xəstələnəndə pis olmuşdum, şükür, müalicə aldı.

Seymur Baycan  xəstələnsə, ya Şərif Ağayara nəsə olsa, mənə yenə təsir edər. Amma Hüqo deyirdi ki, Allah tərəfindən sevilənlər cavan ölürlər".