|
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında milli mülkiyyətlərə aid məsələlər müzakirə edilib

UNESKO-nun Ümumdünya İrs Siyahısına salınan mədəni mirasın qorunma vəziyyəti haqqında hesabat dinlənilib.

Trend-in məlumatına görə, Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 3-də milli mülkiyyətlərə aid məsələlərin müzakirəsi ilə işini davam etdirib.

Sessiyanın növbəti günündə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınan mədəni mirasın qorunma vəziyyəti haqqında hesabat dinlənilib.

Tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq hesabatdan danışıb və hər kəsi müzakirələrdə fəal olmağa çağırıb.

Sessiyada iştirakçı ölkələrin nümayəndələri Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın real vəziyyətindən söz açıblar.

Tədbirdə Norveç, Braziliya, Macarıstan, Tanzaniya, Küveyt, Qvatemala, Tunis, Avstraliya, Azərbaycan, Çin və digər ölkələrin təmsilçiləri təqdim olunan hesabatla bağlı fikirlərini bildiriblər.

 

Strateji ətraf mühitin qiymətləndirilməsinin vacibliyindən və bu istiqamətdə görülən işlərdən söz açılıb. Bildirilib ki, dialoqun qurulması üçün belə hesabatlar mühüm əhəmiyyət daşıyır. Bütün layihələr monitorinq qrupunun tövsiyəsi əsasında həyata keçirilməlidir. Elektrik stansiyaları bufer zonadan kənarda inşa edilməlidir. İqtisadi inkişaf və ətraf mühit arasındakı əlaqə ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bunlar qarşılıqlı şəkildə müzakirə olunmalıdır.

Azərbaycan Kuba və Çinin Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın qorunması istiqamətindəki təkliflərini dəstəkləyib. Su və hava mənbələrinin çirklənməsinin qarşısının alınması üçün qoruyucu tədbirlər həyata keçirilməlidir.

Sessiya işini müzakirələrlə davam etdirir.