|
BMT baş katibinin yeni erməni müavini Azərbaycana problem yarada bilər

Erməni diplomat Movses Abelyan BMT baş katibinin Baş Məclis və konferension idarəçilik üzrə müavini təyin olunub. Sərəncamı baş katib Antonio Quttereş iyunun 10-da imzalayıb. Portuqaliyalı Antonio Quttereş 2017-ci ildən BMT-nin baş katibidir.

Movses Abelyan 1963-cü ildə Ermənistanın paytaxtı İrəvanda doğulub, üç yaşından Gürcüstanda yaşayıb. Hər iki ölkənin vətəndaşıdır. Tətbiqi riyaziyyat üzrə elmlər namizədidir. 1993-cü ildən Ermənistanın BMT-dəki nümayəndəliyində çalışıb, 1998-ci ildə daimi nümayəndə təyin edilib. Novator.az bildirir ki, Abelyan 2003-cü ildən BMT-nin müxtəlif qurumlarında məsul vəzifələr tutub, 2016-cı ildən BMT baş katibinin köməkçisi olub.

BMT kimi mühüm beynəlxalq təşkilatın rəhbərliyinə Ermənistan vətəndaşı olan birisinin gətirilməsi sıradan bir məsələ sayıla bilməz. Təbii ki, söhbət onun etnik mənsubiyyətindən getmir. Əsas məsələ Abelyanın işğalçı Ermənistan vətəndaşı olmasıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi on illərdir ki, kağız üzərindədir. Qurum qətnamələrin həllini işğalçı Ermənistandan tələb etmək, ona qarşı sanksiya qərarı vermək əvəzinə, onun vətəndaşını yüksək posta təyin edirsə, bu, anlaşılan deyil.

Qeyd edək ki, elə bu yaxınlarda BMT-də Azərbaycana qarşı təxribat həyata keçirilmişdi. Belə ki, BMT üzvü olan hər bir ölkə bu quruma illik hesabat verir. Lakin budəfəki hesabatda Ermənistan qondarma “dqr”in hesabatının BMT-nin saytında yerləşdirilməsinə nail olmuşdu. Bu haqda Milli Məclisin iclasında deputat Azay Quliyev də çıxış edərkən etirazını bildirmişdi. Rəsmi hesabat 6 dildə yayılmışdı. Lakin sonradan BMT-dən bildirildi ki, bu kimi hesabatları yaymaqda tərəflər sərbəstdir. Təşkilatın qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəkləndiyi halda, BMT tərəfindən yayılan hesabatda “artsax” adı qeyd olunmuşdu ki, buna heç cür bəraət qazandırmaq olmaz. Düzdür, sonradan rəsmi Bakı Ermənistanın öz illik hesabatı ilə yanaşı, ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin də hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim etdiyi və bu sənədlərin BMT-nin rəsmi səhifəsində yayıldığı ilə bağlı məlumatlara münasibət bildirdi. Qeyd olundu ki, burada BMT-nin İnsan Hüquqları Şurasına təqdim edilmiş illik hesabatdan söhbət gedə bilməz.

Ancaq əgər bundan sonra BMT rəhbərliyində erməni diplomat da olacaqsa, təxribatları hər an gözləmək mümkündür.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu hesab edir ki, gərək biz bu prosesi diqqətdə saxlayardıq: “Mənə maraqlıdır ki, əgər səsvermə keçirilibsə, yaxud baş katibin qərarı ilə təyin olunubsa, hansı məntiqlə belə bir qərar verilib. Nəzərə alanda ki, Ermənistan işğalçı dövlətdir. Hətta BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, Ermənistan Azərbaycan torpaqlarını boşaltmalıdır. İcra olunmamış bu qətnamələr varkən Ermənistan vətəndaşına BMT-də belə yüksək postun təklif edilməsi ciddi suallar doğurur. Düzdür, bu, o demək deyil ki, erməni BMT baş katibinin müavini təyin edilibsə, Azərbaycan əleyhinə hansısa sənədlərin qəbuluna çalışa, bu istiqamətdə fəaliyyəti ola bilər. Çünki BMT kollegial orqandır. Amma hər halda, bu, mənfi bir presedentdir və BMT çərçivəsində ”suyu bulandıra" bilər. Ən azı, işğalçıların mövqeyindən hər hansı sənəd hazırlayıb komitələrə ötürə bilər. Bu mənada biz mütləq onun fəaliyyətini diqqətdə saxlamalıyıq".   

E.Şahinoğlu qeyd etdi ki, bu cür postu qazanan erməni rəsmi istənilən halda, Azərbaycan əleyhinə nə isə etməyə çalışacaq: “Ona görə də bizim BMT-dəki nümayəndəmiz gərək bu prosesi, erməninin fəaliyyətini xüsusilə diqqətdə saxlaya. Əgər onun beynəlxalq hüquqa zidd addımları olarsa, bu barədə mütləq şikayət etmək lazım gələcək”.