| Xəbər 1369 dəfə oxunub
Bahar Muradova: Cənubi Qafqazda münaqişələrin obyektiv araşdırılması ilə bağlı layihələrə imza ata bilərik

Həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir.

Trend-in məlumatına görə, bunu bu gün Milli Məclis sədrinin müavini, Azərbcaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda Milli Məclisin təşkilatçılığı və ATƏT PA ilə yaxın əməkdaşlıq çərçivəsində keçirilən Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransında bildirib.

Onun sözlərinə görə, Bakı Parlament Platformasının yaradılmasında məqsəd ATƏT məkanındakı çağırışlar, xalqlar və dini konfensiyaların qarşı-qarşıya qoyulması nəticəsində yaranan münaqişələrin həllidir:

"Hərbi münaqişələr artıb, silahlar bizdən çox danışır. Cinayət və cinayətkarlıq heç bir sərhəd tanımır. Cənubi Qafqaz və nüfuzlu Avropa bölgələrinin iştirakı ilə belə təşəbbüslərin ortaya çıxması təsadüfi deyil. Bu Platforma gələcəkdə öz sıralarına daha çox üzvlər cəlb etməklə regionda təhlükəsizliyə böyük töhfələr verə bilər. Cənubi Qafqaz böyük enerji resurslarına, çevik nəqliyyat infrastrukturuna malikdir".

 

Vitse-spiker nəzərə çatdırıb ki, təsis edilən Platformanın əsas hədəflərindən biri ölkələrdə hökumətlərin fəaliyyətini təşviq etmək, energetika və nəqliyyat sahəsində əlaqələri genişləndirməkdir: "Regional və qlobal təhdidlərə qarşı gücümüzü birləşdirə, yeni ideyaları reallaşdıra bilərik. Cənubi Qafqazda münaqişələrin obyektiv araşdırılması ilə bağlı layihələrə də imza ata bilərik. Biz parlamentlər və xalqlar arasında dostluğa töhfə vermək üçün gedəcəyimiz yolun başlanğıcındayıq. Biz ATƏT-in dəstəyi ilə bu konfransı keçirməklə qarşılıqlı əməkdaşlığı gücləndirəcəyik. Bakı Parlament Platformasının Katibliyi Bakıda yerləşəcək".