|
Neft bazarında qeyri-sabitlik - Azərbaycan üçün risk varmı

Dünya neft bazarındakı proseslər kifayət qədər ziddiyyətli məcraya qədəm qoyub. Son həftələrdə müşahidə olunan davamlı qiymət ucuzlaşması bir qədər zəifləsə də, bu sahədə proqnozlar heç də ürəkaçan deyil.

Maraqlıdır ki, hazırda neft bazarında cərəyan edən proseslərin mühüm bir qismi dünya nəhəngi ABŞ-ın davranışlarından qaynaqlanır. Belə ki, bu ölkənin İrana qarşı sanksiyaları bazara çıxarılan neftinin həcminin azalması vasitəsilə qiymətləri artırırsa, Çinlə başlatdığı  ticarət savaşı əksinə, ucuzlaşmanı şərtləndirir.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, dünya neft bazarı 2014-cü ilin ikinci yarısından bəri qeyri-sabitlik yaşamaqdadır: “OPEC+ formatında bazarda dəyişən vəziyyətə uyğun çevik tənzimləmə tədbirlərinə baxmayaraq, qeyri-sabitlik hələ də qalmaqdadır. Neftin 70 ABŞ dolları ətrafında qərarlaşan qiyməti qənaətbəxşdir. Bununla belə, həm istehsalçılar, həm də istehlakçıların maraqlarına uyğun qiymət sabitliyinin və bu məqsədlə tələb-təklif balansının qorunub saxlanılması ehtiyatlı düşünülmüş addımlar atılmasını zəruri edir. Mövcud iqtisadi və siyasi amillərin təhlili də göstərir ki, hazırda tələb-təklif tarazlığı üçün başlıca meyar kommersiya meyarıdır. Belə ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neft ehtiyatları son 5 ilin orta göstəricilərindən çoxdur. Həmçinin təşkilatdan kənar ölkələr, o cümlədən ABŞ son illər şist neft hesabına əldə etdiyi hasilat göstəriciləri ilə ənənəvi neft hasilatçılarını geridə qoyub. Buna görə də OPEC+ çərçivəsində əldə edilmiş razılığın bu ilin aprel ayında 168 faiz yerinə yetirilməsi, üstəlik razılaşmadan kənarda qalan bir sıra OPEC ölkələrində hasilatın azalması, qlobal neft bazarında ticarət məhdudiyyətlərinə və geosiyasi qeyri-sabitliyə baxmayaraq, neft tədarükündə çatışmazlıq və bundan irəli gələn yüksək qiymət dəyişikliyi müşahidə olunmur”.

Pərviz Şahbazov ile ilgili görsel sonucu

Pərviz Şahbazov

P.Şahbazov qeyd edir ki, razılaşma çərçivəsində hasilatda gündəlik təxminən 2 milyon barellik azalma, bazardakı artıq təklifi tam konpensasiya edə bilmir: “Buna görə də indi OPEC+ ölkələri qarşısında duran prioritet məsələ kommersiya neft ehtiyatlarını müvafiq səviyyəyə çatdırmaqdır. Bu, qlobal tələbatla bağlı müşahidə olunan risklərdən sığortalanmaq üçün də əhəmiyyətlidir”.

Nazir həmçinin deyib ki, ötən il neftin qlobal istehlakında artım 1,4 faiz olsa da, bu il dünyada neftə gündəlik tələbatın 1,2 milyon barelə qədər azalacağı proqnozlaşdırılır: “Ötən il dünyada enerjiyə tələbat son illərdə ən yüksək səviyyədə olsa da, Avropada enerjiyə tələbat xüsusilə də bərpa olunan enerjidən istifadənin genişlənməsi və enerji səmərəliliyi nəticəsində azalıb. Burada  2050-ci ilə qədər neft-qazın ümumi idxalındakı nisbəti 55 faizdən 20 faizə düşəcək. Hazırda ABŞ və Çin arasındakı ticarət mübahisələri də qlobal iqtisadi inkişafa təsir edir və neftə tələbatı azaldan amil kimi nəzərdən keçirilir. Bütün bunlar isə göstərir ki, bazarda qiymətlərin sabitliyi üçün hasilat vasitəsilə tənzimləmə əsas nailiyyətdir”.

Nazirin də qeyd etdiyi kimi, hazırda bazarda qiymətləri istehsalçılar üçün uyğun həddə saxlamaqdan ötrü OPEK+ ölkələrinin hasilatı azaltmaq qərarı yeganə uğurlu vasitədir. Elə buna görə də bütün nəzərlər OPEK+ toplantısına dikilib. Səudiyyə Ərəbistanının enerji, sənaye və  təbii sərvətlər naziri Xalid əl Falih  bildirib ki, OPEC və qeyri-OPEC ölkələrinin, demək olar ki, hamısı neft hasilatının azaldılmasına dair “Əməkdaşlıq Bəyannaməsi”nin müddətini daha 6 ay uzatmağa razıdır (Report): “İraqın neft naziri (Tamir əl Qabdan) bunu ictimaiyyət üçün də açıqlayıb, özəl söhbətimiz zamanı da təsdiq edib. OPEC+ sazişinə qoşulmuş BƏƏ, Küveyt kimi böyük hasilatçılar, həmçinin Oman, Qazaxıstan, Azərbaycan kimi qeyri-OPEC ölkələri sazişin müddətini uzatmağı dəstəkləyir”.

OPEC+ ile ilgili görsel sonucu

Nazirin sözlərinə görə, məsələyə dair qərarını verməyən yeganə ölkə OPEC+ iştirakçıları arasında ən böyük neft hasilatçısı Rusiyadır. Məsələ bu ölkənin energetika naziri Aleksandr Novakla üç həftə sonra keçiriləcək görüş zamanı müzakirə ediləcək: “May-iyun aylarında hasilatın azaldılması ilə bağlı icra vəziyyəti yaxşı olub. Sazişin uzadılması rəsmi olaraq imzalandıqdan sonra Rusiyanın ilin sonunadək öhdəliyə əməl edəcəyinə ümidvaram. Rusiyanın bir çox şirkətləri, o cümlədən ”LUKoil"un rəhbəri Vahid Ələkbərov tərəfindən həmrəy mənalı bəyanatlar eşitmişəm. Odur ki, əməkdaşlığın üstünlükləri göz qabağındadır. Rusiyanın hasilatı cəmi 2 faiz azaltması sabitlik və mühüm artım deməkdir. Bundan sonra nazir Novakla keçirdiyim görüşlərdən eyni qənaətə gəlmişəm, yəni bazar izlənilməlidir, onu sabitliyə yönləndirdiyimizə əmin olmalıyıq".

Bu günlərdə açıqlama verən Rusiya baş nazirinin müavini və maliyyə naziri Anton Siluanov, habelə energetika naziri Aleksandr Novak da OPEK+ qərarının qiymətlərə həlledici təsirini qeyd ediblər. Onlar əmindirlər ki, hasilatın azaldılması qərarının müddəti uzadılmasa dünya bazarlarında neftin qiymətinin 30 dollara qədər düşməsi realdır. Bu açıqlamalardan görünür ki, Rusiya da OPEK+ çərçivəsində hasilatın azaldılması qərarının uzadılmasına razılıq verəcək.

Onu da bildirək ki, Azərbaycan may ayında da hasilatın azaldılmasına dair öhdəliyinə əməl edib. Energetika Nazirliyinin açıqladığı məlumata görə, ötən ay ölkədə neft hasilatı gündəlik 776 min barel təşkil edib. Bunun 699 min barelini xam neft, 77 min barelini kondensat təşkil edib. Gündəlik 494 min barel xam neft, 75 min barel kondensat, 14 min barel isə neft məhsulları ixrac olunub.

Beləliklə də, gündəlik neft hasilatının 776 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Dünya neft bazarındakı proseslər hasilatçı ölkə olaraq Azərbaycanda yaxından izlənilir. Ölkə gəlirlərinin çox böyük bir hissəsini təşkil edən neft gəlirlərin azalmasının iqtisadiyyata hansı təsirləri ola bilər? Neftin qiymətinin 40 dollardan aşağı düşməsi şəraitində Azərbaycanda növbəti devalvasiya  qərarı alına bilərmi?

İqtisadçı-ekspert Samir Əliyev ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Samir Əliyev

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, bu ehtimal realdır: “Neftin qiyməti 40 dollara  düşərsə, bu, Azərbaycanda yenidən manatın ucuzlaşması təhlükəsi yarada bilər. Bu zaman hökumət üzən məzənnəyə keçildiyini əsas gətirməklə, bu prosesin devalvasiya olmadığını da iddia edə bilər. Amma fakt faktlığında qalır ki, neftin qiyməti uzunmüddətli dövr üçün 40 dollar civarına düşərsə, devalvasiya qaçılmaz olacaq. Əgər qiymətlər qısamüddətli dövr üçün ucuz olarsa, hökumət manatı saxlaya bilər. Lakin uzunmüddətli dövrü əhatə edən ucuzlaşma zamanı bunu davam etdirmək mümkün deyil. Yəni hökumət istəsə belə, uzunmüddətli dövr üçün manatın məzənnəsini saxlaya bilməz. Ortada 2014-2015-ci illərin təcrübəsi var. O zaman Mərkəzi Bankın 11 milyard manat ehtiyatı əridildi manatın məzənnəsini saxlamaq üçün. İndi Mərkəzi Bankın o qədər vəsaiti yoxdur, ikinci tərəfdən də ikinci dəfə eyni səhvə yol veriləcəyi real görünmür”.

Ekspert hesab edir ki, son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, hələ ki, iqtisadiyyata neft amilindən müdafiə olunmağa imkan verəcək qədər effekt verməyib: “Ölkə ixracında neftin payı 90 faizin üstündədir. Bu, o deməkdir ki, neftin ucuzlaşması tədiyə balansının pisləşməsinə gətirib çıxaracaq. Neftin ucuzlaşmasını tədiyə balansındakı digər bölmələr - turizm, investisiyalar əvəz edə bilərdi. Lakin hər iki sahədəki vəziyyət buna imkan vermir. Buna görə də düşünürəm ki, neftin qiyməti 40 dollara düşərsə, manatın məzənnəsini uzun müddətə sabit saxlamaq mümkün olmayacaq”.