|
Ankara və Moskvanın qəliz geosiyasi oyunu: Ermənistanı gözləyən tale

Naxçıvanda Azərbaycan və Türkiyənin növbəti birgə taktiki təlimləri başa çatdı. Budəfəki təlimin bir özəlliyi də onu qardaş ölkənin müdafiə naziri Hülusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin izləməsi oldu. Bundan əlavə, iki ölkənin müdafiə idarələrinin rəhbərləri - Zakir Həsənov və Hulusi Akar ilk dəfə olaraq, bilavasitə Ermənistanla sərhəddə - İrəvanın cəmi bir neçə on kilometrliyində görüşdülər.

Gözlənildiyi kimi, həm ortaq təlimlər, həm də Türkiyə müdafiə nazirinin bu təlimləri şəxsən izləməsi və Ermənistanla sərhəddə azərbaycanlı həmkarı ilə regionda “müharibə ssenarilərini” müzakirə eləməsi düşmən tərəfdə ciddi təlaş yaradıb. Bunu erməni KİV-lərindəki yazı və müsahibələrdən aydın görmək olar.

*****

Məsələn, “Yeni Müsavat”ın məlumatına görə,  1in.am saytında siyasi şərhçi Aram Sərkisyan Naxçivandakı hərbi təlimlər haqda yazıb: “Azərbaycan və onun müttəfiqi Türkiyə ikitərəfli hərbi-siyasi əlaqələri dərinləşdirməkdə davam edir. Son vaxtlar şərq və şimal qonşuları daha böyük hərbi fəallıq göstərməkdədir. Bu da İrəvanda narahatlıq doğurmaya bilməz. Türkiyə və Azərbaycan qısa zaman içində ikinci ortaq təlim keçirir. Ötən dəfə - mayın 1-dən 3-dək olan təlimlər ”Mustafa Kamal Atatürk - 2019" kod adı ilə keçirilmişdi. Ermənistanda daxili siyasi vəziyyətin pozulması təhlükəsinin yarandığı durumda Azərbaycan və Türkiyənin hərbi fəallığı, təbii ki, sülhpərvər mahiyyət daşımır".

 

Təlimləri şərh edən erməni general, Qarabağdakı müharibənin iştirakçısı, Ermənistanın sabiq müdafiə naziri və Baş Qərargah rəisi Norat Ter-Qriqoryants isə hesab edir ki, Azərbaycan müharibəyə başlamaq üçün əlverişli bəhanə axtarır. O, həmçinin istisna eləmir ki, Azərbaycan tərəfi hərbi təlim adı ilə Dağlıq Qarabağ və Ermənistanla sərhədə hücum əməliyyatları aparmaq üçün ağır hərbi texnika yığmaqla məşğuldur. “Azərbaycan tərəfi bu fənddən artıq bir dəfə - 2016-cı ilin aprelində istifadə edib”, - deyə o əlavə edib.

Zakir Həsənov və Hulusi Akar ile ilgili görsel sonucu

“Türkiyə və Azərbaycanın Naxçıvanda keçirdiyi hərbi təlimlərə Ermənistan-İran birgə təlimləri ilə cavab vermək lazımdır”. Belə bir absurd ideya ilə isə erməni politoloq Sergey Şakaryans İrevanda keçirdiyi mətbuat konfransında çıxış edib. Şakaryantsa görə, təlimlərin başa çatmasından sonra Türkiyə ordusunun bölmələrindən birinin Naxçıvanda qalması istisna deyil. Onun fikrincə, Azərbaycan-Türkiyə hərbi təlimlərinə Naxçıvanın hər iki tərəfində Ermənistan-İran birgə hərbi manevrləri ilə cavab vermək lazımdır. “Amma hökumət çətin ki, bu addıma getsin”  - Şakaryants bu ideyasının real olmadığını dərhal etiraf edib.

*****

Aleksandr Xramçix ile ilgili görsel sonucu

Aleksandr Xramçixin

1 in.am portalı rusiyalı tanınmış hərbi ekspert Aleksandr Xramçixinin də mövqeyini öyrənib. Ancaq alınan cavablar ermənilər üçün məyusedici olub. “Yeni Müsavat” xəbər verir ki, öncə Azərbaycan və Türkiyənin tez-tez ortaq təlimlər keçirməsinin səbəbinə toxunan hərbi ekspert deyib: “Görünür, onlar hərbi əməkdaşlığı ciddi şəkildə möhkəmlədirlər ki, ola bilsin, əlverişli məqam yetişən kimi ona real məzmun versinlər. Müşahidələrimə görə, bu iki ölkə az-çox real ssenarilər üzrə təlimlər keçirir. Yəni bu, terrorizmlə mübarizə məşqi deyil. Əgər təlimlər Azərbaycan-Türkiyə formatında keçirilirsə, o zaman aydındır ki, onlar üçün yeganə təsəvvür edilən düşmən Ermənistandır. Müvafiq surətdə buna Ermənistanın necə reaksiya verməli olduğu haqda İrəvanın yerinə heç nə deyə bilmərəm. Ancaq, əlbəttə ki, ən azından gərginləşmək üçün əsas var”.

Rusiyalı təhlilçi ortaq təlimlərin intensivləşməsinin Ermənistan daxili situasiya və İrəvanla Xankəndi arasında münasibətlərin soyuması ilə bağlı ola biləcəyini də istisna eləmir: “Birincisi, həqiqətən də onlar (Azərbaycan və Türkiyə - ”YM") situasiyaya xüsusi olaraq hazırlaşır. O anlamda ki, Ermənistan daxilində qarışıqlıq yaranan kimi ondan yararlansınlar. İkincisi, bəli, bu versiyanın da yaşamaq hüququ var ki, təlim adı ilə səfərbərlik tədbirləri həyata keçirilir".

müharibə ile ilgili görsel sonucu

Bu yerdə erməni portalının əməkdaşının Xramçixinə ünvanladığı “Bu gün Türkiyə-Rusiya əlaqələri nə qədər yaxşı olsa da, Ankara bu regionda Moskvanın köhnə rəqibidir. Azərbaycan-Türkiyə əlaqələrinin dərinləşməsi, türklərin Naxçıvanda möhkəmlənməsi, sizcə, Rusiyanı narahat etməməlidir” təxribatçı sualına hərbi ekspert belə cavab verib:“Mən Kremldə kiminsə yerinə cavab verə bilmırəm. Bu gün Rusiya Türkiyə ilə çox mürəkkəb bir geosiyasi partiya oynayır, hansı partiyanın ki, çoxlu tərkib hissələri var. İlk növbədə, əlbəttə ki, Suriya mövzusu diqqətdədir, nəinki diqqətin periferiyasında olan Qafqaz”.

Türkiyədən Ermənistana təhlükənin nə dərəcədə real olması ilə bağlı sualın cavabında isə analitik bir növ Rusiyanın vassal ölkə üçün önəmini böyüdərək və bir az da erməniləri qorxudaraq bildirib ki, Türkiyə təhlükəsi Ermənistan üçün əsas təhlükədir: “Ona görə ki, əgər Türkiyə olmasaydı, bəlkə də Ermənistan Azərbaycan təhlükəsi qarşısında hətta Rusiyasız birtəhər tab gətirə bilərdi. Ancaq Türkiyə təhlükəsini Rusiyasız dəf eləmək söhbət mövzusu belə ola bilməz. Ermənistan üçün Türkiyə təhlükəsi bu gün qat-qat mühümdür, nəinki Azərbaycandan olan təhlükə”.

*****

Əslində nə Azərbaycan, nə də Türkiyənin Ermənistana  hücum etmək niyyəti yoxdur. Bakı və Ankaranın tək hədəfi İrəvanın özünü regionda beynəlxalq normalara uyğun aparması və qonşu ölkələrə əsassız torpaq iddialarına son qoyaraq, nəhayət, dinc yanaşı yaşmağı tərcih eləməsidir. Azərbaycan və Türkiyənin hərbi təlimlərində strateji və son məqsəd bundan ibarətdir.

Naxçıvandakı təlimlərə gəlincə, bu təlimlərlə yanaşı, ümumiyyətlə, bu muxtar bölgədə dislokasiya edilən Əlahiddə Ümumqoşun Ordunun döyüş imkanları son illər ciddi ölçülərdə artması, onun ən müasir silah-sursat və texnika ilə təchiz edilməsi Ermənistan siyasi dairələrində həqiqətən təşvişlə izlənir. Və artıq birinci dəfə deyil ki, erməni ekspertlər və siyasətçilər Naxçıvanda baş verənlərə görə həyəcanlı açıqlamalar verirlər.

Türkiyə və Azərbaycan habelə qonşu Gürcüstanla “üçlü format”da hərbi əməkdaşlığı davam etdirir. Bu da ən əvvəl işğalçı Ermənistana mesajdır ki, torpaq iştahını özündə saxlasın. Çünki İrəvanın hər üç ölkəyə əsassız ərazi iddiası var və bunu gizlətmir də. “Üçlü” formatda hərbi əməkdaşlığı isə ilk növbədə Azərbaycan, Türkiyə və Gürcüstanın regiondakı milli təhlükəsizlik maraqları, buradan keçən strateji əhəmiyyətli nəqliyyat və boru xətlərinin təhlükəsizliyi diktə edir və hansısa 4-cü ölkəyə, Rusiyaya qarşı yönəlməyib. Məsələn, keçən il boru kəmərlərinə qarşı mümkün təxribatların önlənməsi ilə bağlı 3 ölkənin xüsusi təyinatlıların birgə təlimləri keçirilmişdi.

Yeri gəlmişkən, bu gün - iyunun 12-də Qəbələdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək. “Yeni Müsavat” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.

Göründüyü kimi, hədəflər sırasında üç ölkənin ortaq layihələri də var. Bu da ölkələrin milli təhlükəsizliyi ilə birbaşa bağlıdır və Ermənistana onun normal inkişaf yoluna çıxması üçün verilən daha bir ayıldıcı mesajdır...