| Xəbər 1630 dəfə oxunub
Paşinyan Qarabağ klanına qarşı “sanksiya” qərarı verdi - separatçıların pulu kəsilir

Ermənistan hakimiyyəti ilə Azərbaycanın işğal altındakı qondarma rejimin liderləri arasındakı uçurum getdikcə dərinləşir. Xüsusilə də 2020-ci ildə separatçı quruma yeni oyuncaq “prezident seçkiləri”nin keçiriləcəyi barədə məlumatların yayılmasından sonra İrəvan Bako Saakyanı əvəzləyəcək yeni şəxsin axtarışına çıxıb.   

Bu arada Nikol Paşinyanın hökuməti qondarma “Dağlıq Qarabağ respublikası” rejiminin maliyyə yardımı barədə xahişlərini rədd edib. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Rusiya mənbələri erməni mətbuatına istinadən yayıb. Məlumatda deyilir ki, Paşinyan Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyanın istefası şərtini irəli sürüb. Qondarma “prezident” Bako Saakyan Balasanyandan  Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib, istefa verməyi istəsə də keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib. Lakin son anda Saakyan istəyinə nail olub. Belə ki, o, 11 iyunda istefa ərizəsini yazıb. Xatırladaq ki, Balasanyan “DQR prezidenti” postuna iddialıdır və onunla Paşinyan arasında ciddi ixtilaf var.

Maliyyə yardımı barədə xahişlər artıq ikinci aydır Ermənistan hökuməti tərəfindən rədd edilir. Mənbələr yaranmış vəziyyəti Ermənistan tərəfdən Dağlıq Qarabağa tətbiq edilmiş sanksiya kimi qiymətləndirirlər. Bundan əvvəl Paşinyan Dağlıq Qarabağın rəhbərliyini, o cümlədən Balasanyanı Qarabağda yeni müharibə qızışdırmaq planlarında ittiham etmişdi. Onun bildirdiyinə görə, həmin qüvvələr müharibəni başladıb “bəzi əraziləri verməyi” və buna görə Ermənistan hakimiyyətini günahlandırmağı planlaşdırır.

Paşinyan Balasanyan da daxil olmaqla separatçı rejimin hərbi rəhbərliyini Azərbaycan və Ermənistan arasında yeni müharibənin alovlandırılmasına görə ittiham edib. Bununla yanaşı, separatçı rejimin keçmiş rəhbəri Arkadi Qukasyanla indiki rəhbəri Bako Saakyan keçmiş prezident Robert Köçəryana azad olunması üçün zamin durublar. Separatçıların maliyyə yardımının kəsilməsi isə böhranı daha da dərinləşdirib. Bəzi ekspertlərə görə, mümkündür ki, Paşinyanın komandasının separatçılara maliyyə yardımını verməməsi iki hədəfə hesablanıb: birincisi, Paşinyanın istəmədiyi şəxslər istefaya göndəriləcək, ikincisi, Qarabağdakı ermənilər iqtisadi çətinliyə görə rejimə qarşı etiraz edəcəklər. Əsas məqsəd keçmiş hakimiyyətə yaxın olan separatçı rejimin rəhbərliyinin təmizlənməsidir. Lakin bu situasiya Azərbaycanın da əlini gücləndirə bilər. Çünki Qarabağdakı ermənilər nə qədər iqtisadi çətinliklə qarşılaşsalar, bu, onlar üçün Azərbaycanı daha çox cəzbedici edəcək. Bu, rəsmi Bakının Qarabağa Azərbaycanın tərkibində muxtariyyətin verilməsi və oradakı ermənilərin Azərbaycan vətəndaşı olaraq daha yaxşı yaşaması təklifinin qəbul edilməsi ilə nəticələnə bilər.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev isə Qarabağ erməniləri ilə İrəvan arasındakı gərginliyin Qarabağ məsələsində hansısa irəliləyişə səbəb olduğunu güman etmir: “Ermənilərin hamısının mövqeyi birdir. Hətta müdafiə naziri David Tonoyan özbaşına Azərbaycan əsgərini vurmaqla bağlı bəyanat verə bilməzdi. Qarabağ klanı ilə Ermənistan arasındakı gərginlik isə Azərbaycana heç bir fayda verməyəcək. İrəvan separatçılara maliyyə ayırmayacaqsa, başqaları ayıracaq. Öz daxili oyunlarıdır”.

A.Nağıyev şübhə etmir ki, əsas oyun Qarabağdakı saxta seçkilərlə bağlıdır: “Paşinyanın öz namizədi var, 2020-si il ”seçkilərində" Bako Saakyan istəyir ki, Vitali Balasanyan onu əvəzləsin, bunu isə Paşinyan istəmir. Hətta “Artsax” vilayətinin qubernatoru kimi bir vəzifənin də olmasını istəyirlər. Paşinyan istəyir ki, Araik Arutunyan (keçmiş baş nazir) Bako Saakyanı əvəzləsin. Artıq Xankəndi və İrəvanı barışdırmaq üçün kilsəni də ortaya atmağa çalışırlar". Politoloqa görə, Azərbaycan ancaq və ancaq ATƏT və ya BMT-yə, digər beynəlxalq qurumlara işğalın davam etməsi ilə bağlı müraciət edə bilir: “Çox təəssüf ki, bu gün güc qanunlara daha üstün gəlir. Hazırda unikal vəziyyət yaranıb. Deməli, güc tətbiq etməyin vaxtı çatıb”.

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə də “Yeni Müsavat”a dedi ki, Paşinyan hakimiyyətinin ilk günündən Qarabağdakı separatçıları dəyişib, yerinə öz adamlarını yerləşdirməyə çalışır: “Çünki burada olanlar Qarabağ klanına məxsusdurlar və Köçəryanın təlimatı ilə idarə olunur. Ermənistandakı inqilaba qarşı əks-inqilab ssenarilərinin məhz Qarabağda hazırlanması da istisna deyil. Bunu Paşinyan yaxşı bildiyi üçün buradakı separatçı rejim başçıları ilə söz duelini aparır və dəyişməyi planlayır. Separatçı rəhbər Bako Saakyan və Vitali Balasanyanla davam edən aralarındakı böhran daha da kəskin xarakter ala bilər”. M.Əsədullazadə dedi ki, hazırda Nikol Paşinyan rejimi dəyişmək və zəiflətmək üçün maliyyəsini kəsir: “Bu da yeni təzyiq alətidir və istədiyi şəxsi rejim başçılarından uzaqlaşdırmaq üçün effektli variant kimi nəzərdən keçirir. Vitali Balasanyanla Paşinyan kəskin münaqişədədir və onun istefasını Bako Saakyandan tələb edir. Davam edən siyasi münaqişə hakimiyyət uğrundadır və İrəvan klanı Qarabağ klanını tam hakimiyyətdən qoparmağı hədəfləyir. Lakin Qarabağ klanı Xankəndidə dirəniş göstərir. Hesab edirəm ki, gələn il separatçı rejimdə gözlənilən seçki prosesində Paşinyan Qarabağ klanını uzaqlaşdırmağı planlayır. Buna da separatçı rejim aqressiya ilə cavab verir. Bako Saakyan öz ətrafını dəyişməklə yeni baş qaldıra bilən inqilabdan qorxur. Qondarma seçkilərə yaxın ətrafını təmizləməklə özünü sığortalamağa çalışır. Hesab edirəm ki, Kreml Qarabağ klanının arxasındadır və Paşinyana dirəniş davam edəcək”.