| Xəbər 1941 dəfə oxunub
Beynəlxalq güclər Azərbaycan və erməni icmalarını bir araya gətirə biləcəkmi?

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ötən həftə erməni işğalı altında olan ərazilərdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı beynəlxalq auditoriyaya növbəti müraciətini ünvanlayıb. İcmadan mətbuata verilən məlumata görə, müraciətdə beynəlxalq birlik erməni işğalı altında olan ərazilərdə Azərbaycan xalqının milli irsinin məhv edilməsinə göz yummamağa çağırılır.

Sosial medianın tələbləri nəzərə alınmaqla ingilis dilində hazırlanan videomüraciətdə əsas məqsəd diqqəti ermənilərin vandal hərəkətlərinə yönəltmək, işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrmizin dağıdılmasına son qoymağa nail olmaqdır.

Qeyd edək ki, bundan əvvəl də “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin  rəhbəri Tural Gəncəliyev diplomatik korpusun nümayəndələri ilə görüşlər keçirib, həmçinin Qarabağ həqiqətlərinin yayılması istiqamətində  müxtəlif tədbirləri reallaşdırıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə sonuncu səfərləri zamanı İrəvan, Xankəndində görüşlər keçirəndən sonra Bakıda, Azərbaycan rəhbərliyi, həmçinin Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvləri ilə də bir araya gəlmişdi. Həmin görüşdə icma üzvləri bildirmişdilər ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının ləyaqətli şəkildə mövcudluğu və sülh şəraitində birgə yaşayışının təmin edilməsi Azərbaycanın beynəlxalq tanınmış sərhədlərinin bərpası, işğalçı Ermənistan qüvvələrinin oradan çıxarılması və torpaqlarından qovulmuş azərbaycanlıların geri dönüşü ilə mümkündür. Qeyd olunan şərtlər daxilində bölgədə dayanıqlı və ədalətli sülhün bərqərar ola biləcəyi icma üzvləri tərəfindən bəyan edilib. İcma üzvləri həmsədrlərin regiona səfər etdikləri bir dövrdə qoşunların təmas xəttində Ermənistanın hərbi birləşmələri tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuzun öldürülməsindən ciddi narahatlıqlarını ifadə ediblər. Bildirilib ki, bu, Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını və hər vəchlə danışıqları pozmağa çalışdığını göstərir.

Azərbaycan XİN ötən həftə yaydığı açıqlamada bildirib ki, son günlər bəzi KİV nümayəndələri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfəri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşünə dair bəzi mülahizələrlə çıxış edirlər. Nazirlikdən bildirilib ki, bu, belə formatda keçirilmiş ilk görüş deyil. “Bu günədək həmsədrlər bölgəyə səfərləri çərçivəsində Dağlıq Qarabağın erməni icması ilə görüşdükləri kimi, azərbaycanlı icmanın nümayəndələri ilə də silsilə görüşlər keçiriblər. Burada təəccüblü heç bir şey yoxdur. Bu, həmsədrlərin mandatının bir hissəsini təşkil edir” - açıqlamada vurğulanır.

Onu da qeyd edək ki, Azərbaycan icması illərdir erməni icması ilə danışıqlara hazır olduğunu bəyan etsə də, qarşı tərəf bundan yayınır. Xankəndindəki separatçılar daha böyük iddiadadır, onlar rəsmi Bakı ilə birbaşa təmasa can atırlar, lakin bunu heç zaman görə bilməyəcəklər.

Ermənistanın baş naziri Nikol Paşinyan bu iddianın gerçəkləşməsi üçün bir neçə ay çalışdı, hətta Qarabağ ermənilərinin yer almadığı danışıqların mənasız olduğunu desə də, sonradan əvvəlki formatda keçirilən danışıqlarda iştirak etməyə vadar oldu. Bunun ardınca isə icmalararası danışıqlarla bağlı ilk dəfə mövqeyini açıqladı. İddia etdi ki, Qarabağın Azərbaycanlı icmasını Azərbaycanın prezidenti və digər rəsmi şəxslər onsuz da danışıqlarda təmsil edir, amma Ermənistanın Qarabağın erməni icmasını təmsil etməyə mandatı yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyi isə buna cavab olaraq bəyanat yayaraq bildirdi ki, beynəlxalq ictimaiyyət “işğal edilmiş ərazilərdə” məskunlaşan “erməni icması üzvlərini Azərbaycan vətəndaşları” kimi tanıyır.

Azərbaycan İcmasının fəaliyyətində nəzərəçarpacaq dərəcədə fəallığın artmasını ekspertlər də təsdiqləyir. Ancaq beynəlxalq təşkilatların icmalararası danışıqların baş tutması üçün təşəbbüs göstərəcəyini real saymır. 

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da razıdır ki, Azərbaycan icması son zamanlar xeyli fəallaşıb: “İcma lideri hətta erməni dilində videoçarxlar yayımlayır,  müraciətlər edir. Bu, çox vacib məsələdir. İcmanın fəaliyyətinə sanki yeni nəfəs gəlib. Səfirlərlə görüşür. Amma düşünürəm ki, bu, azdır. Növbəti mərhələdə icma lideri gərək Rusiya, Fransa, ABŞ-a səfər etsin, orada konfrans və seminarlar düzənləsin. Gərək ona bu işdə həmin ölkələrdəki səfirliklərimiz də dəstək versin. Bu kimi səfər və görüşlərlə bütün dünyaya anlatmaq lazımdır ki, Qarabağda təkcə ermənilər yaşamır, azərbaycanlılar da yaşayır”.

Amma E.Şahinoğlu düşünmür ki, bu cür fəallıq tezliklə icmalararası dialoqu intensivləşdirə bilər: “Qarşı tərəf bundan qaçır, çəkinir. Onlar dünyada elə bir görüntü yaratmaq istəyirlər ki, sanki Qarabağda ancaq ermənilər yaşayır. Lakin xarici ölkələrdə konfrans və seminarlar keçirməklə formalaşmış bu yanlış rəyi dağıtmaq olar”.

Politoloq Arzu Nağıyev də qəzetimizə bildirdi ki, münaqişənin həlli istiqamətində atılan hər bir addım təqdirəlayiqdir:“Müharibə tək səngərlərdə getmədiyindən bütün istiqamətlərdə təbliğat və deyərdim ki, hücum taktikası seçilməlidir. Qarabağ icması bütün münaqişə boyu belə müraciətlər edib. Hər danışıqlardan sonra, danışıqlardan əvvəl belə görüşlərlə yadda qalıb. Çox təəssüf ki, bu müraciətlər, bu görüşlər, beynəlxalq hüquqa istinad edilən müraciətlər münaqişənin həllində müsbət nəticə vermir. ATƏT, AŞ PA, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlara dəfələrlə erməni təcavüzünü pisləyən bəyanatlar edilib, qətnamələr qəbul edilib, amma icra mexanizmi olmadığından, gücün, ikili standartlarla yanaşmaların beynəlxalq qanundan üstün olması münaqişənin həllinə kömək etmir”.

A.Nağıyev icmalar arasında təması real saymır: “Vəziyyət elədir ki, iki icmanın normal bir görüş keçirməsinə də şərait yaradılmır. Çünki ermənilər ancaq danışıq subyekti kimi görüşmək istəyirlər, təbii ki, bu bəhanədir. İcma haqlı olaraq bəyan edir ki, BMT TŞ-nin dörd qətnaməsi 27 ildən çoxdur ki, yerinə yetirilmir. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərdə də bu məsələlərə tam aydınlıq gətirməyən üzvlər icmanın suallarını cavabsız qoyurlar”.

Arzu Nağıyev ile ilgili görsel sonucu

Arzu Nağıyev də təsdiqləyir ki, icmanın fəaliyyəti təqdirəlayiqdir, lakin bu, münaqişənin həlli üçün kifayət deyil:“Erməni icması qondarma qurumun tam nəzarətindədir və istər təhlükəsizlik baxımdan, istərsə də siyasi məsələlərə görə sərbəst deyil, buna görə də birbaşa danışıqlardan imtina edir və ya ancaq qondarma bir qurum kimi danışmaq istəyirlər. Yəni bu gün hələ görüşlə bağlı təşəbbüslər hiss olunmur”.