| Xəbər 1776 dəfə oxunub
Cahangir Hacıyevin məhkəməsində dövlət ittihamçısı vəsatətlərə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, o, vəsatətində "Aqrokredit"ə transfer edilmiş layihələrin mövcud vəziyyəti, texniki, iqtisadi göstəriciləri, avadanlıqların həcmi, dəyəri kimi məlumatların alınmasını istəyib və işin bütün hallarının araşdırılmasının zəruriliyini qeyd edib.

Digər vəsatət isə təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsi barədə olub.

Vəkil Aqil Layıcov bildirib ki, ekspert rəylərində təsviri hissə ilə yekun rəy arasında ziddiyyətlər var: "Təsviri hissədə kredit vəsaitinin hansı layihələrə köçürüldüyü göstərilir, nəticə hissəsində isə vəsaitin leqallaşdırıldığı qənaətinə gəlinir. Bu, ölkə xaricində kreditləşdirilən müəssisələrin istintaq tərəfindən yoxlanılmaması və qiymətləndirilməməsi ilə bağlıdır. Bu səbəbdən də həmin sənədlər ekspertə təqdim olunmayıb".

Vəkillər 4 milyard 130 milyard manatlıq mülki iddianın rədd edilməsi barədə də vəsatət qaldırıb: "Aqrarkredit" Cahangir Hacıyev də daxil olmaqla 23 nəfərdən bu məbləğin tutulmasını istəyir. Həmin vəsaitlər Beynəxalq Bank tərəfindən ölkə daxilində və xaricindəki layihələrə ayrılıb. 2015-ci ildə isə layihələrə nəzarət "Aqrarkredit"ə verilib. Mülki iddia verilərkən 4 il əvvəlki vəziyyət nəzərdə tutulub. Layihələrdən gələn gəlirlər nəzərə alınmayıb. Həmçinin xarici ölkələrdəki layihələrə ayrılmış vəsaitlər də qiymətləndirilməyib. Buna görə də mülki iddia rədd edilməlidir".

Vəkillərin son vəsatəti Vergilər Nazirliyi tərəfindən Cahangir Hacıyevə qarşı qaldırılmış mülki iddianın rədd edilməsi barədə olub. Onlar qeyd ediblər ki, Vergilər Nazirliyi C.Hacıyevə qarşı qaldırdığı 1.7 milyondan artıq mülki iddianı bundan əvvəl də təqsirləndirilən şəxs olan Dünyamin Xəlilova qarşı irəli sürüb: "Dünyamin Xəlilov barəsində məhkəmə hökm çıxarıb və mülki iddia təmin edilib. Qanuni qüvvəsinə minmiş hökmdə əksini tapmış iddianın yenidən Cahangir Hacıyevə qarşı qaldırılması yolverilməzdir".

 

Dövlət ittihamçısı vəsatətlərə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses iyunun 24-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.