|
“Azerbaijan International 2019” turnirində qaliblər müəyyən olub

“Azerbaijan International 2019” turnirində 5 kateqoriya üzrə qaliblərin adlarına aydınlıq gəlib.

Trend-in məlumatına görə, kişilərin şəxsi yarışında finalda isveçli Feliks Burestedtə 2:0 (21-13,21-12) hesabı ilə qalib gələn Danimarka badmintonçusu Ramsus Genke turnirin qalibi adını qazanıb.

Qadınların şəxsi yarışında ən güclü adını Tailand badmintonçusu Pittayaporn Çaivan qazanıb. Tailandlı idmançı həlledici görüşdə Belçika təmsilçisi Lian Tan üzərində 2:0 (21-15,21-16) hesablı qələbəyə sevinib. Qarışıq qoşa yarışlarında fransalı Tom Jikel-Delfin Delru tandem alman Mark Lamsfuss-İzabel Hertriç cütündən güclü olub 2:1 (9-21,23-21,21-15).Qadınların qoşa yarışında ingiltərəli Kloe Börç-Lauren Smit cütü Rusiya idmançıları Yekatirina Bolotova-Alina Davletova qoşasına 2:0(21-18,21-12) hesabı ilə qalib gəlib.

“Azerbaijan International 2019” turnirinə kişilərin qoşa yarışı ilə yekun vurulub. Bu kateqoriya üzrə həlledici görüşdə İngiltərə badmintonçuları Markus Ellis-Kris Lanqric qoşası almaniyalı Mark Lamsfuss-Marvin Seidel cütünə 0:2 (17-21,21-23) hesabı ilə uduzub.Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Türkiyə Badminton Federasiyasının prezidenti Murad Özmekik, Azərbaycan Badminton Federasiyasının vitse-prezidentləri Balaş Qasımov,Mirzə Orucov və Emin Zeynalov,Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev qalib və müfakatçılara medallar və müvafiq pul mükafatları təqdim ediblər.

 

Xatırladaq ki, ümumi mükafat fondu 25 min ABŞ dollar olan “Azerbaijan International 2019” turnirində 39 ölkədən 248 idmançı yarışın medalları uğrunda mübarizə aparıb. Bu TOKİO 2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran “International Challenge” kateqoriyalı yarışlar üçün record göstəricidir.