| Xəbər 736 dəfə oxunub
Tanınmış politoloq Azərbaycana partizan müharibəsinə başlamağı təklif etdi

Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan növbəti dəfə Dağlıq Qarabağ məsələsində konstruktiv mövqedən uzaq olduqlarını ortaya qoydular. Paşinyan və Mnatsakanyan İrəvanın “bir qarış torpaq da verməyəcəyik” ritorikasını təkrarladılar. Artıq demək olar ki, həftədə ən azı bir dəfə erməni baş naziri bu cür mövqeni dilə gətirir.

“Yeni Müsavat”ın “Yaranmış vəziyyətdə nə etməli” sualına cavabında politoloq Qabil Hüseynli bildirdi ki, Nikol Paşinyan faktiki olaraq Serj Sərkisyandan daha radikal mövqe nümayiş etdirir: “Erməni baş nazir və komandasının üzvləri Qarabağ məsələsində Serj Sərkisyan rejimini kölgədə qoymaqdadırlar. Onlar az qala hər gün ”Qarabağ məsələsində bir qarış da olsun torpaq geri qaytarılmayacaq, bu məsələ ümumiyyətlə, müzakirə mövzusu ola bilməz" kimi bəyanatlar verirlər. Paşinyanın bu mövqeyi üzündən Qarabağ danışıqları faktiki olaraq pozulub və Azərbaycan üçün bir yol qalıb - hərbi əməliyyatlara başlamaq. Artıq əminliklə söyləmək mümkündür ki, Nikol Paşinyanla sülh danışıqları aparmağın mənası qalmayıb. Çünki o, Qarabağ məsələsində güzəştə getməyə hətta Serj Sərkisyandan da betər şəkildə, açıq-aşkar hazır deyil. Onun destruktiv bəyanatları, ayda bir neçə dəfə işğal olunmuş Azərbaycan ərazilərinə getməsi sülh razılaşmasından tamamilə uzaq mövqedə olduğunu açıq-aşkar ortaya qoyur. Paşinyan hərbi əməliyyatların başlanması üçün əlindən gələn hər şeyi edib və Bakıya mesaj verir ki, torpaqları heç bir şərtlə qaytarmağa hazırlaşmır. Belə birisi ilə Qarabağ danışıqlar bərpa olunsa belə, real nəticəsi olası deyil. Ona görə də Ermənistanla danışıqlar aparmağın mənası yoxdur".

Politoloqun sözlərinə görə, Nikol Paşinyan nümunəsi bir daha göstərdi ki, Ermənistanda istər Qarabağ müharibəsinin iştirakçısı olsun, istər müharibədə heç vaxt iştirak etməyən siyasətçi olsun sülhə, güzəştə hazır olan siyasətçi yoxdur:“Hansısa erməninin Azərbaycanın zərbələrini hiss etmədən güzəştə gedəcəyi heç vaxt mümkün deyil. Ermənistana rəhbərlik edən istənilən ermənini Azərbaycan yalnız güc tətbiq etməklə sülh razılaşmasına məcbur edə bilər. Başqa yol yoxdur. Ermənistanda təkcə siyasilər yox, hətta orta və aşağı səviyyəli insanlar da millətçlik xəstəliyinə tutulub və onlarla danışıq aparmağın mənası qalmır. Ermənistanda hakimiyyətdə kim olur-olsun, Azərbaycana qarşı siyasət dəyişməyəcək, işğal olunmuş ərazilərin geri verilməsindən söhbət belə getməyəcək. Hansı tərəfdən baxsaq, müharibədən başqa yol qalmadığı görünür. Ermənilər görməlidirlər ki, onların qarşısında duran dövlət işğaldakı torpaqların itirilməsi ilə barışmayacaq. Bu yolda müxtəlif taktiki variantlara əl atmaq lazımdır. Uzun müddətdir ki, bir neçə şəxsin dilindən partizan müharibəsi kəlməsi səsləndirilib. Ruslar özü ikinci dünya müharibəsində, elə birinci dünya müharibəsinin özündə xalqlar öz suverenleyini və ərazi bütövlüyünü qorumaq üçün partizan müharibəsindən istifadə ediblər və buna görə də kimsə kimsəni günahlandırmayıb. Buna uyğun olaraq dövlət təxribat qrupları da təşkil edib və onun partizan döyüşçülərin gözünə qatıb. Əlbəttə ki, bu məsələlər idarə edilir. Azərbaycan ilk olaraq partizan müharibəsinə başlamalıdır. Bu müharibənin hazırlanıb həyata keçirilməsinin taktiki variantları üzərində fikirləşməyə dəyər. Bizim öz ərazilərimizdə partizan müharibəsi aparmaq üçün hər cür haqqımız var. Başlanacaq müharibə də Qarabağın taleyini həll edəcək. Ermənistana kəskin cavab verməyin vaxtı gəlib çatıb. Bizim müharibədən başqa əlacımız yoxdur. Təpədən dırnağa qədər müharibəyə köklənməliyik”.