| Xəbər 1132 dəfə oxunub
Güləşçilərimiz Avropa çempionatının sonuncu günündə iki medal qazanıb

Azərbaycanın gənc güləşçiləri Asxab Həmzətov və İslam Abuyev İspaniyada keçirilmiş Avropa çempionatında müvafiq olaraq fəxri kürsünün ikinci və üçüncü pilləsində yer alıblar.

AZƏRTAC xəbər verir ki, iyunun 9-da yarışların sonuncu günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər medallar uğrunda mübarizəyə qoşulublar.

Qitə birinciliyinə dörddəbir finaldan başlayan Asxab Həmzətov (92 kq) Bolqarıstan idmançısına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə çexiyalı idmançıdan da üstün olan Balakən güləş məktəbinin yetirməsi adını finala yazdırıb. A.Həmzətov iyunun 9-da həlledici qarşılaşmaya çıxıb. Rusiya idmançısına uduzan millinin üzvü Avropa çempionatının gümüş medalına sahib olub.

Yüz iyirmi beş kiloqram çəki dərəcəsində yarışan İslam Abuyev isə ilk görüşdə İsveç təmsilçisindən güclü olub. İslam daha sonra Ermənistan idmançısına qalib gələrək yarımfinala adlayıb. Ancaq o, finalın bir addımlığında Rusiya güləşçisinə məğlub olub. Yığmamızın üzvü iyunun 9-da bürünc medal uğrunda mübarizə aparıb və Türkiyə pəhləvanına qalib gələrək çempionatda üçüncü yeri tutub.