|
100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin zəfərlər tarixindən səhifələr
Yazar: Şirməmməd HÜSEYNOV

Ərazi məsələsindəki müvəffəqiyyətimiz 

Lənkəran düşmənlərdən təmizləndi.

Muğana çəkilən xaxollar Azərbaycan ordusunun vürudi üzərinə silahlarını təslim etməgə başladılar.

Qarabağ erməniləri Azərbaycan hakimiyyətinə boyun qoydular.

Naxçıvan, Şərur və Dərələgöz qəzaları həqsiz olaraq kən-disinə təhəkküm etmək istəyən erməni soldatlarını məmləkətdən çıxartdılar.

İşdə mətbuatı-milliyyənin son həftələr içərisində nəşr etməkdə olduğu mühüm xəbərlər silsiləsi.

Azərbaycan Cümhuriyyətinin ərazi məsələsindəki maəql tələbatı ilə aşina olanlar bu xəbərləri oxurkən hökuməti-hazirənin müvəffəqiyyətini təslim məcburiyyətində qalacaqlardır.

Demək olur ki, kabinə proqramının bu fəsli haman-haman tətbiq edilmişdir.

Bu nöqteyi-nəzərdən bundan doqquz ay əvvəlki vəziyyətimizlə şimdiki vəziyyətimiz müqayisə edilərsə görünür ki, bir çox bədbinlərin təsəvvürü ilə imdiki böyük bir müvəffəqiyyət Azərbaycan xəlqinin nəsibi olmuşdur.

Doqquz ay bundan müqəddəm ümumi vəziyyəti-siyasiyyənin dəgişməsi ilə ingilislərin Azərbaycana qədəm qoyduqları zaman bütün mövcudiyyətimiz təhlükədə təsəvvür oluyor, daxilən dəxi Qarabağ, Lənkəran, Borçalı kibi vətənin ayrılmaz parçaları bizi tanımayan yabançı əllərdə bulunuyordu. Naxçıvan, Şərur və Dərələgöz qəzaları ilə Sürməli və sair bu kibi Azərbaycan əhalisi ilə məskun olan vilayətlərimizin müqəddəratı dəxi mərkəzdən uzaq olmaları həsbilə olduqca qaranlıq bir şəkildə idi.

Bu gün ingilisləri dostanə bir şəkildə yola saldıqda ərazi məsələmizin də daha müvafiq bir şəkildə həll edilmiş olduğunu görüyoruz. Təbii fövqdə zikr olunan məsələlərdən başqa ərazi proqramına daxil olub bir an əvvəl həllini tələb edən Zəngəzur məsələsi ilə Borçalı məsələləri vardır.

Fəqət bunlardan birincisi yaxın bir zamanda həll olunacağı kibi o birisi də müttəfiqlərimiz Gürcüstan ilə sülhən həll oluna biləcək bir hala qoyulmuşdur. Hər halda bu məsələ bizi kəndisi ilə bərabər daha mühüm bir təhlükeyi-ümumiyyə qarşısında bulunduğumuz və bu təhlükənin rəfi üçün silah arkadaşı olduğumuz Gürcüstan ilə pozuşduracaq mahiyyətdə degildir.

Şu surətlə Nəsib bəy kabinəsi başlıca məqsədləri içərisində ən mühimini təşkil edən ərazi məsələsini əsasən həll etmiş kibidir.

Şimdi ərazi məsələsi degil, Azərbaycan üçün hüdudunu təyin və təmin etmək məsələsi qalıyor ki, bu bir tərəfdən zamanə, digər tərəfdən tədabili-siyasiyyəyə və ələlümum da qüvayi-əskəriyyəyə bağlı bir məsələdir.

Təbiidir ki, kabinəsinin digər xüsusatı-idarədəki gördüklərini bir tərəfə qoyub yalnız bu xüsusdakı tətbiqatını alırsaq kəndisini təyin ilə iki məqsədlərinin yüzdə əllisində müvəffəq olduğuna hökm etmək məcburiyyətindəyik.

Kabinənin bu xüsusdakı müvəffəqiyyəti heç şübhəsiz ki, əskəri təşkilatımızda göstərilən fəaliyyətlə müvəffəqiyyətə bağlıdır.

Bundan dörd ay əvvəl əskərlərimizdə fərarilik vardı. Xəlq lazım olduğu həvəslə əskər vermiyordu. Təşkilati-əskəriyyəmizdə nöqsan vardı. Bilxassə xəstəlik əskərləri qorxuduyordu. Əskərlər iaşələrindən şikayət ediyorlardı.

İştə o zaman Azərbaycan Cümhuriyyətinin təlimati-mülkiyyəsi də təmin edilmiş degildi. Şimdi tamamiyyəti-mülkiyyəmiz felən təmin edilməgə mütənasib olaraq qüvayi-əskəriyyəmizin kəmiyyət və keyfiyyətini nəzəri-etinaya və mühakiməyə alırsaq görüyoruz ki, bu iki hal arasında bir növ münasibət vardır.

Ordumuz əlhəmdülillah sağlam, fərarimiz yox kibi, xəstəliklər yox, məmləkətin nöqteyi-mühimmisində ümidli olaylar duruyor. Lənkəran, Qarabağ, Naxçıvan təslim oluyor.

Bu gün deyə biləriz ki, qismi-küllisində təmin edilmiş olan Azərbaycan ərazisi üzərində yaşayan türk xəlqində getdikcə möhkəmləşən fikri-istiqlal və fədakarı nəticəsində cümhuriyyətimiz daxili əngəllərdən təmin edilmişdir.

Bu gün bütün xəlqimizi, hər bir vətəndaşı əndişədar edəcək bir məsələ varsa, o da Şimaldakı qüvvənin təhdididir. Fəqət daxildəki məsələmiz həll olunduğu bir zamanda bu kibi təhlükələr istiqlalını göz bəbəyi kibi qorumağa and içmiş olan bir millət üçün qorxulu olamaz.

Yetişər ki, hökumət idarəsi ilə əlaqədar olan bəzi siyasi məhfillərimiz ümuri-idarədəki əsaslı müvəffəqiyyətləri gözdən uzaq buraxıb da əksərən prinsipdən ziyadə bir takım şəxsi təmayülatə qapılıb siyasət oyunu çıxartmasınlar.

Bitərəf xəlq əlbəttə görüyor ki, bu qədər dedi-qodularla bərabər hökumət tutduğu yol ilə ciddiyyətlə gediyor və digər məsail arasında pək həqli olaraq məsələnin canını təşkil edən xarici siyasətlə ərazi məsələlərində gündən-günə müvəffəqiyyətlərə nail oluyor. Böylə iki yeni böhranlar törətməgə mətlub olan "tənqid"lərin cavabı nə olduğunu əfkari-ümumiyyə kəndisi verər.

"Azərbaycan", 28 ağustos 1919, №262 

Ordumuz zəfərdə

Müşkülatlı günlərdə dəxi qərəzləri unuda bilməyən, hesablarını sabaha qoymaq istəməyən "siyasi"lərimizin, giriftarlığımızdan istifadə eləməyi unutmayan rəqiblərimizin, talein qaş çatmasını görüncə zəhərxəndələrlə gülən düşmənlərimizin bilərək-bilməyərək əfkari-ümumiyyədə doğurduqları böyük bir şübhə vardı.

Əcəba, Əskəranı təkrar alacaq, Qarabağ üsyanını basdıra bilə-cəkmiyiz?!.

Aprelin birində Məclisi-Məbusan kürsüsündə hökumət naminə məlumat verən daxiliyyə naziri hər kəsi düşündürməkdə olan bu suala:

"Yaxın bir zamanda Qarabağda bərhəm olan intizam və asayiş təkrar bərqərar olur!" deyə cavab veriyordu.

Fəqət ürəkləri siyasəti-vəsvas ilə dögünən, dilləri isə xeyrə pək də alışqın olmayan münəqqid məbuslar isə bu mətin bir etimadla söylənən bəyanata qarşı zəhərxənd istehza fırlataraq:

- Bu hökumət yapamayacaqdır! - diyorlardı.

Məbusanda bu qədərlik bir kinayə ilə millətin ümid və imanına rəxnə vuran "bədniyyətlik" əfkari-ümumiyyəyi yasamiz xəbərlərlə əziyor, ümumi bir həyəcan doğuruyordu.

İmanları qəvi, təbiətləri nikbin olanlarımız hər nə qədər bunun "iki günlük" bir məsələ olduğunu bəyan ediyorlardısa da təvəhhüm tamamilə ortadan qalxmıyordu.

Böylə ikən mübahisəyə gənc ordumuz müdaxilə etdi. Bütün Azərbaycanı başdan-başa sürurə qərq edən bir xəbər gəldi:

- Əskəran alındı!

Əskəran erməni asilərinin əhdi-şəkinanə bir surətdə gecə basqını yaparaq ələ keçirdikləri bir istehkam idi.

Bu istehkam bir boğaz üzərində vaqe olub iki tərəfində vaqe olan yüksək sərtlər tamamilə erməni köyləri tərəfindən məskundur.

Qarabağın Dardanelini təşkil edən bu keçid tarixdə çox böyük orduların qabağını saxlıyaraq çox böyük müdafiələrə şahid olmuşdur. Burada beş yüz fədakar və müsəlləh adam olursa firqələrin qabağını saxlaya bilər. Keçidin ətrafı dəxi asi erməni köylərindən ibarət olunca təsəvvür etməlidir ki, cavan Azərbaycan əskəri nə kibi bərk bir səngəri almaq vəzifəsilə müvəzzəf idi.

Qəhrəmanlarımız öhdələrinə götürdükləri vəzifəyi parlaq bir surətdə ifa etdilər. "Ya Allah, Əskəran yenə bizimdir!" deyə millətin qəlbinə girib də vəsvəsələr çıxaran xənnası susdurdular.

Cəbhədən dönüb gələn bir arkadaşımız əskərlərimizin xudapəsəndanə bir surətdə dögüşdüklərini anlatırkən diyordu ki, Daş Başı hücumuna hazırlanan bir əskərə "haraya gediyorsunuz" - deyə sorduğum zaman "Daş Başına gediyoruz ki, onu baş daşı edəlim" cavabını verdi.

İştə həpimizə nümunə olacaq əzm və ümidin şairanə bir misalı!

Əskəran zəfəri ordumuzun yapdığı təcrübələr içərisində demək olur ki, ilk zəfərdir. Lənkəran səfəri yalnız ordunun səlaməti ilə həll olunmuş, orada silah sınamağa ehtiyac qalmamışdı. Zəngəzur hadisəsi hər nə qədər ordumuzun şücaətini göstərmişdisə də, nəticə etibarilə bir zəfər olamamışdı.

Əskəran artıq gənc ordumuz üçün həqiqi bir sınaq oldu. Lilla-hilhəmd ki, bu sınaq Azərbaycanın taleinə inanan bütün mömin qəlblərə sevinc verdi, vəsvəsəli ürəklərə dayaq oldu.

Düşmənin xəyanətinə qarşı mahiranə bir surətdə müqabilə edən Şuşa və Xankəndi qarnizonları ilə vuruşacaq bu qəhrəman qüvvətlərimiz artıq əmin olalım ki, erməni macəraçılığına qəti bir intəha verərək Qarabağ məsələsini birdəfəlik həll edəcəkdir.

- Yaşasın gənc ordumuz! Ulu tanrı zəfərlərini çoxaltsın!...

Ordumuzun zəfərindən bəhs edərkən məmləkətin hər tərəfindən axıb gələn fədakar könüllülərimizdən uzun-uzadıya bəhs etmək istəmədim, çünki ordu millətin qabiliyyəti-müdafiəsini təsdiq edən bir qüvvətdir. Ordunun zəfəri millətin, millət fədailərinin zəfəri deməkdir.

Müzəffər ordumuza verilən səlah ordu ilə bərabər qanını axıdan bütün fədailərə aiddir. Səyləri məşkur, ruhlar şad olsun!

M.Ə.Rəsulzadə

"Azərbaycan", 6 nisan 1920, №68

Məsuliyyətimiz artdı! 

Məqaləmizin ünvanını oxuyan qarelər, əcəba, nə oldu? Könül arzu etməyən bir hadisəmi oldu? - deyəcəklərdir.

Fəqət heç də təlaş edilməsin: könlü rəncidə edəcək bir hadisə yox, biləks sevincli vəqələr vardır!

Bir il altı aydan ziyadə ana vətəndən ayrı düşüb müxtəlif rəngli macərapərəstlərin əlində əsir qalan Lənkəranımız, o ərzaq ambarımız lillahülhəmda əda əlindən qurtardı. Yeni ordumuzun ilk səfəri müvəffəqiyyətlə keçərək Muğanda bərkişən igirmi minlik silahlı rus qüvvətini təslimə məcbur edərək onlarca top, pulemyot və minlərcə tüfəng, fişəng və mərmilər aldı.

Qarabağ, vətənimizin o gözəl bucağı həyati-iqtisadiyyəmizi parçalayan, sularımızın başını tutaraq bizi fəlc bir halə qoymaq istəyən inadlı qomşularımızın israrından qurtardı.

Fəzlə qanlara məhəl vermədən erməni əhalisi məsələnin sülhən həllini iltizam edərək Azərbaycan hakimiyyətini qəbul etdilər.

Naxçıvan, şəraiti-təbiiyyəsi ilə həqiqətən də "nəqşi-cahan" olan o Azərbaycan ölkəsinin ayrılmaz qitəsi qəhrəman və fədakar övladının himməti sayəsində aldanaraq ayrı düşdügü vətənə qovuşmaq üçün üsyan həqqindən istifadə etdi. Naxçıvan asi Ermənistan ordusunu hüdudu xaricinə atdı.

Ortada ürək ağrısını və məqsədlərimizi təhdid edərək duran Zəngəzurun da yaxın zamanda zərərsiz bir halə qoyulub Astara çayı və Samur köprüsündən tutub, Araz nəhri ilə Culfa köprüsünə qədər maneəsiz bir yol açılacağını ümid edə biləriz.

Azərbaycan ərazi mətalibi bu surətlə qismi-mühümi ilə həll edilmiş deməkdir. Cümhuriyyətimizin hakimiyyəti təhtinə keçən və ərazi daxilində zamanımızdakı əhvali-fövqəladəyə nəzərən nisbi bir əmniyyət və intizamın dəxi hökmfərma olduğunu inkar olunamaz.

Böylə bir zamanda məmləkətimizdə bulunan xarici ingilis qüvvəti neçə gündür ki, toprağımızı tərk edib getmişdir. Ayın 26-dan etibarən Azərbaycan həqiqətən də müstəqil olub kəndi qüvvətinə qalmışdır.

Bu günə qədər İngiltərə komandanlığının buradakı hüzuri idareyi-məmləkətdəki məsuliyyətimizi bizimlə bölüşüyordu. Bu məsuliyyət təqsimi yalnız maddi və müəyyən şeylərdə degil, mənəviyyatda da vardı. Xəlqin ruhiyyatı bilxassə türk olmayan azərbaycanlıların mənəviyyatı üzərinə bunun böyük bir təsiri vardı. Halbuki imdi iş böylə degildir. Tamamilə özümüzə buraxılmış bir haldayız.

Bu vəqtə qədər Azərbaycan daima xarici bir qüvvət sayəsində durmuşdur. Bir zaman türklər gəldilər, bizi mühəqqəq ölümdən qurtardılar. İngilislər zamanında idarə və hürriyyətlərimizin daha ziyadə kökləşməsinə çalışa bildik. Kəndi qüvvətimizə inanmayan bir çox süst ünsürlərimizlə düşmənlərimiz bu dövrlərdəki müvəffəqiyyətlərimizi özümüzdən ziyadə xarici təsirlərə bağlamaq istiyorlar. İngilislər olmasaydı bunu yapamaz, onu doğrultamaz, öz qüvvətinizlə idarə edə bilməzdiniz; diyorlar. Bunu burada bizim üzümüzə qarşı açıq degil, kinayə ilə ehsas etdiriyorlarsa da, xaricdə, Avropada müttəfiq qəzetələrində aşkara söylüyorlar. Diyorlar ki, azərbaycanlılar asiyalı bir millətdirlər. Özlərini hürriyyətlə idarədən acizdirlər. Hələ xristian millətlərini heç idarə edə bilməzlər.

Bu, həqqimizdə söylənən böhtanların ümumi bir şəkli-ifadəsidir. Yoxsa düşmənin qələmindən, dilindən çıxan böhtanları nəql edəcək olursaq tüklər ürpər.

Bu böhtanları daha əvvəlcə də söyləmişlərdi. İngilislər buraya gəldikləri zaman o böhtanlarla zəhərlənmişlərdi. Bunun üçün də bundan doqquz ay əvvəl hissiyyatımıza toxunulmuş, mənəviyyatımız təhqir edilmişdi.

Fəqət əhval ilə vasitəsiz aşina olan avropalılar, əzcümlə ingilislər işin əksini gördülər. Və buradan gedərkən bizim ən iyi məruflarımız olaraq getdilər. Avropadan aldığımız xəbərlər dəxi İngiltərə mənabei-rəsmiyyəsi tərəfindən həqqimizdə verdigi məlu-atın lehimizdə olduğunu təyid etməkdədir.

Fəqət imdi tamamilə kəndi-kəndimizə tərk edildigimiz bu zamanda məsuliyyətimiz daha ziyadə artır. Çünki görəcəgimiz işə müdaxilə edən yox, istiqlalımızı təhdid edən nə maddi, nə də mənəvi bir qüvvət var. Bu günə qədər olan müvəffəqiyyətlərimizi düşmənlər xarici təsirə çıxa bilərlərdi. Bu gün isə onu da yapamazlar.

İstiqlalımız təsdiq olunacaqmı? - bu bir sualdır. Fəqət istiqlalımız felən mövcuddur - bu bir həqiqətdir.

Bu həqiqəti hüsni-idarə edər, bu həqiqət zamanında özümüzün həqiqətən istiqlala şayəstə bir millət olduğumuzu isbat edərsək, o zaman əmin ola biləriz ki, yuxarıdakı suala müsbət bir cavab alacağız.

Bu sualın cavabı üçün daha bir neçə ay gözləmək lazım.

Ehtimal ki, üç-dörd ay sonra sülh konfransı Zaqafqasiya hökumətləri həqqində bir qərar verər. O qərar alıncaya qədər özümüzü həm daxildə zühur edəcək, həm də xaricdən gələ biləcək əmri-vaqelərdən qorumalıyız.

Bu xüsusda Avropa əfkari-ümumiyyəsi, bilxassə sülh konfransı və müttəfiq məhfilləri üzərinə icrayi-təsir edəcək vəqələr, heç şübhəsiz ki, hazırkı vəziyyətin, imdiki nizam və asayişin mühafizəsi şərtdir. Fəqət şəraiti-nizam müsəlman olmayan millətlərlə olan münasibat və rəftarımız olacaq.

Düşmənlərimiz çoxdur - bunu biliyoruz. Düşmənlərimizin bizə qarşı ən böyük silahı bizi özümüzdən olmayan millətləri idarə edə bilməmək töhmətidir. Biz, bizdən olmayanları kəsər, qaba qarşılarmışız.

Bu isnadın sırf böhtan olduğu yenə Lənkəran, Qarabağ məsələləri ilə Gəncədə yaşayan ermənilərin bu günə qədər burunlarının olsa da qanamadığı ilə sabitdir. Fəqət bunu daha qüvvətli bir surətdə isbat etmək günləri şimdidir.

Bu şərtdən sonra məmləkətimizi daxili ixtilallardan, anarşidən, bolşevizm bəlasından saxlamaq dəxi böyük vəzifədir. Çünki bir an əvvəl Qafqasiyaya gəlmək istəyən Denikinin Avropaya qarşı məram anlatması üçün yeganə bəhanə "bolşevizm" bəhanəsidir. Məmləkətimizi bolşevizmdən əmin saxlarsaq bununla Şimal təhlükəsinə qarşı siyasi bir üstünlük qazanarız.

Üç-dörd ay bu surətlə məmləkəti idarə edərsək sülh konfransından bizi tanıyacaq bir qərar almaq ümidi pək o qədər də uzaq degildir. İngilis ordusu buradan gediyorsa da Avropa ilə münasibatımız qət olunmuyor. Sülh konfransı naminə Zaqafqasiya hökumətləri nəzdinə məmur olaraq amerikalı Qaskel təhti-riyasətində bir komissarlıq təyin edilmişdir. Qaskel Ermənistana gəlmiş, Gürcüstana gəlmiş, yaxında Bakıya da gələcəkdir. Bundan əlavə İngiltərə xariciyyə nəzarəti tərəfindən yenə Zaqafqasiya hökumətləri nəzdinə təyin olunmaq üzrə Vurdrop riyasətində bir heyəti-məxsusə göndərilmişdir. Vurdrop müstəşriqlərdən olub olduqca alim bir zatdır. Türkcə, gürcücə və ermənicəyə aşinadır. Vəzifəsi bu vəqtə qədər olan əskəri komandanlıqlar kibi degil, sırf siyasi və iqtisadidəndir. Bunlardan əlavə İtaliya hökuməti tərəfindən dəxi polkovnik Qappa təyin olunmuşdur. Bu dəfə Qappa komandanlığın degil, xariciyyə nəzarəti məmurudur.

Bunlar tamamilə Zaqafqasiya hökumətini tanımaq demək degilsə də, yarım tanımaq kibi tələqqi oluna bilər. Bilxassə Vilsonun sözlərini dəxi burada yada salmalıyız. Amerika Rəisi-Cümhuri Parisdəki sülh heyətimizlə görüşürkən Zaqafqasiyanın bir cümhuriyyəti-müttəfiqə şəklinə girməsinin daha ziyadə mətlub olacağını söyləmişdir. Sülh konfransı tərəfindən Rusiya hökuməti olaraq tanınan Kolçak komandanlığına dəxi Zaqafqasiya cümhuriyyətlərinin vəziyyəti-hazirəsinə təcavüz etməmək yolunda verilən dəstur bu nöqteyi-nəzəri işıqlandırmaqdadır.

Bu əlamətlər, əlbəttə, bizə ümid veriyor ki, hər halda Zaqafqasiya hökumətlərinin müqəddəratı Rusiyadan ayrı olaraq tələqqi edilər.

İştə bu əlamətlərə əhəmiyyət verərək əlimizə keçmiş istiqlal felimizi daha ziyadə ciddiyyət və əhəmiyyətlə müdafiə etməliyiz.

Ayın 26-dan etibarən millət tamamilə kəndi müqəddəratına kəndisi hakim bir vəziyyətdədir.

Bu vəziyyəti qan bahasına, can bahasına olsa da əldə saxlamaq boynumuzun vəzifəsidir.

Bir tərəfdən zövqi-istiqlal, digər tərəfdən vəzifə məsuliyyəti ilə böyük olan bu günlərdə hökumətə tədbir və qətiyyət, firqələrə həmiyyət və etidal, millətə ciddiyyət və fədakarlıq lazım.

Əvət, möhtərəm qarelər, istiqlalımıza felən nail olmaqla böyük bir zövqi-milli duyuruz. Fəqət bu zövq biliniz ki, məsuliy-yətimizi artdırıyor.

Məsuliyyətdən qorxalım, vəzifə başına qoşalım!

M.Ə.Rəsulzadə

"Azərbaycan", 29 ağustos 1919, №263 

Həşəmətli bir gün

(Müsavat məsləkinin elani-zəfəri) 

28 Mayıs.

Üç boyalı bayraqlara örtülmüş dər və divar, rəngin və zəngin xalılarla bəzənmiş pəncərə və balkonlar, sokakları doldurmuş təmənnak gözlər, mütəbəssüm çöhrələr, göylərə inikas edən elektrik ziyalı lampalar, Parlaman qarşısında məhşəri-kübrayı andıran o on minlərcə qəfalı izdiham, hürriyyət meydanında Şollar suyunun bir sərinlik nəşr edərək yüksəklərə fışqıran fəvvarəsi yanında sərbəstliyi bəsait olaraq duran əskərlər, əskərlərin hökumət rəisi təbrikinə müqabil "Yaşa! Yaşa! Yaşa!" deyə böyük meydanı dolduran möhtəşəm sədaları və bu sədaya bir inikas olaraq yerdən, göydən, hər yandan qopan alqışlar, küçələrdə gəzişən izdihama ağ çarşaflarilə lətif hüsn və şairanə bir məna verən xanımlar, musiqi tərənnümatına qovuşan "Yaşasın!" sədaları, natiqlərin same ilə bərabər qəlblərə verdigi həyəcan və təhsislər, türk mətbəə işçilərinin tarix təbaəti, aktyorlarımızın da ələlümum mazimizi canlı bir surətdə təşhirlə paytaxt küçələrini gəzişmələri, "kiçik" əskərlərin "böyük" toplar və "son sistemli" tüfənglə rəfilə etmələri, daha nələr, nələr - iştə İstiqlal Günü paytaxtımızın aldığı mənzərənin səthi bir surətdə çizilən xütuti-əsliyəsi...

Bakı tarixinin bəlkə də bu ana qədər qeyd eləmədigi bu böyük gündə bir çoxları kəndi-kəndilərinə:

Əcəba, bu uykumudur!? - diyordular.

Əvət, bu Azərbaycan tarixinin ən böyük həqiqətini təşkil edən gün o qədər xariqüladə idi ki, uykuya bənziyordu.

Fəqət bu həqiqəti bundan iki sənə əqəll Mayısın 28-də şənglər yapan xəlq bugünki kibi təsəvvür və xəyal etməmişdisə də, Azərbaycan şüarını ortaya atan firqəmiz istiqbalda böylə bir günə malik olacağımızı heç şübhəsiz ki, təsəvvür eləmişdi.

Müsavatçılar üçün bu gün ikili bayramdır. Milli bayram - fikir bayramı!

Bundan bir sənə əvvəl ümum fəlakət və anarşi içində olaraq millət vəkilləri tərəfindən elan olunan istiqlal, etiraf etməlidir ki, xəlqimizdə böyük bir hissiyyat və ümid oyatmıyor, hər kəs onu bir növ məcburiyyətlə qəbul ediyordu. Fəqət bir sənə sonra fikri-istiqlalın nə dərəcədə ümumi və milli olduğunu görüyoruz.

Görüyoruz ki, bundan bir sənə əvvəl Tiflisin bir guşəsində qalan Azərbaycan müməssilləri nə böyük bir vəzifəyi nə qədər hüsni-ifa etmişlər və millətin istədigini nə dərəcədə doğru olaraq dərk eləmişlərdir.

Mayısın 28-də istiqlal bayramını qeyri-qabil təsvir bir səmimiyyətlə qarşılamaları ilə azərbaycanlılar bütün aləmə göstər-dilər ki, istiqlaldan əl çəkmiyəcəklər və bütün cahangirlərə dedilər ki:

- İstiqlal xanların, bəylərin, ağaların degil Azərbaycan xəlqinin, bütün millətin amalı, ən müqəddəs idealıdır.

Böylə bir hissiyyata malik olan millətin həqqini hər kəs tanımalı, bu milləti bu qədər sevdigi hürriyyət və istiqlalını müda-fiə üçün mübarizə edə bilər bir halə qoymalıdır.

Növzadi-istiqlal bir yaşına çatdı. Möhtəşəm İstiqlal bayramı ilə bu növzad artıq süddən ayrıldı. Parlaman məbuslarından birisinin dedigi kibi "dili xörəyə dəyən uşaq artıq süd yeməz!"

Azərbaycan milləti artıq əsarətə getməz!

Yaşasın Azərbaycan!

M.Ə.Rəsulzadə
"İstiqlal" qəzeti, 31 mayıs 1919, №17 

İstiqlal bayramı 

Mayısın 27-də daha şəhər bayraqlar ilə müzəyyən edilmişdi. Hər kəsdə bir təlaş görünməkdə idi. Paytaxtımızın yuxarı his-sələrində belə alaqapı qayrılmaqda idi. Küçələr boyu məftillər çəkilərək əlvan fanuslar, rəgbərəng bayraqlar asılırdı. Türk ətfalı da işbu bayramın əzəmətini, hörmətini düşündüklərindəndir ki, bir gün əvvəl rəsmi keçidə hazırlanırdılar. Kağız papaqlar, taxta silahlar hazırlanır, dalanlarda təlimat yapılırdı.

Gözlənilən 28 Mayıs günəşi tülu etdi. Artıq paytaxtın bəzəyi on qat artmışdı. Sokak boyu aşağı-yuxarı baxacaq evlərdən üç rəngli, hilallı, ulduz nişanlı bayraqların yellənməsi insanın qəlbində fərəh oyadırdı.

Yaşıllıqlar ilə bəzənmiş balkonlardan asılmış qiymətli xalılar, ipək örtüklər, "Yaşasın istiqlal!", "Yaşasın Azərbaycan!" yazılı bayraqlar millətdə ruhi-vətən və millət məhəbbətini layiqincə göstərirdi.

Marşurut qərarı üzrə məktəblərin çocuqları buradan Məclisi-Məbusan (parlaman) qarşısına getməli idi. Bazar küçəsi ipək parçalar, xalılar və rəngbərəng bayraq ilə bəzədilmişdi.

Məclisi-Məbusan bir gün əvvəldən istiqlal bayramı libası geyinmişdi. Damında elektrikdən "Yaşasın istiqlal!" şüarı yazıl-mış, böyük qapısı üstündə məşhur türk nəqqaşı Əzim Əzimzadə tərəfindən yazılmış istiqlal embleması elektrik lampaları ilə bə-zənmişdi. İşbu rəsm olduqca mənalı və calibi-diqqət idi. Bir gün əvvəl buradan keçənlər biixtiyar durub rəsmə baxır, gözəlliyini və manidar olduğunu tanımadığı başqa bir tamaşaçıya söyləyirdi.

Bu rəsmdə Azərbaycanın tarixi nümunələri mahiranə bir surətdə təcəmmö etmişdi: Qız qalası üzərində üç rəngli Azərbaycan bayrağı, Suraxanıdakı tarixi Atəşgədə, sentyabr müharibəsində xəsarət almış Yanar Dağ...

Digər tərəfə minarələrində ay-ulduz rəkz edilmiş, Xan məscidlərini tülu etmiş, istiqlal günəşi işıqladır. Zanbaq kimi istiqlal səmasında Vətən, İstiqlaliyyət və Məhəbbət nişanı, mülk bütün Azərbaycan üzərində üç rəngli hilal-ulduzlu "Yaşasın istiqlal!" şüarlı bayrağı tutmuşdu.

Həqiqət işbu rəsmi-şayan təhsin idi.

Bələdiyyə idarəsi də bayraqlar içində idi. Bir sözlə, bayraqlar, bayraqlar! Yaşıl ot, əlvan parçalardan alaqapılar bəzədil-miş idi. Küçəyə çıxan balkon elektrik ilə çıraqban edilmişdi. Şəhər bağı və bulvarda da bələdiyyə idarəsi tərəfindən alaqapılar bəzənib hesabsız milli bayraqlar asılmışdı. İçəri şəhərdəki bütün məscidlərin minarələri başında milli bayraqlar rəkz edilərək elektrik ilə çıraqban edilmişdi. Xan sarayları üzərində də milli bayraqlar asılmış, məşhur Qız qalası çıraqban edilmişsə də üzərində iki böyük bayraq rəkz edilmişdi.

Təzəpir camei çıraqban edilmiş, bayraqlar asılmışdı. Bütün paytaxtdakı minarələr elektrik ilə tənvin, milli bayraqlar ilə təzyin edilmişdi.

Dövlət binaları, nazirliklər, xüsusilə Daxiliyyə nazirliyi olduqca qəşəng bəzənmişdi. Bulvardan Daxiliyyə nazirliyinə baxdıqda ay-ulduza bürünmüş işıqlı, bəzəkli bir qala kimi gözə çarpırdı. Bulvar qarşısındakı hesabsız bayraqlar ilə müzəyyən qayıqlar paytaxtı salamlayaraq böyük bayram ilə təbrik edirdilər.

Saat 9 radələrində Məclisi-Məbusan qarşısında izdiham qələbəlik bir dərəcədə idi ki, artıq keçməyə yol tapmaq namümkün idi. Bütün o dairədəki evlərin damları, pəncərə və balkonları tamaşaçılar ilə dolmuş idi. Damda qoşa zurna çalınır. Qarşıdakı balkonda məşhur tarzən Şirin, məşhur xanəndə Cabbar Qaryağdı oğlu çalıb oxuyurdu.

Saat 10 radələrində mədən dairələrindən "Müsavat" və "Hümmət" firqələri tərəfindən təşkil edilmiş fəhlələr bayraq və musiqi ilə gəldilər. "Hümmət" firqəsinin bir çox al və milli bayraqları ilə bərabər embleması, "Müsavat"ın bir çox bayraq və embleması aralığı təzyin edirdi. Bir az keçmədən minlərlə məktəb şagirdləri havada kiçik milli bayraqları yelləyərək "Yaşasın!" sədaları ilə dairəyə gəldilər. Ətfalın səsləri asimanə bülənd olurdu. İzdiham da çocuqların sədalarından cünbişə gələrək "Yaşa!" - deyə onlara qoşuldular. Tam 15 dəqiqə işbu kütleyi-əzim "Yaşasın!" sədaları, əl şıqqıltıları bütün ətrafı gumbuldatdı. Bələdiyyə idarəsi qarşısından tutmuş Məclisi-Məbusan dairəsi, Parapet bulvarı, dövlət dairəsi tamaşaçılar ilə xıncaxınc idi.

Dəstə-dəstə, mini-mini çocuqlar antik xalılarda taxta silahlar ilə ağır topxanaları ilə əlam bir əsgər kimi marş oxuyaraq gəzirdilər...

Bir az keçmədən "Müsavat"ın bəzəkli avtomobili, türk mürəttiblərinin avtomobili dairəyə gəldi, türk mürəttibləri doğrudan da "əntiqə" bəzənmişdilər. İçərisində iki hürufat kassası qoyulmuş, iki nəfər mürəttib iş əlbisəsində cümlə yığır...

Bir az keçəndən sonra Məclisi-Məbusan qarşısında M.Ə.Rəsulzadə cənabları kürsiyi-xitabətə çıxaraq xalqın alqışları altında bir nitq irad edərək camaatı milli böyük bayram və bəxtiyarlıq ilə təbrik etdi: "Bizim düşmənlərimiz, azadlıq və istiqla-liyyətimizi gözləri götürməyən rəqiblərimiz deyirlər ki, Azərbaycan istiqlalını xanlar, bəylər elan etmişlər. Xalq onu istəmir. İştə camaat, bugünki izdiham, bugünki bəşaşət istiqlaliyyətin xanlar deyil, bəylər deyil, xalq tərəfindən elan edildiyini düşmənlərimiz artıq görsünlər". (Xalqın alqışları altında nitqinə xitam verir). Ondan sonra başqa natiqlər də nitq etdilər...

"Azərbaycan", 1 həziran 1919, №192