| Xəbər 1903 dəfə oxunub
XƏBƏRDARLIQ!

Balıqların kürütökmə dövründə balıq ovuna çıxan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.

Onun sözlərinə görə, hazırda kürütökmə dövrü ilə əlaqədar balıq ovlanması qadağandır:

"Bütün fiziki və hüquqi şəxsləri xəbərdar edirik ki, bu dövrdə balıq ovuna çıxanlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək".

R.Mirzəyev bildirib ki, 2019-cu ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı balıqovlama biletlərinin (kvota) şərtlərinin pozulduğu, eləcə də balıqovlama bileti olmadan balıq ovlandığı faktları aşkar edilərək sənədləşdirilib:

 

"Belə ki, balıqovlama biletlərinin tələblərinin pozulması və balıqovlama biletləri olmadan balıq ovu ilə bağlı Xəzər dənizi akvatoriyasında və daxili su hövzələrində 70 fakt aşkar edilib. Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt və protokollar tərtib edilib, ümumilikdə qanunsuz ovlanmış 7813 müxtəlif növ balıq götürülüb, 28 qanun pozucusuna inzibati qaydada 21 min 200 manat məbləğində cərimə tətbiq edilib. Ümumilkdə təbiətə vurulan 5103 manat ziyan hesablanıb və cinayət tərkibi yaranan 42 iş üzrə araşdırma materialları hüquq-mühafizə orqanlarına göndərilib".

R.Mirzəyev əlavə edib ki, ötən dövr ərzində regionlarda balıq ovlanması qaydaları və bu qaydaların pozulmasına görə nəzərdə tutulan inzibati və cinayət məsuliyyətləri, eləcə də təbiətə dəymiş ziyan barədə “xəbərdarlıq” hazırlanaraq kütləvi informasiya vasitələrində yayımlanıb, həmçinin “Xəbərdarlıq” vərəqəsi regionlarda yaşayış məntəqələrində və vətəgələrdə görünən yerlərdə yerləşdirilib, balıq ovu ilə məşğul olan fiziki, hüquqi şəxslər və briqada üzvləri arasında geniş izahat işləri aparılıb.