| Xəbər 958 dəfə oxunub
Yaxından tanış olaq: Azərbaycan komandası bədii gimnastka üzrə Avropa çempionatına necə hazırlaşır

Mayın 16-19-da Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçiriləcək. Yarışda böyüklər fərdi hərəkətlərdə, yeniyetmələr isə qrup hərəkətlərdə çıxış edəcək. Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edəcək.

Trend-ə müsahibələrində gənc gimnastlar bu idmana gəlmələri və Avropa çempionatına hazırlıq barədə danışıblar.

Nəzrin Cəfərzadə: “Bədii gimnastika ilə 11 yaşımdan məşğul oluram. Məni bu idmana valideynlərim gətirib. Məni milli komandaya dəvət edəndə inana bilmirdim. Buna görə çox xoşbəxtəm. Milli Gimnastika Arenasında məşq edəcəyim üçün çox sevinirdim. Avropa çempionatına yaxşı hazırlaşırıq, məşqlər normal davam edir”.

Eleonora Yusifova: “Bədii gimnastika ilə 6 yaşımdan məşğul oluram. Biz artıq üç ildir ki, bir komandadayıq, bir-birimizə öyrəşmişik. Avropa çempionatına hazırlıq yaxşı gedir, hamı məmnundur”.

Ləman Əlimuradova: “Mən bədii gimnastikaya 9 yaşımda gəlmişəm. Ən sevimli alətlərim lent və halqadır. İndi biz Avropa çempionatına hazırlaşırıq. Məşqlər gündə iki dəfə keçirilir”.

Fəridə Səfiyarzadə: “Bədii gimnastika ilə 9 yaşımdan məşğulam. Avropa çempionatına ciddi hazırlaşırıq, yaxşı nəticəyə ümid edirik. Bizim üçün əsası yaxşı çıxış etməkdir. Məşqçi bizə səhvlərimizi göstərir, biz isə ona diqqətlə qulaq asırıq”.

 

Mədinə Əsədova: “Bədii gimnastikaya 9 yaşımda gəlmişəm. Birinci dəfə Milli Gimnastika Arenasına gələndə xoşbəxt idim. Avropa çempionatına hazırlıq yaxşı gedir. Lentlə və halqa ilə hərəkətlər gözəl musiqilərlə müşayiət olunur. Əminəm ki, tamaşaçıların xoşuna gələcək”.

Selcan Hacızadə: “Bədii gimnastika ilə 3 yaşımdan məşğul oluram. Avropa çempionatına hazırlıq çərçivəsində məşqlərimiz yaxşı davam edir. Biz istəyirik ki, tamaşaçılar çıxışımızı izləsin və kompozisiyamızı bəyənsin”.

Milana Əkbərova: “Bədii gimnastika ilə 8 yaşımdan məşğulam. Milli Gimnastika Arenasında məşğul olmağa başlayanda çox sevinirdim. Yarışlara gəldikləri üçün tamaşaçılara minnətdarıq. Hamını Avropa çempionatında gözləyirik”.