|
BŞTİ: Şagirdin özünü binadan yerə atması ilə bağlı araşdırma aparılır

Bakıda özünü 273 nömrəli tam orta məktəbin ikinci mərtəbəsindən atan oğlan bunu dərsdən qaçmaq məqsədilə edib.

Məktəbdən Trend-ə verilən məlumata görə, mayın 13-də tənəffüs zamanı - saat təxminən 11:20 radələrində məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb. O, bədəninin müxtəlif nahiyələrindən zədələr alıb:

"Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı İdarə tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək:

 

"Qeyd edək ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür".