| Xəbər 1723 dəfə oxunub
Azərbaycan millisi “Böyük dəbilqə” turnirində 7 medal qazanıb

Mayın 10-da Heydər Əliyev adina İdman Sarayında startı verilmiş Bakı “Böyük dəbilqə” turnirinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın axırıncı günündə kişilər 90 kq, 100 kq və + 100 kq, qadınlar isə 78 kq, və + 78 kq çəkidə mübarizə aparıb.

Yarışın sonuncu günündə Azərbaycan cüdoçuları daha 3 medala sahib olublar. İdmançılarımızdan Məmmədəli Mehdiyev əzmlə mübarizə apararaq gümüş medala yiyələnib. 90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz ardıcıl olaraq Avtandili Tçrikişvili, türkiyəli Mert Şişmanlar, hollandiyalı Yesper Smink və macarıstanlı Kristian Tot üzərində qələbə qazanıb və finala yüksəlib. Təmsilçimiz həlledici qarşılaşmada 2017-ci ilin serbiyalı dünya çempionu Nemanya Maydova məğlub olub. Digər cüdoçularımız Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+ 78 kq) isə bürünc medala layiq görülüblər.

Bununla da cüdoçularımızın qazandıqları medalların sayı yeddiyə yüksəlib.

Yarışın əvvəlki günlərində Hidayət Heydərov (73 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) gümüş, Rüstəm Orucov (73 kq) və Telman Vəliyev (73 kq) isə bürünc medal qazanıblar.

Yarışın sonuncu günündə qadınlar arasında Almaniya təmsilçisi Luise Malzax (78 kq) və ukraynalı Yelizaveta Kalanina (+78 kq) qalib olub.

 

Kişilərdən isə serbiyalı Nemanja Majdov (90 kq), hollandiyalı Mixail Korrel (100 kq) və gürcüstanlı Qela Zaalişvili (+ 100 kq) qızıl medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan millisi (1qızıl, 2 gümüş, 4 bürünc) ümumi komanda hesabında Yaponiya və Braziliyadan sonra üçüncü yeri tutub.

Xatırladaq ki, mötəbər turnirdə 56 ölkədən 431 (256 kişi, 175 qadın) cüdoçu mübarizə aparırdı.