| Xəbər 4006 dəfə oxunub
Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual məsələləri” adlı elmi konfrans keçirilib

Bu gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual məsələləri” adlı elmi konfrans keçirilib.

Trend-in məlumatına görə, oftalmologiyada baş verən yenilikləri, oftalmologiyanın aktual məsələlərini müzakirə etmək məqsədi ilə keçirilən
tədbir Səhiyyə Nazirliyi, Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə təşkil edilib.

Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Elmar Qasımov bildirib ki, Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var: "O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın ləğv edilməsində xüsusi rol oynayıb. Zərifə xanım dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Ümumiyyətlə onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri olub.

E.Qasımov qeyd edib ki, Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib: "Zərifə xanımın xəstələrə münasibəti çox səmimi idi və bu münasibət gənc həkimlər üçün əsl nümunə idi. Zərifə xanım hər zaman deyirdi ki, həkim xəstəyə çox yaxın olmalıdır. Bu gün biz bu sözləri mərkəzə işləmək üçün gələn gənc kadrların nəzərinə çatdırırıq. Onun yazdığı kitabları bu gün istifadə edirik. Hesab edirəm ki, bu yubiley müasir oftalmologiyanın yubileyidir. Onun adı əbədi olaraq, xatirələrimizdə yaşayacaq".

Milli Oftalmologiya Mərkəzinin Elmi katibi, tibb üzrə elmlər doktoru, dosent Nazilə Rüstəmova bildirib ki, Zərifə Əliyevanın elmi əsərləri, kitabları onun 62 illik ömrünə sığmır: "O, Azərbaycan oftalmologiyasının adını bütün dünyada ucaldıb. Özündən sonra belə bir iz qoymaq çox az adama nəsib olur. Sözsüz ki, onun belə alim kimi yetişməsində ailəsinin də böyük rolu olub".

N.Rüstəmovanın sözlərinə görə, Zərifə Əliyevanın elmi yaradıcılığında peşə ilə bağlı görmə patologiyalarının öyrənilməsi mühüm yer tutub: "Onun elmi yaradıcılığı elmin yalnız bir sahəsini əhatə etməyib. O, oftalmologiya sahəsi üzrə müxtəlif xəstəlikləri araşdırıb və mühüm nəticələr əldə edib".

Qazaxıstanın “Şərəf Nişanı” ordenli Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun əməkdaşı Gulcanat Muxatayeva Azərbaycanın oftalmologiya sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, eyni zamanda ölkəsində oftalmologiya sahəsində əldə edilən nailiyyətlər, xəstəliklərin müalicə yolları barədə tədbir iştirakçılarına məlumat verib.

 

“Gəncə-Qazax iqtisadi rayonunda uşaq və yeniyetmə əhalisinin görmə itiliyinin səciyyələri" mövzusunda çıxış edən Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva isə bildirib ki, uşaqların görmə funksiyasının durumu onların inkişafının əsas şərtlərindən biridir: "Uşaqlar arasında göz xəstəlikləri, xüsusilə refraksiya patologiyası nəticəsində görmə funksiyasının pisləşməsi tez-tez müşahidə olunur. Bakı şəhərində aparılan müayinələrin nəticələrinə əsasən, görmə funksiyasının pozulması 0-4 yaşlı uşaqlar arasında 3+-1,2 və 2,5+-1,1 və 2,5+-1,1%-də qeydə alınır. Yaş artıqca bu patologiya çoxalır".

Oftalmoloqun sözlərinə görə, müşahidənin Gəncə-Qazax iqtisadi rayonunda aparılması regionda bir-birindən çox fərqlənən yaşayış məntəqələrinin olmasıdır: "Ümumilikdə burada 2700 uşaq və yeniyetmə müayinə olunub. Yekun nəticələrə əsasən, uşaq və yeniyetmələr arasında görmə zəifliyinin yayılması yaşdan asılıdır. 5-9 yaş arasında statistik dürüst nisbətən az, 15-19 yaş arasında çox aşkar edilir".

Y.Abdiyeva qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi meyarlara görə görmə itiliyinin <6/18 olması görmə zəifliyi kimi qiymətləndirilir: "Gəncə-Qazax iqtisadi rayonunda görmə zəifliyi olan uşaqların xüsusi çəkiləri Bakı ilə müqayisədə fərqli deyil. Alınan nəticələr İran, Braziliya və digər ölkələrin alimləri ilə müqayisə etdikdə ölkəmizdə uşaq və yeniyetmələr arasında görmə zəifliyinin nisbətən az yayılması diqqəti cəlb edir".

Qeyd edək ki, konfrans öz işini davam etdirir. Konfransda Milli Oftalmologiya Mərkəzinin alimləri və oftalmoloqlar “Multifokal intraokulyar linzaların implantasiyasında “Mix And Match” texnikası”, “Şəkərli diabetin diaqnostikası və tibbi yardım üzrə algoritm”, “Keratakonus xəstələrinin ilkin mərhələsində prk üsulunun və krosslinking texnologiyasının tətbiqi”, “Gözdaxili cisim olan xəstələrdə müalicə taktikası” və s. kimi məsələlər üzrə məruzələrlə çıxış edəcəklər.