|
Azərbaycanın “Boeing 747” yük təyyarəsi ilk dəfə İstanbulun yeni hava limanına eniş edib

Azərbaycanın “Silk Way West Airlines” yük aviaşirkətinin “Boeing 747-8F” təyyarəsi İstanbul şəhərinin bu yaxınlarda açılan yeni hava limanında eniş edən “F” kateqoriyası üzrə ilk iri qabaritli yük təyyarəsi olub.

“Silk Way West Airlines”ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı-İstanbul-Bakı reysinə Türkiyənin uzun illər yüksək peşəkar səviyyədə aviasiya xidmətləri təklif edən “Çelebi” şirkəti xidmət göstərib.

2012-ci ildə yarandığı gündən etibarən yük aviaşirkəti bütün dünya üzrə bir çox istiqamətləri əhatə etmək məqsədilə öz marşrut şəbəkəsini daim genişləndirir. “Silk Way West Airlines” doqquz “Boeing B747” təyyarəsi ilə Bakıdan Honkonq, Osaka, Seul, Dəkkə, Şanxay, Sinqapur, Kuala Lumpur, Çikaqo, Milan, Amsterdam, Lüksemburq, İstanbul, Dubay və s. kimi əsas nəqliyyat hablarına uçuşlar yerinə yetirir.

Yeni hava limanı İstanbulun Avropa hissəsindəki Arnavutköy rayonunda, şəhər mərkəzindən 35 kilometr aralıda yerləşir. Hava limanı həmçinin aprelin 7-dən etibarən Atatürk hava limanının bağlanmasından sonra oradan köçürülən bütün sərnişin aviareyslərinə xidmət edir.