|
Beynəlxalq Muğam Mərkəzi Gürcüstanın mədəniyyət təşkilatları ilə əməkdaşlıq edəcək

Beynəlxalq Muğam Mərkəzi (BMM) Gürcüstanın mədəniyyət təşkilatları ilə əməkdaşlıq edəcək.

AZƏRTAC xəbər verir ki, Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Beynəlxalq Muğam Mərkəzi ilə Gürcüstan Teatr Cəmiyyəti Yaradıcılıq İttifaqı və Dövlət Folklor Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

BMM-in direktoru, Azərbaycanın Xalq artisti Murad Hüseynov bildirib ki, rəhbərlik etdiyi mərkəz Azərbaycan milli mədəniyyətinin xaricdə təbliğinə və beynəlxalq əməkdaşlığa böyük önəm verir. O bildirib ki, memorandum Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayacaq. İmzalanan sənədə əsasən Azərbaycan və Gürcüstan musiqiçiləri qarşılıqlı olaraq hər iki ölkədə təşkil ediləcək festivallarda, mədəni tədbirlərdə iştirak edəcəklər.

Memorandumda, həmçinin hər iki ölkənin milli musiqi mədəniyyətinin təbliği məqsədilə qarşılıqlı səfərlər, sərgilər, konsertlər və digər mədəni tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Gürcüstan Teatr Cəmiyyətinin sədri Giorgi Gegeçkori memorandumun Gürcüstanın və Azərbaycanın zəngin mədəniyyətlərinin qarşılıqlı olaraq geniş ictimaiyyətə tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

BMM ilə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi arasında da əməkdaşlığa dair memorandum imzalanıb. Muzeyin direktoru, Azərbaycanın və Gürcüstanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva sənədin faydalı olacağını və iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini bildirib