| Xəbər 3144 dəfə oxunub
Bölgələrdə zibillik problemi - hansı tədbirlər görüləcək?

Ölkə ərazisində məişət tullantılarının günbəgün artması halları müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi buna qarşı mübarizə aparıb, məişət tullantılarını atanları cərimələsə də, problem öz həllini tapmır. Xüsusilə də bölgələrdə bu problem daha qabarıq formadadır. Ölkənin müxtəlif rayon və kəndlərində məişət tullantılarının daşınmas sistemi mövcud olmadığı üçün insanlar məcbur qalıb, zibilllərini küçələrə, çaylara, göllərə, meşələrə atırlar. Bu isə ümumilikdə mövcud vəziyyəti daha da ağırlaşdırır.

Bakıda zibil konteynerləri quraşdırılıb, icra hakimiyyətləri tərəfindən daşınsa da, bölgələrdə bu iş də zəif təşkil olunub. Elə ərazilər var ki, orada ümumiyyətlə zibil daşınması mədəniyyəti hələ formalaşmayıb. Bu günlərdə redaksiyamıza Qəbələ rayonu Yenigicə kəndinin girişində çəkilmiş foto göndərilib. Məlumat üçün qeyd edək ki, Yenigicə müalicəvi İsti su tuzim kompleksinin yanında yerləşir. Turizmin inkişafı istiqamətində dövlət tərəfindən xeyli addımlar atılır. Bunun nəticəsi olaraq ölkəyə turist axını durmadan artmaqdadır. Bəs belə olduğu halda ətraf mühitin çirklənməsinə nə üçün göz yumulur?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Yeni Müsavat”a bildirib ki, son 3 ay ərzində nazirlik tərəfindən fiziki və hüquqi şəxslərə 157 akt tərtib olunub:

“Bu tulantıların yığışdırılması üçün məcburi göstərişlər verilib. Məsələn, bu yaxınlarda məlumat aldıq ki, çayın kənarında zibillik sahə yaranıb. Nazirliyin əməkdaşları həmin ərazini məcburi göstərişlə təmizlətdirdilər. Yəni məqsədimiz o deyil ki, insanları dərhal cərimələyək. İlk növbədə biz göstəriş veririk ki, ətrafı zibillikdən təmizləyin.  Nə üçün biz ətraf mühitə qarşı bu qədər biganə münasibət bəsləyirik? Ətraf mühitə öz evimiz kimi baxmalı, bu cür münasibət göstərməliyik. Nazirliyə məişət tullantıları atılaraq ərazinin çirkləndirilməsi ilə bağlı məlumatlar daxil olduqda, həmin bölgələrdə olan əməkdaşlarımız tərəfindən bələdiyyələrə göstəriş verilir. Nəticədə operativ surətdə ərazi tullantılardan təmizlənir. Ancaq bu, o demək deyil ki, ərazi çirkləndirilməli və biz məcburi göstəriş verməliyik, onlar da təmizləməlidir. Gərək hər kəs öz işinə məsuliyyətlə yanaşsın və ətrafını təmiz saxlasın. Artıq turizm mövsümü başlayır. Ölkəyə müxtəlif ölkələrdən turistlər gələcək. Nə üçün ölkəmizi çirkləndirib laqeyd yanaşırlar? Bütün bunlara nəzarət etmək lazımdır”. 

Qeyd edib ki, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, habelə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri çərçivəsində beynəlxalq investisiyalar cəlb etməklə təhlükəli (o cümlədən radioaktiv) tullantıların yığılması, yerləşdirilməsi və zərərsizləşdirilməsi üçün poliqonlar yaradılıb. Bakı şəhərində yığılan tullantıların zərərsizləşdirilməsi məqsədilə Balaxanı qəsəbəsində istehsalat gücü 500 min ton olan Bərk Məişət Tullantılarının Yandırılması Zavodu tikilib. Həmin zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri zavodlardan biri hesab edilir və dördüncü nəsil texnologiyaların (4G) tətbiqi ilə ətraf mühitin mühafizəsi sahəsində Avropa İttifaqının ən sərt normativlərinə uyğun qurulub. Məlumatlara görə, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması nəticəsində ildə 231,5 milyon kVt/saat elektrik enerjisi hasil edilir ki, onun da bir qismi daxili tələbatı ödəmək üçün dövlət enerji şəbəkəsinə ötürülür.

Ölkədə bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün milli strategiya hazırlanıb.

Milli Strategiyanın yerinə yetirilməsi bərk məişət tullantılarının əmələ gəldiyi yerlərdə tullantıların  kənarlaşdırılması və utilizasiyası,  mövcud problemlərin aradan qaldırılması, ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi kimi məsələlər nəzərdə tutulub.

Bütün bu prosesin necə idarə olunacağını, ölkənin və xüsusilə də bölgələrin məişət tullantılarından hansı səviyyədə təmizlənəcəyini isə zaman göstərəcək. Ekspertlər bildirirlər ki, məişət tullantılarından inkişaf etmiş ölkələr enerji almaq üçün səmərəli qaydada istifadə edirlər ki, Azərbaycanda da bu cür addımların atılması mümkündür.