|
AXH müəmması davam edir-barışıq ümidləri...

Azərbaycan Xalq Hərəkatında bulanan sular durulmur. Qurumun son iki iclası heç də ürəkaçan olmayıb. Hərəkat daxilindəki iki narazı qrup fərqli məkanlarda iclaslarını keçirməyə davam edirlər. Bu da AXH-nin iki hissəyə parçalandığı anlamına gəlir.

Artıq tərəflərdən biri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun rəhbərlik etdiyi qanad mayın 4-də Məclisi keçirmək barədə qərar qəbul edib. Eyni zamanda Məclisin iclasından sonra hərəkatın adından mitinq keçirmək qərarı verilib.

AXH-nın hazırda dönəm sədri olan, AĞ Partiya başqanı Tural Abbaslı mövcud durumdan təəssüfləndiyini dilə gətirdi:“Təəssüflə qeyd etməliyəm ki, son iclaslar yenə də birgə keçirilmədi. Hər iki tərəf ayrı-ayrı vaxtlarda iclaslar keçirdi. Eyni zamanda bu iclaslarda da müxtəlif qərarlar alındı. Baxmayaraq ki, sonuncu iclasda belə mən dönəm sədri kimi iclasın vaxtı və yeri barədə idarə heyətindən çıxarılan 6 nəfər xaric, İsgəndər Həmidov daxil hər kəsə məlumat vermişdim. Ancaq təəssüf ki, yenə də oradan kimsə iştirak etmədi. Yəni rəsmi olaraq AXH İdarə Heyətinin üzvlərinin tərkibi çıxarılan 6 nəfər və istefa vermiş Elşad Musayev xaric dəyişməyib. Mənə dönəm sədri kimi əgər müraciət olunarsa, təbii ki, görüşüb müzakirə apara bilərəm, burada qəbahətli bir şey yoxdur. Ancaq bu məsələdə təəssüf ki, şəxsi eqolar birliyə əsas maneə yaradır. Biz növbəti iclası 4-cü gün saat 3-də VİP-i qərargahında keçirəcəyik.

AĞ Partiya başqanı Tural Abbaslı ile ilgili görsel sonucu

Sabah idarə heyəti üzvü olan hər kəsə yenə məlumat göndərəcəm. Əgər onlardan kimlərsə qatılacaqsa, təbii ki, tamhüquqlu üzv kimi iclasda iştirak edə və istənilən məsələnin müzakirəsini aça bilər. Yəni demək istədiyim odur ki, seçim biz tərəfdən daha çox qarşı tərəfdədir. Onlar iclasda iştirak etmək istəyəcəksə, kimsə onlara hüquqi baxımdan qadağa qoya bilməz. Ancaq belə anlayıram ki, onlarda bu arzu yoxdur. Sözün doğrusu, bizim tərəfdəki üzvlərdə də bu yöndə xüsusi bir arzu hiss olunmur. Lakin mən dönəm sədri kimi üzərimə düşən vəzifəni obyektiv və qərəzsiz şəkildə, ən əsası da əsasnaməyə istinadən sona qədər aparacam. Zatən bu ayın 26-27-də dönəm sədirliyim yekunlaşır. Güman edirəm ki, mənim də olmasa, növbəti dönəm sədrinin müddətində bu konflikt birdəfəlik öz həllini tapacaq”

İsgəndər Həmidov barışıq ile ilgili görsel sonucu

İsgəndər Həmidov barışıq yollarından danışdı: “Barışıq ümidləri hər zaman qalır. Biz buna hazırıq. Sadəcə olaraq, ənənəvi şəkildə həftənin birinci günü saat 15:00-da hərəkatın idarə heyətinin iclasını keçirdik. Mən əks tərəf demirəm. Çünki onlar da bizim dostlarımızdır. Son iclasda o tərəf desək, oradan çox ağıllı, düşüncəli insan olan Elşad Musayev hərəkatdan istefa verib. Bu mənim üçün çox ağrılı oldu. Bildiyiniz kimi, son iclasda Qurban Məmmədov hərəkatdan tamamilə xaric olundu. Apardığı antisiyasətə görə belə qərar verildi. Oradakı dostlarımız nə zaman istəsələr gələ bilərlər və iclası birlikdə keçirərik. Tural bəy ayın sonuna qədər dönəm sədridir. Fövqəladə iclaslar nəyə lazımdır, bunun səbəblərini bilmirəm. Azərbaycanda axı hansı fövqəladə vəziyyət var ki? 5 nəfər 12 nəfərin taleyini həll edə bilməz. Bu, demokratiyaya tamamilə ziddir. Barışıq, bir yerdə iclas keçirmək şansı hər zaman var. Bu hər zaman aktualdır, gündəlikdədir. Biz son iclasımızda mühüm qərarlar qəbul etdik, Məclisin gününü müəyyənləşdirdik. Eyni zamanda mitinq qərarı verdik. Qarşı tərəfdə vəziyyətin nə yerdə olduğunu deyə bilmərəm. Ötən həftənin şənbə günü Tural bəylə görüşdük. Gördüm ki, Tural bəyə görüşə gəlməməyini deyiblər. O gəldi və gələn kimi də 6 nəfərin hərəkatdan çıxarılması məsələsini qaldırdı. Çox güman ki, barışıq istiqamətində görüşlər keçiriləcək. Bu istiqamətdə addımların atılmasına böyük ehtiyac var”.

İ.Həmidov hərəkatın Məclisində əks qanadda təmsil olunanların idarə heyətinə üzv seçilməmə ehtimallarının olması ilə bağlı səslənən fikirlərə də mövqe bildirdi: “Burada kiminsə idarə heyətinə üzv seçilməməsi üçün heç bir tədbir görülmür. Əsasnamədə yazılıb ki, Məclisin 3/2-sinin qərarı ilə idarə heyəti buraxıla bilər. Yəqin ki, Məclis keçiriləndə sədr də seçiləcək. Doğrudur, Məclis idarə heyətini formalaşdıracaq. Amma kiminsə idarə heyətinə üzv seçilməməsi üçün müəyyən fəaliyyətin aparıldığı yönündə deyilənlər qarayaxmadır. Bir dayaq dəstəsi yarada bilməyənlər haqqımızda bu cür şayiələr yaradırlar. Bizim üçün əsas olan odur ki, düz istiqamətdə işlər getsin. Kimin idarə heyətinə seçilməsi və ya seçilməməsi Məclisin işidir. Bəlkə idarə heyəti bu şəkildə tam tərkibdə qaldı, kim bilir. Qabaqcadan nəyisə söyləmək çətindir. Bilirəm, belə şayiələr buraxırlar ki, Məclis tamamilə İsgəndər Həmidovun təsiri altında formalaşacaq. Hətta belə düşünmüşəm ki, Məclis formalaşandan və sədr seçiləndən sonra məhz sədr idarə heyətinə rəhbərlik etsin. Məclisə sədr kimi seçiləcək 2-3 namizəd var. Bəri başdan deyim ki, o sırada mən yoxam. Çünki mən Məclis apara bilmərəm. Hərəkat adamıyam, Məclis adamı deyiləm. Amma Məclisə rəhbərlik edəcək kifayət qədər ağıllı şəxslər var. Mirmahmud Mirəlioğlu, Fuad Əliyev, Valeh Mirzəyev kimi isimlərin adlarını qeyd edə bilərik”.