|
Şimali Kiprdə İmadəddin Nəsimi və Aşıq Veysələ həsr olunan anma mərasimi təşkil olunub

Şimali Kiprin Sosial Elmlər Universitetində (SEU) böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650-ci ildönümü və türkiyəli görkəmli el sənətkarı Aşıq Veysəlin anadan olmasının 125-ci ildönümü münasibətilə anma mərasimi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və SEU tərəfindən təşkil olunan mərasim rəsmi hissə, panel və bədii proqramdan ibarət olub.

Rəsmi hissədə TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov və SEU-nun rektoru, professor Mustafa Tümerin çıxışları dinlənilib.

Çıxışlarda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən 2019-cu ilin türk dünyasında “Nəsimi ili” və “Aşıq Veysəl ili” elan olunmasının əhəmiyyətindən danışılıb.

Aşıq Veysəlin nəvəsi Gündüz Şatıroğlu babasının şəxsiyyətinə göstərilən ehtirama görə səmimi minnətdarlığını ifadə edib.

Toplantının panel hissəsində professorlar İlqar İmamverdiyev, Umay Türkeş və başqaları İmadəddin Nəsiminin və Aşıq Veysəlin həyat və yaradıcılıqları barədə, onların yaradıcılıq nümunələrinin türkdilli xalqların musiqisinin inkişafındakı rolundan danışıblar.

Bədii hissədə Haşim Aslıhaq və İsmayıl Narın sazda ifaları alqışlarla qarşılanıb.