|
Gəncədə iki nəfəri bıçaqlayan şəxs saxlanıldı

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, martın 27-də günorta saatlarında Gəncə şəhər sakini DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək, qonşusu Amil Hüseynovun digər qonşuları Elvira Hüseynovanı və Eldar Əliyevi bıçaqla vurub qaçdığını bildirib.

İlkin araşdırma zamanı məlum olub ki, 1981-ci il təvəllüdlü Gəncə şəhər sakini Amil Hüseynov ailə münaqişəsi zamanı qohumu, 1991-ci il təvəllüdlü Şəmkir rayon sakini Hüseynova Elviranı bıçaq zərbələri ilə vuraraq ona döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası xəsarətini yetirdikdən sonra köməyə gələn qonşusu 1958-ci il təvəllüdlü Gəncə şəhər sakini Eldar Əliyevi bıçaqla vuraraq döş qəfəsinin və qarın nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətini yetirərək hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A. Hüseynov şəhər ərazisində gizləndiyi yarım tikilidə tutularaq maddi sübutla birlikdə istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.