|
Pablo Pikassonun oğurlanmış rəsm əsəri 20 il sonra tapılıb

Oğurlanmış rəsm əsərlərinin məşhur ovçusu, hollandiyalı Artur Brand tanınmış rəssam Pablo Pikassonun 20 il əvvəl oğurlanmış rəsm əsərini tapıb.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat verib.

İncəsənət dünyasında İndiana Cons adlandırılan A.Brand bildirib ki, bu portret 1999-cu ildə Səudiyyə Ərəbistanı şeyxinin yaxtasından oğurlandıqdan sonra Hollandiyanın cinayət dünyasında əldən-ələ keçib.

"Qadın sinəsi" (Dora Maar) əsəri 1938-ci ildə çəkilib və bu günümüzdə, təxminən, 25 milyon avro məbləğində qiymətləndirilir.

Dora Maar 7 il ərzində Pablo Pikassonun sevgilisi və ilham mənbəyi olub. Portret 1973-ci ildə rəssamın ölümünə qədər onun evində divardan asılı olub.

A.Brandın sözlərinə görə, Pikassonun rəsm əsəri narkotik və silah ticarəti ilə əlaqədar müxtəlif növ cinayət əməliyyatlarında girov olaraq istifadə edilib.