|
“Əsas məsələ məhkəmə sistemindəki korrupsiyanın aradan götürülməsidir”

Azərbaycan prezidenti İlham Əliyev mart ayı ərzində iki dəfə məhkəmə-hüquq sahəsində islahatların olacağı anonsunu verib. Belə ki, prezident sonuncu dəfə Novruz bayramı ərəfəsindəki çıxışında ölkədə aparılan islahatların dərinləşəcəyini vurğulayıb. “İslahatlara alternativ yoxdur” deyən ölkə başçısı məhkəmə-hüquq sistemində də islahatların aparılacağını və artıq müvafiq göstərişlər verildiyini və sənədlər paketi hazırlandığını vurğulayıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də modern.az saytına açıqlamasında bildirib ki, məhkəmə-hüquq islahatları çərçivəsində Məhkəmə-Hüquq Şurası yaradıldıqdan, hakimlər haqqında qanun layihəsi qəbul edildikdən sonra (2004-2005-ci ildən söhbət gedir) fundamental islahatlar başladı:

“Hakimlərin test yolu ilə işə qəbul edilməsi, saylarının kifayət qədər artırılması diqqət çəkən məqamlardır. Cəmiyyətdə və əhali arasında məhkəməyə tam inamı formalaşdıra bilməmişik. Təbii, bu, problem olaraq qalır. Etiraf etməliyik ki, iş yükünün çoxluğu da işin keyfiyyətinə təsirsiz ötüşmür. Bu, birmənalıdır. ”Mediasiya haqqında" qanun layihəsini məhkəmə-hüquq ictimaiyyəti də pozitiv qəbul edir. Elə işlər mövcuddur ki, onlar üçün xüsusi məhkəmə baxışı keçirməyə ehtiyac yoxdur. Hakimiyyətin bir qolu, dövlət orqanı kimi məhkəmənin, bu prosesin və dövlətin adından bu qərarın çıxarılması prosesinə ehtiyac yoxdur. Cəmiyyətdə müxtəlif hallarda elə münasibətlər mövcuddur ki, onlar ilkin mərhələdə xüsusi peşəkar hazırlığı olmayan şəxslər tərəfindən də həllini tapa bilər. Beynəlxalq təcrübə də bunu göstərir. Hesab edirəm ki, bu, qanunun ilk növbədə məhkəmə sistemində iş yükünün azaldılmasına gətirib çıxara bilər. Düşünürəm ki, bu da məhkəmə-hüquq islahatları üçün müsbət haldır".

Vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a açıqlamasında məhkəmə sistemində əsas problemlərdən danışıb:

“Məhkəmə sistemi əslində başdan-ayağa dəyişilməlidir. Söhbət strukturdan getmir. Əsas məsələ məhkəmə sistemindəki korrupsiyanın aradan götürülməsidir. Hər kəsə məlumdur ki, məhkəmələrdə korrupsiya halları və sifarişli qərarların qəbulu faktlarına tez-tez rast gəlinir. İlk növbədə bunu aradan qaldırmaq lazımdır. Bu iki amil texniki məsələ deyil. Elə dayaqlar var ki, məhkəmə onun üzərində dayanıb. Məhkəmənin müstəqilliyinə nail olmaq lazımdır. Bizdə digər ölkələrdən fərqli olaraq Məhkəmə-Hüquq Şurasının sədri ədliyyə naziridir. Digər ölkələrdə Məhkəmə-Hüquq Şurasına hakimlərin özləri rəhbərlik edirlər. Azərbaycanda da dəyişiklik etmək lazımdır. Hakimlərin müstəqilliyinin möhkəmləndirmək üçün onların toxunulmazlığını təmin etmək lazımdır. Tez-tez oxuyuruq ki, Məhkəmə-Hüquq Şurası hansısa hakimi cəzalandırdı. Bunu ümumi sözlə deyirlər, ancaq bilinmir ki, onlar nə üçün cəzalandırılır. Hakimlərin bu cür asanlıqla cəzalandırılması, onları həmin qurumlardan asılı hala salır. Bu da doğru deyil. Ona görə də hakimlərin cəzalandırılması müstəsna hal olmalı, bununla bağlı qanunvercilikdə dəyişiklik edilməlidir. Hakimlərin sosial təminatı da əsas məsələdir. Onların maaşları bu gün çox aşağıdır. Bir çox ölkələrdə hakimlər yüksək maaşla, ömürlük təyin olunurlar. Ona görə də onlar rahat qaydada, doğru qərarlar verirlər. Bizdə də eyni sistem yaradılarsa, yaxşı nəticə verər”.

Ə.Mustafayev bildirib ki, islahatlar fonunda vəkilliyin rolunun gücləndirilməsinə də ehtiyac var: “İlk növbədə onu deyim ki, məhkəmələrdə proseslərin audio-video yazısı aparılmalıdır. Bütün məhkəmələrdə bu, mövcuddur. Bizdə isə yoxdur. Hazırda yalnız iqtisadi mübahisələr zamanı belə hallar nəzərdə tutulub. Özüm şəxsən dəfələrlə rast gəlmişəm ki, icra protokolları hakimlər tərəfindən düzgün yazılmır. Bilə-bilə təhriflərə yol verilir. Biz qeyd verdiyimiz zaman da yenidən ona həmin hakim baxır. Bütün Avropa ölkələrində video-audio yazı materiala əlavə olunur. Bundan başqa, vəkil orderi deyilən məsələ də var. Bu da yalnız Azərbaycandadır. Belə ki, vəkil hara gedirsə mütləq orderini təqdim etməlidir ki, prosesə buraxılsın. Hesab edirəm ki, bu institut da ləğv edilməlidir.  Bir məsələni də qeyd edim ki, xarici ölkələrdə istintaq bir orqanda cəmləşib. Heç bir nazirlikdə tədqiqat-istintaq orqanı mövcud deyil. Bizdə isə demək olar ki, hər nazirliyin özünün ayrıca istintaq orqanı var. Bu məsələyə də diqqət etmək lazımdır”.