|
Sanitariya-gigiyena qaydalarına əməl etmədən bitki mühafizə vasitələrini satan şəxs cərimə olunacaq

Azərbaycanda sanitariya-gigiyena qaydalarına əməl etməyənlərə qarşı cərimələr tətbiq ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

 

Dəyişikliyə əsasən, sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, anbarlarda və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin saxlanmasına və satışına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.

Qanun layihəsində qeyd olunur ki, “Fitosanitar nəzarəti haqqında” qanuna edilən dəyişikliklə sanitar-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitlərinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan edən 10.0.5 maddəsi ləğv edilir. Qanun bu müddəasının tələbinə əsasən İnzibati Xətalar Məcəlləsinin 288.0.1-ci maddəsi həmin xətalara görə məsuliyyət nəzərdə tutur. Yəni artıq hüquqi əsası olmadığına görə qanunun bu maddəsinin ləğv edilməsi təklif olunur.