| Xəbər 6004 dəfə oxunub
Allergik təmas dermatiti və onunla mübarizə

Allergik təmas dermatiti allergenə qarşı həssaslığı olanlarda allergenlə təmasda olarkən baş verir və müxtəlif kimyəvi maddələr dəriyə sensibilizator, yəni aşındırıcı təsir göstərir. Orqanizmin sensibilizasiyasının inkişafı xəstənin allergik reaktivliyindən, sinir və endokrin sistemindən asılı olaraq 5-7 gün, bəzən də bir neçə ay çəkə bilər.

Milli.Az bildirir ki, allergik təmas dermatiti haqqında danışan Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova AZƏRTAC-a deyib: "Yumurta, sitrus meyvələri, çiyələk və digər allergik qidalara qarşı həssaslıq anadangəlmə də ola bilər. Daha çox yüksək həssaslıq allergenlə təkrar təmas zamanı başlayır və nəticədə orqanizmin monovalent sensibilizasiyası baş verir, ləng tipli allergik reaksiya və epidermis hüceyrələrində antigen-antitel kompleksi əmələ gəlir.

Onun əmələ gəlməsində iştirak edən amillər sənayenin inkişafı ilə əlaqədar olaraq çoxalır. Məsələn, kimyəvi boyalar, xaricə istifadə olunan müxtəlif preparatlar allergen təsir göstərə bilər.

Bununla yanaşı dermatitin əmələ gəlməsinə bioloji amillər də rol oynayır. Elə bitkilər var ki, fitodermatitlər əmələ gətirir. Fitodermatitlərin əmələ gəlməsində vacib rol oynayan bitkilərin tərkibində olan efir yağları alkaloidlər, terpen və xlorofillərdir. Həmin bitkilər qurudulanda da allergen təsirini saxlayır.

Məişətdə istifadə olunan qabyuyucu vasitələr, paltarları təmizləyən tozlar və bəzi maye sabunların da onun əmələ gəlməsində rolu var.

 

Allergik təmas dermatitinin əmələ gəldiyi yer allergenlə bədənin dəri ilə təmasda olduğu hər hansı nahiyəsidir. Əvvəlcə qızartı, şişkinlik və içi serroz möhtəviyyatlı səpgilər əmələ gəlir. Hətta bir həftə ərzində sudurcuqlar açılaraq yerində piqmentasiya qoyur.

Allergen dərinin məhdud sahəsi ilə təmasda olmasına baxmayaraq sensibilizasiya bütün orqanizmdə baş verir. Başlanğıcda sensibilizasiya monovalent, təkrarı residivlərində qrup şəklində, nadir hallarda isə polivalent ola bilər.

Xəstəliyin diaqnozu və müalicəsi haqqında məlumat verən həkim-dermatoloq deyib: "Diaqnozun qoyulmasında allergik dəri sınaqlarının böyük rolu var. Həmin sınaqlar zamanı hər hansı allergenə qarşı həssaslıq olduqda müsbət nəticə alınır.

Müalicə zamanı isə ilk növbədə xəstəliyin səbəbini öyrənib onu uzaqlaşdırmaq lazımdır. Daxilə desinsibilizəedici müalicə, sedativ və antihistamin preparatlar, vitaminlər, lazım gəldikdə steroid hormonlar, xaricə yerli olaraq iltihab əleyhinə kremlər, sulanma olduqda islatmalar təyin olunur. Xəstə bol zülallı və vitaminlərlə zəngin ərzaqlarla qidalanmadan, spirtli içki, duzlu, acı, çox yağlı qidalardan və sitrus meyvələrdən imtina etməlidir. Profilaktik olaraq xüsusi həssaslıq duyduğu allergendən uzaq olmalı, iş rejimini qaydaya salmalı, yuxu və istirahətə xüsusi diqqət yetirməlidir".