|
Bayılda son durum:

Bayıl yamacında, sürüşmə zonasında sakinlərin problemləri həll olunmamış qalır. Belə ki, ötən həftə jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Bayıl sürüşmə zonası ilə bağlı Nazirlər Kabineti yaxın günlərdə yeni qərar verəcək. Onun sözlərinə görə, Bayılda baş verən sürüşmə ilə bağlı məsələyə Nazirlər Kabinetində baxılır.

“Sürüşmə hadisəsi bu ərazidə birinci və sonuncu dəfə baş vermir. Bu, təbii prosesdir. Sürüşmə orada yaşayışın olub-olmaması ilə bağlı deyil. Orada sürüşmə yaşıllıq olmayan dövrdə də baş verib. Səhv etmirəmsə, həmin ərazidə sürüşmə 1830-cu illərdə də baş verib. Həmin vaxt orada nə yaşıllıq salınmışdı, nə də yaşayış vardı”, - deyə o qeyd edib.

E.Əzizov onu da deyib ki, hazırda ərazidə yaşayan vətəndaşların məsələsi gündəlikdə aktualdır. “Nazirlər Kabineti yaxın günlərdə yeni qərar verəcək. Bu barədə prezident İlham Əliyev tərəfindən tapşırıq verilib”, - deyə o bildrib.

Ötən saylarımızda da məlumat verdiyimiz kimi yerlilərlə bərabər, Bayıl yamacında sürüşmə zonasında yaşayan 27 məcburi köçkün ailəsi yaşayır. Məcburi köçkün ailələrinə Səbayel Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, sürüşmə zonasında yaşayan köçkün ailələrinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qobudan ev verəcək. Bu isə onların narazılığına səbəb olmuşdu. Məcburi köçkün ailələri bildirirdilər ki, araşdırma aparıb öyrəniblər ki, onlara veriləcək evlər müvəqqətidir və bu evləri kimsəyə satmaq mümkün deyil. Eyni zamanda, həmin evlər Bakının mərkəzindən xeyli uzaqdır. Bütün bunlara etiraz olaraq məcburi köçkün ailələri ötən həftə Prezident Administrasiyasının qarşısına toplanmışdılar. Orada problemləri dinlənilən məcburi köçkün ailələrinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə getmələri tövsiyə olunmuşdu.

“Yeni Müsavat”a danışan sakin Elməddin Muradlı bildirdi ki, məcburi köçkünləri “Qaçqınkom” sədri Rövşən  Rzayev yüksək səviyyədə qəbul edib: “Rövşən Rzayev sakinlərin problemlərini dinləyib və lazımı tədbirlərin görüləcəyini bildirib. R. Rzayev məcburi köçkünlərə bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcək və çalışacaq ki, məcburi köçkünlər də digər sakinlər kimi kompensasiya alsınlar. Hələ ki, ”Qaçqınkom"dan yekun cavab gəlməyib. Sakinlər böyük ümidlə cavab gözləyirlər. Lakin onu deyim ki, martın 2-də Maliyyə Nazirliyinin ekspert qrupu Bayıl yamacına gəlib və qrup şəkilində evlərin ölçülərini götürürlər. Hansı ki, indiyə qədər bəlkə də 8 dəfə evlərin ərazisi ölçülüb. Baki Şəhər İcra Hakimiyyətinin, Maliyyə Nazirliyinin, Səbayel Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Mənzil İstismar Sahəsinin əməkdaşları bir neçə dəfə mənzilləri ölçüblər. Bu gün (dünən - red.) də Maliyyə Nazirliyinin əməkdaşları ərazidədirlər və ölçü işlərini davam edirlər. Eldar Əzizovun fikirlərini də dinlədik. Onun fikirlərindən belə başa düşdük ki, hələ də Nazirlər Kabinetinin yekun qərarı yoxdur. Deməli, ortaya konkret qərar olmadan Səbayel Rayon İcra Hakimiyyəti özbaşına ortaya atıb ki, məcburi köçkünlərə “Qaçqınkom” ev versin, yerli sakinlərə də kompensasiya ödənilsin. Hələ qərar olmadan başqa söhbət yayılıb. Sakinlər gözləyirlər ki, veriləcək qərar hər kəsin ürəyincə olacaq. İndiyə qədər bütün qurumlara müraciət edib, mövcud vəziyyət barəsində onları məlumatlandırmışıq.  Kompensasiyanın məbləği dəqiq məlum deyil. Bilinmir ki, köçürülənlərə nə qədər pul veriləcək. Onu deyim ki, ərazinin aşağı hissəsində bina tikilir və hələ hazır olmamış, mənzillərin hər kvadratını 2500 manata satırlar. Bizə də əgər kompensasiya verirlərsə, heç olmasa yerin qiyməti nəzərə alınsın".

Onu da yada salaq ki, Bayıl ərazisindəki “Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə 2018-ci ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb. Sakinlər bildiriblər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapmaqda çətinlik çəkiblər. Ona görə də məcbur qalıb ya kənar ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüblər.

Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq, ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8-dən çox olanlara isə 300 manat müəyyən olunub. Həmin əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Cari ilin yanvar ayında  kirayə pulları ödənilməyib. Sonradan isə həmin ay üçün ödəniş edilib.  Səbayel rayonunun icra başçısı Vüqar Zeynalov sakinlərə bildirib ki, mart ayından etibarən onlara 6 aylıq kirayə pulu veriləcək.