|
Bu gün Su çərşənbəsidir

Havadan yaz ətri gəlir, demək olar ki, qış geridə qaldı. Xalqımızın qədim adətlərinə görə, artıq Kiçik çillə bitib və Boz ay başlayıb. Boz ay  Azərbaycanda xalqın keçmiş ədət-ənənəsinə görə Novruz bayramı gəlməzdən əvvəl olan dövrə verilmiş addır.

1 ayı əhatə edən dövrə Boz ayla yanaşı, “yazın qırxlı çağı”, “alaçalpo”, “çilləbeçə”lər, “ağlar-gülər ay” da deyilir. Boz ayın əsas xüsusiyyəti havanın dəyişkən olmasıdır. Belə ki, bu ayda buludlu, yağışlı, küləkli, qarlı və günəşli havaların hamısını görmək mümkündür. Yazın gəlişini bildirən çərşənbələr də Boz ayda qeyd olunur. Bu il Bakıya güclü qar yağamasa da, Boz aydan ümid kəsilməyib. Çünki mütəxəssislər Boz ayın da sərt üzünün olduğunu deyirlər. Yəni kiçik çillənin bitməsi şaxtalı havaların bitməsi demək deyil. Boz ay da kifayət qədər sərtliyini hiss etdirən aydır. Bu arada Boz ay ona görə deyirlər ki, bu ayda havalar tez-tez dəyişir. Bir gün isti, səhər soyuq ola bilər, yəni hava üzünü bozardar. Hətta gün ərzində hava durumu dəyişə bilər.

AMEA Folklor İnstitutunun, Folklor və yazılı ədəbiyyat şöbəsində aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Boz ay fevral ayının iyirmisində başlayıb mart ayının iyirmi birində bitir: “İlk çillə, yəni böyük çillə başlayanda artıq Novruz bayramına üç ay (90 gün) qalmış olur. Boz aya Boz çillə, ala çillə də deyilir. Kiçik çillənin sonuncu günündən başlayan Boz çillə Novruz bayramına qədər davam edir. Boz ayda havalar bəzən mülayim, bəzənsə şaxtalı keçir. Ona görə də xalq arasında belə bir deyim var ki, ”Boz ay bozara-bozara keçər". Boz aya bəzən Döl ayı da deyilir. Bu ayda mal-qara, qoyun-keçi bala verməyə başlayır. Ona görə də el arasında Boz ay bərəkətli ay sayılır. Torpaq şumlanır, əkin işlərinə başlanılır. Bağ-bağçalarda ağaclar budanır, yeni tinglər əkilir, peyvəndlər vurulur".

Qeyd edək ki, hər bir millətin tarixi onun folklorunda və adət-ənənələrində yaşayır. Novruz bayramı da azərbaycanlıların qədim tarixini, milli ruhunu dolğun şəkildə ifadə edən böyük el bayramı, el şənliyi olmaqla yanaşı, həm də xalqımızın ən qədim, ən əziz bayramlarından biridir. Novruz bayramına 4 həftə qalmış, xalqımız hər həftə bir çərşənbəni bayram kimi qeyd edir. Bunlar  su, od, yel və torpaq çərşənbələridir. Bu gün Novruzun müjdəçisi, qaranquşu sayılan, ilk çərşənbə  su çərşənbəsidir”.

Folklorşünas Əpoş Vəliyev su çərşənbəsinin adət-ənənələrindən danışaraq bildirdi ki, Su çərşənbəsi Boz ayın ilk həftəsinin çərşənbə axşamı günü qeyd edilir: “Su həyat mənbəyi, su yaşamın səbəbi, su təbiəti canlandıran vasitədir. Susuz həyat məhv olar. İnsan həm doğulanda, həm də dünyadan köçəndə su ilə yuyundurulur, təmizlənir, paklanır. Məişətdəki gündəlik bütün ehtiyaclar  su vasitəsilə həll edilir. Su aydınlıq rəmzi sayıldığı üçün xalqımızın qədim adət-ənənələrindən biri də gəlin köçən qızların və səfərə gedən insanların arxasınca su atmaqdır.  Elə buna görə də su müqəddəs sayılır. Su çərşənbəsinə bölgələrdə ”gözəl çərşənbə", “ilk çərşənbə”, “əzəl çərşənbə”, “gül çərşənbə”, “sular Novruzu” da deyirlər. Su çərşənbəsi Boz ayın ilk həftəsinin çərşənbə axşamı günü qeyd edilir. Su çərşənbəsində gün çıxmamış axar su kənarına getmək, su üstündən atlamaq xalqımızın qədim el adətlərindən və inanclarındandır. Kəndlərdə gənclər axar su kənarında bir-birini sulayaraq “sulaşma” mərasimini də icra edirlər. Onlar özləri ilə götürdükləri qabları su ilə doldurub, su kənarına yeni gələnlərin üzərinə ataraq “bayramınız mubarək” deyirlər. İslananlar bundan qətiyyən inciməz, cavabında “aydınlığa çıxasınız” deyərlər. Axar sudan su qablarına doldurub evə gətirərlər. Həmin sudan həyət bacaya, evin astanasına və künclərinə çiləyib “il boyu aydınlıq olsun” deyərlər. Xəstələrə, körpə uşaqlara həmin sudan içirdərlər. Çərşənbə suyundan həm də qorxanların başından bir az töküb qorxuluğunu alarlar".