| Xəbər 3209 dəfə oxunub
Çöllərin zərif qızı, güllərin dan ulduzu

Zəfəranın faydası XVI əsrdən elmə məlum olsa da, ondan uzun illər boyaq maddəsi kimi istifadə olunub. Bir qramı 100 litr suyu sarı rəngə boyayan zəfəran ABŞ, Meksika, Mərakeş, Hindistan, Çin, Türkiyə və digər ölkələrdə becərilsə də, onun ən keyfiyyətli növü ölkəmizdə bitir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onun Abşeron torpağında yetişməsi üçün münbit şərait var. Hazırda bitkidən təkcə boyaq maddəsi kimi deyil, daha çox müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.

Zəfəran göz xəstəliklərinin əvəzolunmaz dərmanıdır. O, görmə həssaslığını artırmaqla yanaşı, torlu qişadakı damarların azalmasına da təsir göstərir. Zəfəranın tərkibində olan aktiv maddələr görmə hüceyrələrinin ətrafında yağ turşuları yaradaraq görmə qabiliyyətinin zəifləməsinin qarşısını alır. Lakin hamiləlik dövründə olan qadınların və allergiyası olanların zəfərandan istifadə etməsi məsləhət görülmür.

Orqanizmdə xoşbəxtlik hormonunun ifrazını sürətləndirən zəfəran depressiyadan qurtulmaq və stressdən uzaqlaşmaq üçün də əvəzsiz vasitədir. Onun ağrıkəsici xüsusiyyəti də var.

 

Qaraciyər, öd kisəsi və mədə-bağırsaq xəstəliklərinin müalicəsində, o cümlədən kosmetologiyada zəfərandan geniş istifadə edilir.

Zəfəranı qiymətli edən onun dişicikləridir. Hər çiçəyin içərisində üç ədəd tünd narıncı, qırmızıya calan və narıncı rəngdə dişiciklər olur.