Aprelin 26-28-də Bakı 4-cü dəfə “Formula-1" yarışlarına ev sahibliyi edəcək. Artıq yarışa hazırlıq işlərinə başlanılıb və ”Formula-1" Azərbaycan Qran-Prisinin paddok ərazisində qızğın işlər gedir. Hazırda Hökumət Evinin qarşısında plana uyğun işlər aparılır, tikinti davam etdirilir. Pit binasının əsas quruluşu hazırdır, artıq binanın içərisində işlər görülür.
Yollarda isə təhlükəsizlik məqsədilə beton sədlər quraşdırılır. Bakı Şəhər Halqasından (BŞH) bildirilib ki, indiki mərhələdə Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulur. Şəhər sakinlərindən xahiş olunub ki, gecə saatlarında (22:00-06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.
Bildirilib ki, bütün işlər yarış həftəsinin əvvəlində tam yekunlaşacaq. Son işlər isə yarış həftəsinin ilk günlərində həyata keçiriləcək.
Azərbaycan Qran-Prisi də daxil olmaqla bütövlükdə 2019-cu il “Formula-1" dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və ”Formula One Management" (FOM) şirkəti tərəfindən kurasiya olunur.
Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi fevralın 28-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-in rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.
BŞH-in Marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai yerli media nümayəndələrini qeydiyyatdan keçməyə çağıraraq deyib: “”Formula-1" yarışlarında iştirak edən media nümayəndələri müəyyən rəsmi standartlara və kriteriyalara əməl etməlidirlər. Yalnız həmin göstəricilərə tam cavab verən jurnalistlər FIA və FOM-un təsdiqi ilə yarışa buraxılış vəsiqəsi əldə edəcəklər. Fürsətdən istifadə edərək yarışı işıqlandırmaq istəyən bütün jurnalistləri bu kriteriyalarla yaxından tanış olmağa və “Formula 1” Azərbaycan Qran-Prisinə gecikmədən qeydiyyatdan keçməyə çağırırıq".
Məlumat üçün qeyd edək ki, noyabr və dekabr aylarında biletlər 20 faiz endirimlə satılırdı. Nigar Arpadarai məsələ ilə bağlı söyləyib ki, indiki mərhələdə endirim kampaniyası olmasa da, satış çox uğurla gedir. Artıq 47 ölkədən biletlər alınıb. Ötən ilin statistikasına görə, biletlər son günə qədər 75 ölkədən alınmışdı.
Sırf yerli sakinlərə əlavə 25 faizlik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.
Onu da qeyd edək ki, artıq rəhbər marşallarla görüş də keçirilib. Bakı Şəhər Halqasından “Yeni Müsavat”a verilən məlumata görə, yüzə yaxın rəhbər marşalın iştirak etdiyi tədbirdə çıxış edən BŞH-in İdman Əməliyyatları şöbəsinin rəhbəri Çingiz Mehdiyev marşal olmaq istəyənlərin sayının hər il artdığını bildirib: “Son illər atdığımız uğurlu addımlar nəticəsində hər il marşallıq fəaliyyətinə qoşulmaq istəyənlərin sayı artmaqdadır. Ötən il marşal olmaq üçün 1603 müraciət qeydə alınmışdısa, artıq bu göstərici bu il 2445 olub. Bundan başqa, biz mövcud marşallarla daha səmərəli əlaqənin təmini üçün xüsusi təlim və kommunikasiya sistemi qurmuşuq. Bu sistem də öz növbəsində marşallarla birgə fəaliyyətimizin daha keyfiyyətli şəkildə təşkilinə xidmət etməkdədir”.