|
İlahiyyat İnstitutunun rektoru tələbələrlə görüşüb

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin yaz semestrinin başlanması münasibətilə tələbələrlə görüş təşkil olunub, həmçinin qış imtahan sessiyasında yüksək nəticələr göstərən tələbələr mükafatlandırılıb.

Aİİ-dən Trend-ə verilən məlumata görə, rektor Ceyhun Məmmədov tələbələri salamlayaraq, onlara yaz semestrində uğurlar arzulayıb. C.Məmmədov ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib. İnstitut rəhbəri Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri kimi dəyərləndirib. Aİİ-də dövlətin qayğı və təminatı ilə lazımi şəraitin yaradıldığını qeyd edən rektor tələbələri dərslərdə fəallıq göstərməyə, dil bilgilərinə yiyələnməyə, savadlı, intellektual gənclər olmağa səsləyib.

Aİİ-nin təlim-tərbiyə istiqamətində mütəmadi olaraq işlər gördüyünü nəzərə çatdıran rektor institutun qarşıda duran məqsədlərindən söz açaraq, gəncləri öz bilikləri, bacarıqları, əxlaqları ilə cəmiyyətdə nümunə olmağa çağırıb, həmçinin ölkənin ictimai-siyasi həyatında fəal olmağı tələbələrə tövsiyə edib.

İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımların atıldığını və bundan sonra da atılacağını bildirən rektor tələbələri dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb.

 

Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov çıxışında tələbələrə dərslərində müvəffəqiyyət arzulayıb, onları tədris prosesində fəal iştiraka dəvət edib. O bildirib ki, dövlət rəhbərliyinin qayğısı nəticəsində təsis edilən Azərbaycan İlahiyyat İnstitutu ölkədə sabitliyin, multikultural və tolerant dəyərlərin qorunmasına, dini tarazlığın təmin olunmasına öz töhfəsini verməyə çalışacaq.

Mirniyaz Mürsəlov daha sonra tələbələrə müraciət edərək bildirib: “Biz sizlərin istər maddi, istərsə də mənəvi problemlərinizi dinləməyə və bacardığımız qədər əlimizdən gələni etməyə hazırıq. İlk növbədə bunu bilin və unutmayın ki, sizlər bizim gələcəyimizsiniz. Təhsil çox vacibdir, tərbiyə isə daha vacibdir".

O qeyd edib ki, gənclərin üzərinə düşən vəzifə onlara yaradılan lazımi şəraitdən maksimum yararlanıb, göstərilən etimadı doğrultmaqdır.