|
Əli Həsənovdan müxalifət düşərgəsinə və Əli Kərimliyə faktlarla dolu cavab

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı böyük həcmli məqalə yazıb.

Məqalədə bildirilir ki, milli mənafelərə, ümumi və strateji maraqlara çox asanlıqla arxa çevirərək dövlətə və dövlətçiliyə qarşı opponentlik edən əsas siyasi qruplardan biri Əli Kərimli və onun çevrəsindəki şəxslərdir. Hazırda bu qrup milli dəyər, məfkurə və müqəddəratımıza zidd olan ritorikaları ilə Azərbaycanda böyük vüsətlə gerçəkləşən və son zamanlar daha da intensivləşən islahatlara hər addımbaşı kölgə salmaq yolunu tutublar. Prezident İlham Əliyev həyata keçirdiyi bir çox islahatların nəticəsi kimi son aylarda büdcəmizin artan imkanlarını sosial problemlərin həllinə yönəltdikdən, iqtisadi liberallaşmanı sürətləndirdikdən, siyasi plüralizmin genişlənməsi və bütövlükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul etdikdən sonra məlum xarici anti-Azərbaycan qüvvələr daha da fəallaşıblar. Bu qüvvələr xaricdəki anti-Azərbaycan şəbəkəsi və ölkəmizin daxilindəki “beşinci kolonu”, bir çox digər uzantılarını, o cümlədən Əli Kərimlini və onun qrupunu fəallaşdıraraq işə qoşubdur: “Əli Kərimlinin xaricdə mənzillənən internet resurslarından birinə müsahibə verərkən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi effektli siyasəti öz merkantil maraqları çərçivəsində şərh etməyə çalışması da həmin şəbəkənin fəaliyyətinin bir təzahürüdür... İrəli sürdüyü və heç bir arqumentə tab gətirməyəcək iddialarının əsasında dayanan motiv də aydındır. O, hər vəchlə hakimiyyət və onun həyata keçirdiyi siyasət barədə cəmiyyətdə formalaşmış müsbət rəyi qaralamağa çalışır.

Görünən reallıq odur ki, istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır".

“Azərbaycan dövləti Əli Kərimlisiz də bu problemi öyrənib təhlil edir və...”

Əli Həsənov məqalədə Əli Kərimlinin müsahibəsindəki bəzi suallara konkret faktlarla cavab verib: “Əli Kərimli müsahibəsində sual edir ki, hakimiyyətdə olduğu dövrdə İlham Əliyev Azərbaycan xalqı və dövləti üçün nə edib? Bu suala mən cavab verəcəyəm və həm də Əli Kərimli və ətrafı kimi subyektiv mülahizələrlə ictimai rəyi manipulyasiya etmək üçün deyil, real faktlarla danışacağam...

Prezident İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu hədəflərdən biri regionların inkişafını təmin etmək, əyalətlə paytaxt arasında sosial-iqtisadi və mədəni fərqləri azaltmaq idi. Baxın, keçən 15 ildə Azərbaycan regionları, sözün əsl mənasında, inkişaf edib, bölgələrdə müasir infrastruktur yaradılıb. Şəhərlərimizdə müasir mədəniyyət və gənclər mərkəzləri, məktəblər, muzey və parklar, 45 Olimpiya İdman Kompleksi, həm yerli, həm də xarici turistlərin axışdığı istirahət guşələri istifadəyə verilib. Bütün ölkə boyu daimi işıq, qaz, su problemi həll edilib, kommunal xidmət sahəsində narahatlıq doğuran bütün məsələlər əsasən aradan qaldırılıb.

Son 15 ildə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə artıb. Ölkənin valyuta ehtiyatları 24 dəfə çoxalıb və bu gün 45 milyard dollar təşkil edir. Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub və onun yarısı xarici investisiyadır. Ölkədə 2 milyon yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq həddi 50 faizdən 5 faizə düşüb, əhalinin sayı 1,6 milyon artıb. Bu dövr ərzində maaşlar 7, pensiyalar 9 dəfə yüksəlib. Biznes mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirilib, təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb.

Dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi, yolların ən müasir standartlara uyğun yenidən qurulması, 6 hava limanının tikintisi, Oğuzdan Bakıya içməli su çəkilişi və ölkə üzrə sistemli şəkildə su probleminin həlli, 31 yeni elektrik stansiyasının tikintisi və 2500 meqavatlıq yeni güc yaradılması, sənaye zonaları, aqroparklar, meliorasiya tədbirləri, kənd təsərrüfatının canlanması və sürətli inkişafı, sənaye zonalarının işə başlaması, Azərbaycanın 3 peykinin orbitə çıxarılması və onun kosmik dövlətə çevrilməsi, transmilli enerji və nəqliyyat layihələrinin reallaşması - Bakı- Tiflis - Ceyhan neft, Bakı - Tiflis - Ərzurum qaz layihələrinin işə düşməsi, 4 seqmentdən ibarət Cənub Qaz Dəhlizi layihəsinin faktiki reallaşması, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə mühüm işlərinə görülməsi, Azərbaycanın beynəlxalq nəqliyyat-tranzit xabına çevrilməsi və bu çərçivədə Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsi..."

Müəllif xatırladıb ki, 15 ildə Azərbaycanda 3200 yeni məktəb tikilib və ya əsaslı şəkildə təmir olunub. 640 tibb müəssisəsi tikilib və ya yenidən qurulub, vətəndaşlarımız pulsuz müayinə imkanlarından bəhrələnirlər: “Bu gün Əli Kərimli hansı bölgəyə üz tutsa, avtomobili hamar şoselərdə şütüyəcək, hakimiyyətdə olduğu zamanlarda elementar təmizliyə malik dövlət qonaq evi belə tapmırdısa, indi 4-5 ulduzlu hotellər arasında seçim etməli olacaq...

Azərbaycan dövləti bilir ki, bu gün 12 mindən artıq şəhidə 11 min kompensasiya vermək gücündədir və müvafiq addım atır. Amma Əli Kərimli əhalinin kredit borcları üzərində ucuz şou düzəldəndə heç hesablayıbmı ki, bəhs etdiyi 500 min insanın banklara ümumilikdə kredit borcu nə qədər edir və dövlət hazırda bu yükün altına girə bilərmi? Siyasətçi heç olmasa bir az realist olmağı bacarmalıdır və şəxsi mənfəəti naminə cəmiyyəti populist bəyanatlarla aldatmamalıdır. Ümumən bu rəqəm özü də mübahisəlidir və mütəxəssislər daha kiçik saydan bəhs edirlər. Amma bəri başdan onu da bildirim ki, Azərbaycan dövləti Əli Kərimlisiz də bu problemi öyrənib təhlil edir və əgər qarşıdan gələn dövrdə dövlətin maliyyə durumu buna imkan verəcəksə, kreditlərin məsələsi də nəzərdən keçiriləcək və müvafiq qərar qəbul olunacaq. Bir də ki, digər ölkələrin bu və ya digər addımlarından nümunə gətirənlər həmin addımların “seçki rüşvəti” sayıldığını niyə unudurlar? Axı biz, deyəsən, demokratiyadan danışırıq".

“Müxalifətin bütün kadr potensialı ASAN xidmətin bircə filialını idarə etməyə qadir deyil”

Məqalədə daha sonra bildirilir ki, Azərbaycan xalqı yaxşı başa düşür ki, müxalifətin bütün kadr potensialı ASAN xidmətin bircə filialını idarə etməyə qadir deyil: “ASAN xidmət ictimai xidmət sektorunda bir inqilabdır. Əli Kərimli Azərbaycana Suriyanın ”inqilab təcrübə"sini idxal etmək istəyir, Azərbaycan hakimiyyəti isə dünyaya ASAN xidmət inqilabının təcrübəsini yayır. Hakimiyyəti rüşvət və korrupsiyada ittiham etməyə aludə olan müxalifətin ölkəmizdə nümunəvi bir təsisatın yaranmasına qısqanc münasibəti başa düşüləndir. Axı cəmiyyət bu günə kimi Əli Kərimlinin təmsil olunduğu hakimiyyətin dövründə hökm sürən dərəbəylik, dövləti talanetmə, total korrupsiya və rüşvət faktlarını unutmayıb...

Prezident İlham Əliyevin cəmiyyətdə şəffaflığın təmin edilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı barışmaz mübarizə aparması Əli Kərimliyə və onun ətrafına sərf etmir. Onlar ittiham hədəflərini itirirlər, sözləri kəsərdən düşür və daha heç kimi aldada bilmirlər. Əlləri hər yerdən üzüləndə isə XXl əsrdə rasist təfəkkürünə pənah aparır, məsələn, iddia edirlər ki, ərəb turistlərin Azərbaycana gəlişi xalqımızı alçaldır. Niyə? 2018-ci ildə Azərbaycana 3 milyona yaxın turist gəlməsi, ümumilikdə 2 milyard dollardan artıq vəsait xərcləməsinin nəyi pisdir? Bütün xidmət sektorunun hərəkətə gəlməsi, əhalinin əlavə gəlir imkanlarının artmasının nəyi pisdir? Nə qədər Əli Kərimli və çevrəsinin xoşuna gəlməsə də, əlbəttə, bunda Formula l yarışlarının, l Avropa Oyunlarının, İslam Həmrəylik Oyunlarının böyük rolu olub. Nədənsə, bütün bu beynəlxalq miqyaslı tədbirlər Əli Kərimlinin və çevrəsinin xoşuna gəlmir. Niyəsi də məlumdur, çünki onların işinə, istək və arzularına yaramır. Axı bu feodal zehniyyətə Azərbaycana Avropa Oyunlarının deyil, “köhnə qitədən” bəlli çevrələrin inqilab ixracı, Suriyada, Liviyada və s. ölkələrdə olduğu kimi İslam dünyasından silahlı radikal dini qrupların gəlişi, Formula l avtomobilləri əvəzinə isə Bakının küçələrində tanklar və topların irəliləməsi daha uyğundur".

Müəllif həmçinin qeyd edib ki, cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçilməzdən əvvəl ölkədə bütün çadır şəhərciklərinin ləğv ediləcəyini, qaçqın və məcburi köçkünlərin fərdi mənzillərlə təmin olunacağını vəd etmişdi. O zaman Əli Kərimli və onun keçmiş hakimiyyətdəki “mehriban düşmənləri” bu vədlərin yerinə yetirilməsini mümkünsüz sayır, əleyhinə təbliğat aparır, məcburi köçkünlərə fərdi evlə təmin olunmalarını hətta xəyallarına belə gətirməməyi tövsiyə edirdilər: “Prezident İlham Əliyevin verdiyi vədin müqabilində keçən müddətdə məcburi köçkünlər üçün bütün infrastrukturla təmin olunmuş 100-dən artıq müasir qəsəbə salınıb, 55 min ailə, 300 mindən artıq insan rahat mənzillə təmin olunub, başqa sözlə, hətta xəyallarında belə iki daşı bir-birinin üstünə qoymağı bacarmayan müxalifətçilərin deyingənliyinə rəğmən, İlham Əliyev xalqa xidmət amalının misilsiz bir nümunəsini ortaya qoyub...

1997-2018-ci illər ərzində dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6654 mənzil təqdim edilib. O cümlədən 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil verilib. Bu il isə həmin kateqoriyaya daxil olan vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur;

1997-ci ildən etibarən müharibə əlillərinə avtomobillər bağışlanması ənənə halını alıb və bu günə kimi artıq onlara 6144 avtomobil verilib;

həmçinin cənab İlham Əliyevin 2018-ci ildə prezident seçildikdən sonra verdiyi ilk fərmanda şəhid ailələrinə 11 min manat kompensasiya ödənilməsinin əks olunması (12. 268 şəhidin vərəsələrini əhatə etməklə ümumilikdə 135 milyon manat vəsait ayrılması nəzərdə tutulur) faktdır".

Məqalədə vurğulanır ki, bu qəbildən olan faktları 19 yanvar mitinqinə bağlamaq üçün Əli Kərimlinin “zamana səyahət makinası” kəşf edərək aksiyasını özü ilə birgə keçmişə aparması da lazımdır. Ancaq heç bu da Əli Kərimliyə sərf etməz, ona görə ki, yaxın keçmişə qayıdanda da cənab İlham Əliyevi prezident seçildiyi ilk gündən xalqın arasında görmüş olacaq: “Cənab İlham Əliyev cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda dəfələrlə səfərdə olub, insanların güzəranı ilə maraqlanıb, problemlərinin həlli ilə bağlı anında tapşırıqlar verib. Lənkəranda bina çökəndə, Aranda Kür daşanda, Zaqatalada, Şamaxıda zəlzələ olanda xalq öz prezidentini onunla çiyin-çiyinə dayanmış görüb, əlini kürəyində hiss edib...”

Əli Həsənov jurnalistlərin mənzillə təmin olunması məsələsinə də məqalədə yer ayırıb: “Azərbaycan hakimiyyəti yüzlərlə jurnalisti mənzillə təmin etdi, siyasi dünyagörüşünə fərq qoymadan yüzlərlə qələm sahibini kirayələrdən, yataqxanalardan ayırıb Bakının ən prestijli ərazisində ev-eşik sahibinə çevirdi. Hətta vaxtilə öz nəzarətində olan qəzetlərdə çalışan mətbuat nümayəndələrinə də ”Allah xeyir versin" deməyə mənəvi gücü çatmayan Əli Kərimli iddia edir ki, guya dövlət bu yolla medianı satın alır. Yaxşı olmazmı ki, AXCP sədri ev müqabilində hansısa şərt qoyulub-qoyulmamasını jurnalistlərin özündən soruşsun, dövlətdən hər cür qayğı görən mətbuatın səsini dinləsin?!.”

Məqalənin sonunda qeyd olunur ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə tez-tez belə bir sual səslənir ki, Azərbaycan müxalifəti niyə belə zəif və perspektivsizdir? Əslində bunun səbəbkarı nə Əli Kərimlidir, nə də düşərgənin digər nümayəndələri. Çünki onlar Prezident İlham Əliyevin düşünülmüş, prinsipial milli siyasəti, dövlət başçısının müasir və qüdrətli Azərbaycan naminə açdığı yeni üfüqlər, vətəndaş təşəbbüskarlığına yaratdığı imkanlar qarşısında aciz vəziyyətdə qalmağa məhkumdurlar. Bu pozitiv reallıq hələ uzun illər Azərbaycan xalqına və dövlətinə xidmət edəcək. Heç bir qüvvə Azərbaycan xalqının milli iradəsini sarsıda, bu iradənin ifadəçisi olan Lideri yolundan döndərə bilməz.