|
Sahibkarlara divan tutan generala vəzifə verilməsinin pərdəarxası

Sabiq vergilər naziri Fazil Məmmədovun “sağ əli” - müşaviri olmuş vergi generalı Habil Məmmədov yenidən karyera yüksəlişi yaşamağa başlayıb.

Keçmiş nazirin dövründə adı müxtəlif qalmaqallarda, hətta ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki şəbəkə ilə hallanmış H.Məmmədov uzun aradan sonra Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

“Yeni Müsavat” xatırladır ki, H.Məmmədov bundan əvvəl Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb. Daha sonra yeni vergilər naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən kənarlaşdırılmışdı.

1995-ci ildən vergi orqanlarında çalışan və Vergi Auditi Departamentinin rəisi, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru və nazirin müşaviri kimi mühüm postlar tutan Habil Məmmədovun Fazil Məmmədovun ardınca dərhal işdən azad ediləcəyini gözləyənlər çox olsa da, o, Mikayıl Cabbarovun komandası ilə bir müddət işlədi.

Amma bəzi mətbu orqanlarda sözügedən vergi generalının adı Vergilər Nazirliyindəki neqativ hallarla əlaqədar çəkilirdi. Odur ki, yeni nazir onunla vidalaşdı.

H.Məmmədovun Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri təyin olunması müzakirələrə səbəb olub, ayrı-ayrı xəbər portalları təyinatla bağlı yazırlar.

Mediada gedən bəzi yazılarda onu vergi qanunvericiliyini yaxşı bilən, vergi sahəsində nəzəri və praktiki bilikləri geniş olan bir kadr kimi xarakterizə edirlər.

Lakin bu biliklərin vergi orqanlarının Azərbaycan sahibkarlığının inkişafına dəstək verməsinə sərf olunduğunu söyləmək mümkün deyil.

Məsələ burasındadır ki, H.Məmmədov vergi orqanlarında sahibkarlara “divan tutulması” prosesinin əsas təşkilatçılarından biri kimi təqdim edilirdi. Onun xüsusilə orta və iri sahibkarlardan qeyri-rəsmi ödəniş toplanması sxeminin yaradıcısı, icraçısı olduğu iddia olunur.

Ä°lgili resim

Deyilir ki, “tələ”yə düşən sahibkarlar oradan çıxmaq üçün iri məbləğdə pullar ödəməyə məcbur edilirdilər. Hətta H.Məmmədovun iş otağının adını sahibkarlar kinayə ilə “dinmə, ver” otağı qoyublarmış.

Bir müddət əvvəl yayılmış xəbərlərə görə, Habil Məmmədovun MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini olmuş Füzuli Əliyevlə sıx əlaqəsi varmış.

Elektron mediada yayılmış iddialara görə, F.Əliyevin H.Məmmədovla sıx əlaqədə olduğu günlərdə iri sahibkarlar MTN-ə çağırılıb, orada var-dövlətləri, milyonları əllərindən alınıb. H.Məmmədovun illər uzunu sahibkarlardan topladığı pullar hesabına böyük biznes qurduğu bildirilir.

Onun paytaxtın Nərimanov rayonunda yerləşən “Fosfor” hotelinin sahiblərindən biri, həm ölkə daxilində, həm xaricdə biznes qurumları, obyektləri və lyuks avtomobillər kolleksiyasına malik olduğu qeyd edilir.

Həmçinin Novxanıda, Bilgəhdə, Şüvəlanda və şəhərin bir neçə yerində villaları, çoxmərtəbəli binaların altında 5-10 min kvadrat metrlə ölçülən obyektlərinin olduğu da iddia edilir.

Bununla yanaşı, H.Məmmədovun Çexiyada da qiyməti bir neçə milyon dollarla ölçülən hotelə sahib olduğu söylənilir. Avtomobil kolleksiyasında “Brabus”, “Lexus”, “Mercedes” S class və digər markaların yer aldığı bildirilir.

Unikal.org yazmışdı ki, Fazil Məmmədovun dövründə H.Məmmədov hər ay 120 min manat paket şəklində pul alırmış. 

Bu proses 2015-ci ildə olan birinci devalvasiyaya qədər davam edib. Devalvasiyadan sonra isə müşavirin paket maaşı 70 minə qədər azaldılıb.

Yeni vergilər naziri Mikayıl Cabbarov bu məbləği ləğv edib və H.Məmmədovu tutduğu vəzifədən azad edib.

Yeri gəlmişkən, 2011-ci ildə mətbuat Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi işləyən H.Məmmədovun həbs olunması barədə məlumat yaymışdı.

Həmin vaxt Vergilər Nazirliyi Analitik İnformasiya Mərkəzindən H.Məmmədovun əmək məzuniyyətində olduğuna dair açıqlama verildi.

Ümumiyyətlə, “Yeni Müsavat” bir müddət əvvəl yazmışdı ki, nazirliyin Lokal Gəlirlər Departamenti orta və kiçik sahibkarlara divan tutan əsas qurum olub. Məhz həmin orqanın əməkdaşları iş adamlarını aylıq, illik “haqq”a oturdublar, dövlət büdcəsinə çatmalı olan pulları mənimsəyiblər.

Fakt isə ondan ibarətdir ki, bu qurumun rəhbər şəxsləri birbaşa Fazil Məmmədovun ən yaxın adamları olub. Şübhəsiz ki, buradakı proseslər nazirdən xəbərsiz həyata keçirilməyib.

Lakin reputasiyası bu qədər zədəli, barəsində inanılmaz ittihamlar və neqativ informasiyalar olan bir məmura təzədən etimad göstərilməsi maraq doğurur.

Bu baxımdan onun yeni vəzifəsində hansı missiyanı yerinə yetirəcəyi açıq suallar qoyur. Görünür ki, bu “bacarıqları” Əmanətlərin Sığortalanması Fondunun diqqətini çəkib.

Xatırladaq ki, prezident İlham Əliyev bu yaxınlarda keçirdiyi müşavirədə vergi orqanlarını ittiham edərkən onların əməllərini dövlətə, Vətənə xəyanət kimi qəbul etdiyini vurğulamışdı.