|
Moskvada Vaqif Mustafazadənin xatirəsinə həsr edilmiş konsert olacaq

Azərbaycanın böyük caz bəstəkarı və pianoçu Vaqif Mustafazadə sağ olsa idi, martın 16-da 79 yaşı tamam olacaqdı. AZƏRTAC xəbər verir ki, bu əlamətdar tarix ərəfəsində - martın 10-da Moskvadakı İqor Butman Klubunda Vaqif Mustafazadənin əsərlərindən ibarət konsert olacaq.

İqor Butman Klubundan bildiriblər ki, tədbirdə Vaqif Mustafazadənin dostları və həmkarları, onun musiqisinin pərəstişkarları və caz həvəskarları toplaşacaqlar. Gecədə çıxış edəcək musiqiçilər Vaqif Mustafazadə barəsində ürək sözlərini söyləyəcək, onun musiqisini ifa edəcək, son dərəcə lirik bir insan olan bu musiqiçinin onu tanıyanların həyatında qoyduğu iz barədə söhbət açacaqlar.

Mayestro İroq Butman xatirə gecəsinin xüsusi qonağı olacaq.

Klubunda deyiblər: “Vaqif Mustafazadə özünün bənzərsiz, virtuoz ifa texnikası, özünəməxsus harmonik dili ilə dinləyicilərin qəlbini fəth edirdi. O, ilk dəfə olaraq caz musiqisində Azərbaycan koloritindən, muğamlardan istifadə edib və caz-muğam janrının əsasını qoyub”